Acizliklərin və xəstəliklərin yaradılması Allahın sonsuz mərhəmətindəndir
Cahiliyyə əxlaqını yaşayan insanlar başlarına gələn hər sıxıntını, çətinliyi, ya da xəstəliyi fəlakət kimi dəyərləndirirlər. Bu sıxıntıların həyatlarını alt-üst etdiyini düşünürlər. Çünki bu insanlar həmişə gələcəyə aid planlar qurur və həyatlarının da öz planladıqları şəkildə davam edəcəyini gözləyirlər. Onların planlarında qəfil xəstəlik, yaxud da qəzaya yer yoxdur. Hətta bir çoxu sağlamkən hər gün minlərlə insanın başına gələn hadisələrlə özlərinin də qarşılaşacağını düşünmür. Buna görə də Quran əxlaqından uzaq yaşayan insanlar belə vəziyyət yarandıqda dərhal ümidsizliyə qapılırlar. Niyə başlarına belə hadisənin gəldiyini sorğulayan bir üslubla qədərə üsyan edirlər.
Qədəri dərk etməyən bu insanlar keçirdikləri bir xəstəliyin səbəbi kimi ancaq virusu, ya da mikrobları görürlər. Yol qəzası keçirsələr, maşını sürən, qəzanı törədən şəxsi təqsirləndirəcəklər. Halbuki həqiqət belə deyil. Xəstəliyə səbəb olan hansısa mikroorqanizm, ya da insana zərər verən hansısa bir şey, hər insan Allahın səbəb kimi yaratdığı varlıqlardır. Bu varlıqların hamısı sadəcə və sadəcə Allahın nəzarəti ilə hərəkət edir. Əgər bir virusa görə insan ağır xəstəliyə düçar olsa, bu Allahın bilgisi daxilindədir. Əgər maşın bir insanı vurub onu şikəst edirsə, bu da Allahın yaratdığı qədərdən asılı hadisədir. İnsan nə etsə də, bunları dəyişdirə bilməz, qədərindən tək bir anı belə çıxara bilməz. Çünki qədər bütün şəkildə yaradılıb. Sonsuz qüdrət sahibi Allaha təslim olan, Onun sonsuz ağlına və rəhmətinə güvənən insan üçün xəstəlik də, qəza da, müsibət də sonu xeyirlə bitən müvəqqəti imtahanlardır.
Ən əhəmiyyətlisi isə Allaha iman gətirən, Onun yaratdığı qədərə təslim olan insanların bu cür çətinlik və xəstəlik anlarında göstərdikləri gözəl əxlaqdır. Xəstəlik və sıxıntılar möminlərin səbirlərinə və əxlaqlarına şahid olacaqları, Allaha yaxınlaşacaqları böyük fürsətdir. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz xəstəlikləri, sıxıntıları və çətinlikləri insanları sınamaq üçün yaradır, bunlarla iman gətirən qullarının xeyrini istəyir. Allah Quranda çətinliklər qarşısında göstəriləcək səbrin əhəmiyyətindən bəhs edərkən xəstəliyi də vurğulayır:
…Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)Ayədə xəstəlik dövrünün də qeyd edilməsi düşündürücüdür. Fiziki narahatlıqla qarşılaşan insanın gözəl əxlaq göstərmək üçün bütün bunların imtahan olduğunu, xəstəliyi və şəfanı yaradanın da sadəcə Allah olduğunu düşünməlidir. İnsan xəstəlikdəki, keçirdiyi qəzadakı hikmətləri düşünsə, bunları o anda görməsə belə, qarşılaşdığı çətinlikdən çox qazanclı çıxar. Dünyada müvəqqəti sıxıntı yaşayar, ancaq Allahın izni ilə axirətdə Rəbbimizə səmimi təslim olmağın sonsuz gözəlliyi ilə mükafatlandırılar. Ancaq unutmaq olmaz ki, bu həqiqəti qəlbən anlaya bilmək və belə hadisə ilə qarşılaşdıqda gözəl əxlaq göstərmək çox əhəmiyyətlidir. Bunun üçün də insan bütün xəstəliklərin müəyyən hikmətlə yaradıldığını ağlından çıxarmamalıdır. Allah diləsə, insan heç vaxt xəstə olmaz, ağrımaz. Amma əgər belə çətinliklə qarşılaşırsa, bilməlidir ki, bu çətinliyi yaşamasının, həm dünyanın keçiciliyini, həm də Allahın sonsuz gücünü dərk etməsi baxımından bir çox hikməti var.
Xəstəlik zamanı insanın o günə qədər sağlam olan bədəni, gözlə belə görə bilmədiyi viruslara və mikroblara qarşı məğlub olur. Bildiyimiz kimi bir çox xəstəlik halsızlıq, müxtəlif nahiyyələrdəki ağrı ilə özünü biruzə verir. Hətta bəzi xəstəlik növlərində insan yataqdan da qalxa bilməyəcək qədər yorğun olur, ya da şiddətli ağrıları olur. Mikroskopik bir virusun öz bədəni üzərində yaratdığı bu zəifliyə mane ola bilməyən insan belə anlarda acizliyini və Allaha nə qədər möhtac olduğunu daha yaxşı dərk edir. Beləcə sağlam olduqda təkəbbürlənən insan lazımınca düşünmədiyi bu gerçəyi daha yaxşı anlayır. Hər şeyin Yaradıcısı olan, sonsuz mərhəmət sahibi Rəbbimizin qüdrətini daha yaxşı təqdir edə bilir.
Düşünülməyən mövzulardan biri də sağlamlığın necə böyük nemət olduğudur. Uzun müddət xəstə olmayan, ağrı-acı hiss etməyən insan bu vəziyyətə alışır. Ancaq xəstə olduqda sağlamlığın dəyəri bilinir. İnsanların bir qismi ciddi xəstəliyə tutulduqda, yaxud da bədəninin hansısa üzvünü itirdikdə bunu fəlakət hesab edir. Halbuki bəlkə də xəstəlik onun axirətdə xilas olması və sadəcə Allaha yönəlməsi üçün səbəb kimi yaradılıb. Çünki ciddi xəstəliyə düçar olan insanın şüuru da çox açılır. Bu vəziyyət qəflətdən çıxaraq həyatın mənasını və axirət gerçəyini daha çox düşünməsinə səbəb olur. Bu insan dünyaya bağlılığın mənasızlığını və ölümün bir nəfəs qədər yaxın olduğunu dərk edir. Bütün həyatını qəflət içində keçirəcəyi halda, qəflətən gələn xəstəlik səbəbindən bəlkə də axirətini və Allahın razılığını qazanmağın əhəmiyyətini anlayıb sonsuz həyatını xilas edə bilər. Bu cəhətdən düşünüldükdə xəstəliyin mömin üçün necə böyük xeyrə çevrildiyini, Rəbbimizin xəstəlik yaradaraq insanlara böyük lütf etdiyini daha yaxşı anlamaq olur.
Ağır xəstəliyin fəsadları artdıqca insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və belə vəziyyətdə səmimiyyətlə dua edərək Allahdan sağlamlıq istəyir. Həyatı boyu dua etməmiş bir insan da belə amansız xəstəlik qarşısında Allaha yalvarmaq ehtiyacı duyur. Rəbbimizə qarşı çox səmimi dua edir, bu səbəbdən də Allaha yaxınlığı artır. Əgər bu insan sağaldıqda da eyni səmimiyyətlə duaya davam etsə, sağlamlığına qovuşduğu üçün nankorluq etməsə, tutulduğu xəstəlik onun üçün böyük xeyrə, ixlaslı yaşamağına vəsilə olacaq. Başına gələn hər hadisədə Allaha yönələn insan üçün bu çox böyük rəhmətdir, Allahdan ona qarşı böyük lütfdür. Allah Quranda belə çətinlik anlarında Özünə yönələn insanlardan xəbər verib. “Yunus” surəsində belə buyurulur:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus surəsi, 12)Ayədə də bildirildiyi kimi, insanın sadəcə çətinlik zamanı dua etməsi kifayət deyil. İnsan Allaha qarşı acizliyini anladıqda dua etdiyi kimi özünə nemət verildikdə də Allaha sığınmalıdır. Bəlkə də bir xəstəlik və sıxıntı buna məruz qalan insanın acizliyini anlayaraq tövbə etməsinə və qalan ömrünü təslimiyyətlə keçirməsinə səbəb olacaq. Beləcə Rəhman və Rəhim olan Rəbbimizin mərhəməti sayəsində xəstəlik insanın axirətinə, sonsuz nemətlərlə mükafatlandırılmasına səbəb olacaq. Allah Quranda sıxıntı ilə üzləşən hz. Əyyubu insanlara nümunə göstərir. Daima Allaha yönəlib dönən, çox səbirli mömin olan hz. Əyyuba Allah rəhmətinin təzahürü olaraq yollar göstərib, yardım edib, nemətlər bəxş edib, ondan razı olub:
Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”(Biz ona dedik): “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!” Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini (yenidən) və üstəlik bir o qədər də bəxş etdik. (Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı. (Sad surəsi, 41-44)