Allahın dua edənlərin duasını qəbul etməsi möminlər üçün çox böyük lütfdür

Dua Rəbbimizin Rəhman və Rəhim isimlərinin çox üstün təzahürü, möminlərə çox böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Tək dost və vəli olaraq Ona təslim olduğunu, yalnız Ondan mədət umub Ondan kömək istədiyini bilir. Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilib. İnsanlar hər an Allaha yönələ bilər, lakin xurafatçılar zamanla, araya vasitəçi qoymaqla bunu çətinləşdirirlər. Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir:

Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (Zumər surəsi, 3)
Allaha dua etmək üçün müxtəlif vasitələrə ehtiyac olduğunu deyən insanlar əslində dini çətin göstərərək insanları doğru yoldan azdırır. Çünki “İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq”(Qaf surəsi, 16)ayəsində bildirdiyi kimi, insanlara ən yaxın olan həmişə Allahdır. Yəni insan nə zaman istəsə, Allaha yönələ bilər, dua ilə yardım istəyər. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz səmimi qəlblə dua edən qullarının duasını qəbul edəndir. İnsan Allahın varlığını və yaxınlığını hiss edərək dua etməlidir. Çünki ancaq Allahın varlığının şüurunda olan insan duanın nə demək olduğunu və əhəmiyyətini qavrayır.

Duanın özəlliyi Allah ilə qulu arasında xüsusi və səmimi əlaqənin qurulmasıdır. İnsan bütün sıxıntılarını və istəklərini Allaha deyir, Ona yalvarır və Allah qulunun istəyinə cavab verir, duasını qarşılıqsız buraxmır. Dua etmək üçün xüsusi zamanları gözləməsinə, xüsusi forma yaratmasına ehtiyac yoxdur. İnsan bir yerdən başqa yerə gedərkən, pilləkənlərdən enərkən, alış-veriş edərkən, yemək hazırlayarkən, televizor izləyərkən, liftdə olarkən, birini gözləyərkən, gecə yatağında olarkən, səhər oyanarkən, qəlyənaltı zamanı, maşın sürərkən, qısası, hər yerdə və həmişə Allaha dua edərək Allaha istəklərini bildirə bilər. Bunun üçün ağlından keçirməsi kifayətdir, çünki Allah insanın qəlbində gizlətdiklərini bilən, hər şeydən xəbərdar olandır. Mömin Allahın onu gördüyünü, düşüncələrini bildiyinin şüurunda olaraq dua edir. Bu səbəbdən mömin içindən keçirdiyi bir anlıq düşüncədən belə Rəbbimizin xəbərdar olduğunu bilərək bu önəmli ibadəti yer, zaman fərqi qoymadan istədiyi kimi edir. Belə əhəmiyyətli ibadətdə Allahın asanlıq yaratması mömin üçün lütfdür.

Dua deyildikdə ağlımıza insanın Allahı zikr etməsi, Allaha qüsurlarını etiraf etməsi, özü və möminlər üçün ehtiyacı olan şeyləri istəməsi, dilə gətirməsi gəlir. Bunun üçün duada Allaha qarşı səmimi üslub olmalıdır.

Allahın əzəmətini hiss edən, Onun əzabından qorxan və razılığını qazanmağı istəyən insan qəlbindən gələn səmimi və dürüst ifadələrlə Ona yönəlir. Eyni şəkildə Allaha təslim olan, dost və köməkçi kimi Onu qəbul edən insan hər cür sıxıntısını və dərdini Ona deyir.“O dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm…” (Yusif surəsi, 86) deyən hz.Yaqub kimi ruhundakı bütün sıxıntılarını və tələblərini Ona söyləyir, hər cür yardım və xeyri Ondan istəyir. Dua edərkən əsas olan qulun o ankı ruh halı, içindəki niyyəti, səmimiyyətidir.

Dua mömin üçün çox böyük nemətdir. Mömin etdiyi hər işdə Allaha yönəlir. Yalvara-yalvara dua edir. Ən çətin şərtlərdə belə imanlı insan əsla ümidsizliyə qapılmadan Allahdan güc, qüvvət və səbir diləyir. Allahın hər zaman hər şeyin ən xeyirlisini yaratdığını bilərək ümid və qorxu ilə yalnız Allaha yalvarır. Allahdan istədiyi hər şeyin ən xeyirli şəkildə nəticələnəcəyini bilir. Bütün güc Allahın əlindədir. Bir şeyin olub-olmaması yalnız Allahın diləməsinə bağlıdır. Mömin bunu bilərək Rəbbimizə dua etdiyi təqdirdə Allah o insanın duasına onun üçün ən xeyirli və ən gözəli ilə cavab verir. Rəhman və Rəhim olan Allah ehtiyac içində olan insanların daim Ona yönəldikləri təqdirdə işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)
Allahın qullarına verdiyi bu qədər çox fürsət heç şübhəsiz sonsuz rəhmətinin təzahürüdür. Allah Quranda insanlara yaxınlığını, Özünə yönələnlərin vəlisi olacağını və dua edənin duasına şübhəsiz cavab verəcəyini bir çox ayəsi ilə xəbər verir. Qullarına şah damarından belə daha yaxın olan Allah bütün insanları Özünə dua etməyə çağırır. Dua ilə Allahdan kömək istəmək Allahın lütfü və insanlara verdiyi çox böyük nemətdir. Quranda belə bildirilir:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər. Gecəni rahatlanmanız üçün yaradan, gündüzü (ruzi qazanmanız üçün) işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir.
(Ğafir surəsi, 60-61)
Möminlər Allahın bu rəhməti və neməti üzərində bir daha düşünərək Onun razılığına uyğun yaşamalıdırlar. Hər şeyin Hakimi, sahibi olan tək güc sahibi Allah insanlara istədikləri hər şeyi verəcəyini vəd edir. Bu Allahın insanlara verdiyi asanlıq və hüdudsuz imkandır. Allah əsla vədindən dönməz. Ayələrdə Rəbbimizin peyğəmbərlərin və saleh möminlərin dualarına icabət etdiyi bildirilir. Hz. Zəkəriyyə üçün ayələrdə belə bildirilir:
Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik! Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan! Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq doğmağa) qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər. (Ənbiya surəsi, 88-90)
İnsanlar heç gözləmədikləri bir fəlakətlə qarşılaşdıqda, amansız xəstəliyə tutulduqda, imtahan zamanı, qısası çarəsiz qaldıqlarını hiss etdikləri çətinlik anında ağıllarına ilk gələn Allaha sığınmaqdır. Çünki qarşılaşdıqları böyük fəlakətdirsə, yardımın ancaq Allahdan gələ biləcəyinin fərqindədirlər... Əllərindəki bütün imkanlarını səfərbər etsələr də, çarələri qalmamışdır. Allahdan kömək diləməkdən başqa edəcəkləri bir şey olmadığını bilirlər. Belə anlarda insanlar Allaha tam səmimi yönəlirlər. Ancaq problemləri həll olunan kimi insanların çoxu sanki Allaha heç yalvarmamış kimi keçmiş hallarına qayıdırlar. Allahın köməyinə möhtac deyilmiş kimi üsyankarlıq edir, heç ölməyəcəkmiş kimi mənasız həyat yaşayırlar. Halbuki başlarına yenə fəlakət gəlsə, yenə Allaha sığınacaqlar. Belə nankor, üsyankar olmalarının səbəbi isə həmin an sıxıntıdan, çətinlikdən uzaq olmalarıdır. Vəziyyətin düzəlməsinə aldanaraq əvvəlki acizliklərini unudurlar. Ancaq sonsuz ədalətli olan Allah nankorluqlarının qarşılığını mütləq verəcək. Rəbbimiz ayədə belə bildirir:
De: Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də (əzab sizi) rahat buraxmayacaqdır!
(Furqan surəsi, 77)
Şübhəsiz dua heç bir ayrı-seçkilik olmadan insanların hamısına verilmiş fürsət, çox böyük nemətdir. Ancaq inkarçıların qüruru onları Allaha qarşı üsyana sürükləyir, dua nemətindən məhrum qoyur. Sıxıntı çəkərək, çarəsiz və ümidlərini itirmiş şəkildə yaşayırlar. Allahın rəhmətindən uzaq yaşayan belə insanların sıxıntılı həyatı onların Allaha qarşı böyüklənmələrinin nəticəsidir. Ancaq bu böyüklənmələrinin əsl qarşılığını axirətdə alacaqlar. Dünyada Allahdan kömək istəməyərək özlərinə zülm etdikləri kimi, axirətdə də özləri üçün pis son hazırlamış olurlar. Allah ayədə belə bildirir:
Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər.
(Ğafir surəsi, 60)
Halbuki möminlər Allahın rəhmətinə qovuşmuş olaraq etdikləri və qarşılaşdıqları hər işdə Allahın rəhmətini ümid edərək ən böyük nemətlərdən birinə sahib olurlar. Onlar Allah qarşısında aciz olduqlarını bilirlər. Allahdan gələn hər şeyin xeyirlə yaradıldığına iman gətirirlər. Yaradılan hər şeyin Allaha möhtac olduğuna, hər şeyin məlumatının Onun qatında olduğuna və Onun izni olmadan heç bir şeyin və heç kimin müstəqil gücü olmadığına yəqinliklə inanırlar. Məhz buna görə acizliklərini və təslimiyyətlərini bildirmək üçün hər an Allaha yönələrək dua ilə kömək diləyirlər. Allahın öz çağırışlarına xeyir gördüyü təqdirdə mütləq cavab verəcəyini, könüldən istədikləri və ya yalnız ürəklərindən keçirdikləri istəklərini onlara nəsib edəcəyini və onları daim qoruyacağını bilirlər. Bu səbəbdən də bu böyük nemət sayəsində dünyada və axirətdə Allahın rəhmətini qazanan mömin olurlar.

Hər işlərində Allaha yönəlməyin və nəticəsini Allahdan ümid etməyin rahatlığını yaşayan möminlər dünya həyatı boyu inkarçıların ümidsizliyə düşdüyü vəziyyətlərdə belə ümidlərini itirmir, nikbin olurlar. Çünki Allaha sığınmağın verdiyi rahatlığı, xoşbəxtliyi başqa heç bir yolla əldə etməyin mümkün olmadığını bilirlər. Bu da dünya həyatı boyu onları həmişə Allaha yaxınlaşdıran ən böyük nemətlərdən biridir. Onlar dua etdikdə, Rəbbimizə səmimi üz tutduqda və çətinlikə qarşılaşdıqda həmişə Allahla birlikdə olduqlarını bilirlər. Rəbbimizin onları eşitdiyini, Özünə şirk qoşmadan yönələnlər üçün əbədi və bənzərsiz Cənnəti hazırladığına şübhəsiz inanırlar. Bədiüzzaman möminlərin dua edərək Allaha göstərdikləri dərin təslimiyyəti və Allaha yönəldikləri üçün yaşadıqları mənəvi rahatlığı belə təsvir edir:

"Duanın ən gözəl, ən lətif, ən ləziz, ən hazır meyvəsi, nəticəsi budur ki: Dua edən adam bilir ki, biri var ki, onun səsini dinləyir, dərdinə dərman verir, ona mərhəmət edir, Onun Qüdrət Əli hər şeyə yetişir. Bu böyük dünya xanədanında o tək deyil, bir Kərim Zat var, ona baxır, ünsiyyət edir. Həm onun hədsiz ehtiyacatını yerinə yetirən və onun hədsiz düşmənlərini uzaqlaşdıran bir Zatın hüzurunda özünü təsəvvür edərək rahatlayar, inşirah hiss edib, dünya qədər ağır bir yükü üzərindən atıb Əlhamdülillahi Rəbbil-aləmin deyər”. (Məktubat, s. 291)