Allahın əmr və tövsiyyələrinin asan olması möminlər üçün rəhmətdir
Allah Quranda bildirdiyi hökmləri hər şərtdə və mühitdə, hər insanın rahat tətbiq edəcəyi şəkildə asanlaşdırıb. Məsələn, Allah ruzi olaraq insanlara bir çox nemət verib. Rəngarəng meyvələr, çeşid-çeşid yeməklər, tərəvəzlər, ət çeşidləri, içkilər… Bunların hər biri insanlara nemət kimi təqdim edilib. Allah “Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər… sizə halal edildi…”(Maidə surəsi, 4)ayəsi ilə insanlara bütün təmiz yeməklərin halal edildiyini bildirir. Allahın insanlara haram buyurduğu yeməklər isə ölü əti, qan, donuz əti kimi onsuz da insanlar üçün təmiz olmayan və zərərli qidalardır. Allah bir ayədə belə buyurur:
De: Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ənam surəsi, 145)Ayədə haram qidalar üçün istifadə edilən “murdar” kəlməsinin bir çox hikməti var. Çünki donuz ətinin tərkibindəki maddələr həqiqətən də insan orqanizmi üçün təhlükəlidir. Belə qidaların haram buyurulması insan üçün rahatlıq və Allahdan gələn rəhmətdir əslində. İnsan sadəcə Allahın əmrinə tabe olmaqla məsuldur. Allah insanlara qidalanma barədə çətinlik yaşasalar, necə davranacaqlarını bildirərək necə mərhəmətli olduğunu bir daha göstərmiş olur. Ayələr belədir:
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs (harama) meyil etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona)(günah gəlməz). Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir! (Nəhl surəsi, 114-115)Bu ayənin ardınca Allahın bağışlayan və mərhəmətli olmasının xatırladılması da möminlər üçün rahatlıq və müjdədir. Çünki insan zəif yaradılıb. Unudur, səhv edir, iradəsiz davranır. Ancaq Allah insana səmimi şəkildə tövbə etsə, onu bağışlayacağını bildirir. Allah hər gün vaxtlı-vaxtında namaz ibadətini yerinə yetirən möminə də asanlıq yaradıb. Məsələn dəstəmaz üçün su olmayanda Allah “təyəmmüm etməyi” yol olaraq göstərib ki, təyəmmüm hər vəziyyətdə asanlıqla edilə bilir. Allah su tapmayanların necə təyəmmüm edəcəyini ayədə belə bildirir:
… (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. (Maidə surəsi, 6)Allah Quranda bildirilən hər mövzuda insanlar üçün asanlıq yaradıb. Allah sonsuz rəhməti və mərhəməti ilə insanlar üçün ən asan ibadətləri və həyat tərzini yaşamağı buyurub və bunlara tətbiq edənləri isə razılığı, rəhməti və cənnəti ilə müjdələyib.
Allah müsəlmanlara Ramazan ayında oruc tutmağı əmr edib. Ancaq istisna halları, yəni xəstəlik, səfər zamanlarını da açıqlayaraq insanlar üçün asanlıq dilədiyini də bildirir:
İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)Allahın ayələrdə insanlar üçün asanlıq dilədiyini bildirməsi dinin asan olduğunun düşünülərək dərk ediləcəyini də göstərir. Çətinlik çəkəcəyini zənn edərək ibadətlərini yerinə yetirməkdən üz çevirənlər böyük xəta edir və dini yanlış bilirlər.
Belə ki, Rəbbimiz “…Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir” ayəsi ilə bu gerçəyi insanlara bildirir.
Allahın mərhəmətinin başqa təzahürü isə gücü çatmayanlara digər insanlara yüklənilən bəzi öhdəliklərin yüklənilməməsidir. Fiziki cəhətdən qüsurlu insanlara ibadətlərində asanlıq yaradılması Rəbbimizin şəfqətinin sübutudur.
Allah bunu bir ayəsində belə bildirir:
(Döyüşə getməməkdə) kora günah yoxdur, çolağa günah yoxdur, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun Elçisinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər. (Fəth surəsi, 17)Quranda bildirildiyi kimi Rəhman və Rəhim olan Allah dinini çox asan yaradıb. İslam dini hər zaman üçün və hər mövzuda asanlıq dinidir. İnsan səmimi, şükür edən qul olmağa niyyət etdikdə din əxlaqını yaşamaq barədə heç bir çətinliklə qarşılaşmaz.