Allahın inananlara vədi və köməyi

Quranın “… ancaq insanların çoxu iman gətirməz”(Rad surəsi, 1)ayəsində bildirdiyi kimi, insanların əksəriyyəti din əxlaqından uzaqdır. Buna görə də bəzi ağılsız və bəsirəti bağlı insanlar Allahın varlığını inkar etmələrinə baxmayaraq, özlərini doğru yolda zənn edir. Sahib olduqları maddi gücün və saylarının çox olması onları arxayın edir. Hadisələri həmişə zahirdən qiymətləndirən bu tip insanlar özlərinin üstün olduğuna əminliklə inanaraq hərəkət edirlər. Ancaq şüurunda olmadıqları çox böyük gerçək var, o da Allahın möminlərə olan vədi və dəstəyidir.

…Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir. (Nisa surəsi, 141)
Allah yuxarıdakı ayəsində də bildirdiyi kimi, hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstəkləyir. “İnşirah” surəsində müsəlman üçün hər çətinliklə bərabər asanlıq olduğu xəbər verilir. Xəstəliyi yaradan Allahın şəfanı da yaratması kimi, hər çətinlik özü ilə bərabər asanlıq gətirir. Bu həqiqət belə xəbər verilmişdir:
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 5-6)
Allahın bu dəstəyinin və köməyinin yalnız möminlər fərqindədir. Onlar həyatları boyunca nə ilə qarşılaşırlar-qarşılaşsınlar, Allahın daim inananların vəlisi və köməkçisi olduğunu bilmənin gətirdiyi güvən və dinclik duyğusu ilə hərəkət edirlər. Allah qullarına belə vəd etmişdir:
Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər! (Nisa surəsi, 45)
İnkarçıların və münafiqlərin isə bir çox qorxusu var. Allaha iman etmədikləri, Ona şərik qoşduqları, hər hadisəni və varlığı başıboş zənn etdikləri üçün daima qorxu və narahatlıq içində yaşayırlar. Bax bu Allahın möminlərə qarşı mübarizə aparanların ürəklərinə saldığı qorxudur:
O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. (deyə) vəhy etmişdi…"
(Ənfal surəsi, 12)
Allah insanın bütün həyatı boyu ona kömək edir. Tarix boyu Allah inananlara müxtəlif yollarla yardım edib. Bəzən peyğəmbərlərinə möcüzələr verib, bəzən müsəlmanları görünməyən ordular və mələklərlə, qoruyucularla, hətta təbiət hadisələri ilə dəstəkləyib, bəzən isə reallaşması mümkün olmayan hadisələri reallaşdırıb. Allah “Fəth” surəsində belə bildirir:
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir.
(Fəth surəsi, 4)
Göylərin və yerin orduları Allahındır. Allah Qüdrətlidir, Müdrikdir. (Fəth surəsi, 7)
Ayələrdən gördüyümüz kimi, göylərin və yerin ordularının sahibi olan Rəbbimizin möminlərə dəstəyi çox böyükdür. Quranda Allahın dəstəyi belə xəbər verilir:
Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür. (Saffat surəsi, 172-173)
Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Ğafir surəsi, 51)
Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. (Muhamməd surəsi, 7)
Bu ona görədir ki, Allah möminlərin Himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur. (Muhamməd surəsi, 11)
O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər. Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz. (Ali İmran surəsi, 122-123)
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! (Ali İmran surəsi, 160)
Xeyr! Allah sizin Himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır. (Ali İmran surəsi, 150)
…bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir. (Budur) Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti (bunu) bilmir. (Rum surəsi, 4-6)
Bütün insanlar dünya həyatında Allaha və axirət gününə olan inancları ilə sınanır. Allahın yaratdığı bu imtahanın gərəyi olaraq kənardan baxanda pislik edənlər də, yaxşı olanlar da eyni şərtlərdə yaşayır kimi görünürlər. Halbuki Allaha iman gətirənlərin yaşadığı həyat dini inkar edənlərdən çox fərqlidir.

Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi Allah iman gətirən qullarına daim asanlıq yaradır, çətin vəziyyətlərdə belə mütləq çıxış yolu göstərir. Bu, Allahın açıq yardımıdır. Ancaq Quranda Allahın qullarına gözləmədikləri yollarla kömək edəcəyi, onlara dəstək və asanlıq yaradacağı da xəbər verilib.

Allah “Əhzab” surəsinin 9-cu ayəsində bu köməyi "külək və sizin görmədiyiniz qoşunlar" şəklində təsvir etmişdir. Bir başqa ayədə isə Rəbbimiz insanlara "qoruyucular" (Ənam surəsi, 61) göndərdiyini bildirmişdir. Allahın Quranda bildirdiyi bu yardımların bəziləri belədir:

Allah möminlərə mələklərlə yardım göndərir

Allahın köməyi möminlərə müxtəlif şəkillərdə təzahür edir. Bunlardan biri mələklərin çətin zamanlarda möminlərin köməyinə göndərilməsidir. Allah Quranda Peyğəmbərimiz (səv) dövründə yaşanmış bir hadisəni nümunə verərək belə bildirir:
O vaxt sən möminlərə demişdin: Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi? Əlbəttə, siz səbir etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır. (Ali İmran surəsi, 124-126)
Allah başqa ayəsində isə möminlərə görünməyən ordularla yardım etdiyini bildirir:
Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, (düşmən) ordusu sizin üstünüzə (hücuma) keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür. (Əhzab surəsi, 9)
Allahın Quranda möminlərin daim qalib gələcəklərini bildirməsi, möminlər üçün ən böyük nemətlərdəndir və çox şövqləndirici vəddir. Möminlər şüurundadır ki, hər kömək Allahdandır və şübhəsiz bütün gücün sahibi Allahdır. Əsl zəfər və kömək əslində Allaha aiddir. Mələklərin köməyi isə Allahın möminlərə bu şəkildə təzahürüdür. Çünki Rəbbimiz ayələrində bu həqiqəti belə bildirib:
O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm – deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.(Ənfal surəsi, 9-10)
Allahın dilədiyi quluna dilədiyi şəkildə kömək edəcəyini bilən möminlərin ən çətin anlarda belə içlərində güvən və dinclik hissi olur. Bu ruh halı içində mənəvi cəhətdən çox gözəl həyat yaşayırlar.

Allah möminləri düşmənlərinə olduqlarından artıq sayda göstərir

Möminlər Allahın verdiyi ağıl, fərasət, bəsirət, gözəl əxlaq kimi nemətlərlə daim inkarçı insanlara qarşı müvəffəqiyyət əldə ediblər. Həmçinin Allah bəzən möminləri inkarçıların gözündə sayca və qüvvətcə də çox göstərdiyini və bunun onların qorxmasına və geri çəkilməsinə səbəb olduğunu xəbər verib. Allah ayələrində Əsri Səadət dövründə reallaşan bir hadisəni belə bildirir:
O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. (Bütün) işlər Allaha qayıdır. Ey iman gətirənlər! (Kafir) bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız. (Ənfal surəsi, 44-45)
İnkarçıların möminləri çox görməsi Allahın möcüzələrindəndir. Bu hadisə eyni zamanda möminlər üçün də böyük asanlıqdır. Beləcə, Allah möminlərə müvəffəqiyyət qazandırmışdır. Allah başqa ayələr ilə hz. Muhəmmədə (səv) dilədiyi zaman möminlərin gücünü olduğundan qat-qat artıracağını bildirib. Səbir etdiklərinə görə inanan qullarına ümid etdiklərindən daha böyük güc və zəfər verəcəyini belə vəd edib:
Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır. İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbrli kişi) olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir.(Ənfal surəsi, 65-66)
Allah yuxarıdakı ayələrdə bildirdiyi kimi, Peyğəmbərimizin (səv) dövründə möminləri döyüş zamanı inkarçıların gözündə sayca və qüvvətcə daha izdihamlı və güclü göstərərək dəstəkləyib. Çünki Allah möminlərin daim dostu və köməkçisidir. İnkar edənlər nə qədər çox sayda olsalar da, nə qədər böyük gücə sahib olsalar da nəticədə bütün güc Allaha aiddir. Allah "Ol" əmri ilə istədiyini edəndir. Allaha güvənən, Onun sonsuz qüdrətini, hər şeyə güc yetirən olduğunu təqdir edə bilən insanlar daim bunun rahatlığını yaşayırlar.

Allah möminlərin ürəklərinə güvən və rahatlıq hissi endirir

Allah“Fəth” surəsində möminlər üzərində yaratdığı mənəvi dəstəyi belə xəbər verir:
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir.
(Fəth surəsi, 4)
Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. (Fəth surəsi, 18)
Allah çətinlik zamanı səmimi olanların ürəklərinə güvən və dinclik hissi yerləşdirir və bu mənəvi dəstəyin nəticəsində möminlər rahatlıq, güvən və dayanıqlılıq duyğusunu yaşayırlar.

Əslində bu dinclik və güvən duyğusu möminlərin bütün həyatlarına hakimdir. Allaha və axirətə iman gətirən insanlar Allahın hər şeyin tək hakimi olduğunu bildikləri üçün onsuz da heç bir hadisə qarşısında təşvişə qapılmaz, hüznə və çətinliyə düşməzlər. Sonsuz mərhəmət sahibi olan Rəbbimizin hər şeyi özləri üçün ən xeyirli şəkildə, axirətlərinə ən faydalı olaraq yaratdığını bilirlər.“Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!”(Ali İmran surəsi, 160) ayəsinə qəti olaraq iman gətirər və təvəkkülün mənəvi rahatlığı içində yaşayarlar. Qarşılaşdıqları çətinlik nə qədər böyük görünsə də, nəticədə müvəqqəti olduğunun şüurundadırlar. Çünki dünya həyatının axirətlə müqayisədə çox qısa olduğunu unutmazlar. Ömür boyu çətinlik çəksə belə, bu ən çox 50-60 il davam edəcək. 50-60 il təvəkkül və gözəl əxlaqla keçirilən ömrün sonunda adamın sonsuz cənnət həyatında alacağı qarşılıq isə şübhəsiz bənzərsiz olacaq. Cənnətdə möminlər kədər, yoxluq, bezginlik, çətinlik yaşamayacaq, əksinə sonsuz gözəlliklər içində nəfslərinin arzu etdiklərinin hamısına qovuşacaqlar. Bu gerçəyin şüurunda olmaq iman gətirən insanın hər hadisəyə sarsılmaz təvəkküllə yaxınlaşmasına səbəbdir. Bunun mənəvi dinclik və sevinc duyğusu da dünyadakı ən böyük nemətlərdən biridir. Unudulmamalıdır ki, bütün qəlblər və bütün güc Allahın əlindədir. Allah dilədiyi an dilədiyi hadisəni, dilədiyi şəkildə yaradar. Hüzur və güvən axtaran insan Allah vermədikcə heç bir yolla bunu əldə edə bilməz. Din əxlaqını yaşamağın insanlara gətirdiyi asanlıq, insanın hər şeyin Allahın idarəsində olduğunu bilməsidir. Hər işində Allaha yönələn, hər işinin qarşılığını yalnız Allahdan gözləyən insan daim Allahın köməyini və dəstəyini müxtəlif yollardan əldə edər.
Xeyr! Allah sizin himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır. (Ali İmran surəsi, 150)

Möminlərə qurulan tələlərin hamısı əvvəlcədən pozulmuşdur

İnkar edənlər möminlərə qarşı apardıqları mübarizədə hər cür hiyləgər üsula əl atırlar. Ən çox edilənlərdən biri isə möminlərin əleyhinə birləşərək onlara müxtəlif tələlər qurmaqdır. Sayca çox olduqları və gizli tələ qurduqları üçün müvəffəqiyyətli olacaqlarını düşünən inkarçılar plan qurduqda iki nəfərin üçüncüsünün, üç nəfərin dördüncüsünün Allah olduğunu unudurlar. Allahın insanlara şah damarından daha yaxın olduğu gerçəyindən isə tamamilə qafildirlər. Halbuki Allah gizlətsələr də, üzə çıxarsalar da ayədə bildirildiyi kimi, ürəklərdə olanları biləndir. İnkarçıların möminlər əleyhinə ağıllarından keçirdikləri hər fikri, qurduqları hər tələni, etdikləri hər planı da Allah ən incə detalına qədər bilir. Ən əhəmiyyətlisi də hər şeyi bilən Allah inkarçıların qurduqları tələlərin hamısının başdan pozulmuş olduğunu xəbər verib. Nə qədər böyük olursa-olsun, möminlər əleyhinə qurulan bütün tələlərin pozulacağını, hər şeyin Yaradıcısı olan Allah Quranda belə bildirir:
Bax belə! Həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər. (Ənfal surəsi, 18)
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)
Bununla yanaşı, Allah bu tələlərin saleh qullarına zərər verə bilməyəcəyini bildirib, tələ quranın tələsinin özünə zərər verəcəyini də xəbər vermişdir:
…Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)
İnananlar sonsuz lütfkar olan Rəbbimizin daim onlara kömək etdiyinin şüurunda olaraq təvəkküllü davranırlar. Vurğuladığımız kimi bu təvəkküllü ruh halları sayəsində qarşılaşdıqları hər hadisədəki xeyir və hikmətləri görür, görməsə də hər hadisənin mütləq xeyirlə nəticələnəcəyinə qəti olaraq iman gətirirlər.

Allah sonsuz mərhəməti ilə insanları doğru yola yönəldir, hidayətini artırır

Saytın əvvəlki hissələrində də izah etdiyimiz kimi Rəbbimiz elçiləri ilə göndərdiyi kitablarla insanları həmişə doğru yola dəvət edir, imana gəlsinlər deyə hər cəmiyyətə xəbərdaredici göndərir. Bu Rəbbimizin çox böyük lütfüdür.

Allah iman gətirib imanlarını gücləndirməyə niyyət edən qullarına da çox böyük asanlıq vəd edir, onları müxtəlif yollarla dəstəkləyir. Ayələrdə Allahın iman gətirənlərə bu dəstəyi belə xəbər verilir:
Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə (Allah) Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf (gedən) düz yola yönəldəcəkdir. (Nisa surəsi, 175)
Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz. (Bəqərə surəsi, 198)
Ancaq bunu da unutmaq olmaz ki, insanın hidayətə gəlməsi ancaq Allahın diləməsi ilə olur. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz dilədiyi qullarını seçir, onların taleyində imanı yazır və hidayətini artırır:
Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.
(Təğabün surəsi, 11)
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)
Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)
İnsanların əksəriyyəti hidayətə gəlməzdən əvvəl çox böyük xaos və qarışıqlıq içində olur. Kədər, çətinlik, qısqanclıq, ümidsizlik, kin, nifrət kimi duyğular həyatlarının böyük hissəsini əhatə edir. Başına gələn ən kiçik şey çox böyük melanxoliyaya səbəb olur. Bu qaranlıq ruh halı Allaha iman gətirdikdə,sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olduqda bir anda ortadan qalxır. Ayələrdə bu vəziyyət "zülmətdən nura çıxma" olaraq ifadə edilir:
Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)
Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı Rəhmlidir.(Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlara olduqca gözəl mükafat hazırlamışdır. Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik). Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır. Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir. (Əhzab surəsi, 43-48)
Allahın insanların həyatını belə ziddiyətli yaratması çox böyük nemətdir. İmanın və gözəl əxlaqın dəyəri əlbəttə belə daha yaxşı bilinir.