Allahın Rəhman və Rəhim isimlərinin Qurandakı təzahürləri

İnsan təqribən 60-80 ildən sonra tərk edəcəyi dünya həyatının hər anında imtahan olunur. Ölümündən sonra həyatı boyu söylədiyi hər sözün, etdiyi hər hərəkətin, verdiyi hər qərarın, doğrularının və yanlışlarının hesabını verəcək, daha sonra sonsuz axirət həyatına başlayacaqdır. Qiyamət günündə kiçik və ya böyük heç bir şey gizli qalmayacaq, hər şey ortaya çıxarılacaq və heç kimə haqsızlıq edilməyəcək. Həmin gün peyğəmbərlərin, əməlisaleh möminlərin, səmimi şəkildə özlərini Allaha təslim edən iman sahiblərinin, Allahdan qorxanların, Allahın hüdudlarını qoruyanların, Allahın razılığını, rəhmətini və Cənnətini ümid edənlərin yolunu seçənlər sonsuz Cənnət yurdu ilə sevinəcəklər. Şeytanın, inkar edənlərin, müşriklərin, münafiqlərin, Allahdan qorxmayan, yalnız öz nəfslərinin çirkin arzularına görə yaşayan, tez-tez günah edənlərin yolu ilə gedənlər isə əzablarla dolu Cəhənnəm həyatına göndəriləcəklər.

Allahın Cənnətlə müjdələdiyi əməlisaleh möminlər bütün kainatı yoxdan var edən Rəbbimizə səmimi iman gətirən, Yaradıcımızı ən gözəl isimləri ilə tanıyan və zikr edən, Onun sonsuz güc və qüdrətinin şüurunda olan, bütün həyatlarını Allahın razılığını qazanmağa çalışaraq keçirən insanlardır. Bu insanlar həm öz həyatlarını, həm də bütün kainatı qüsursuz şəkildə, ən incə detallarına qədər planlayan Allahın onların tək dostu və Vəlisi olduğunu bilirlər. Rəbbimizin hər an bizi gördüyünü, hər şeyi eşitdiyini, kiçik-böyük hər şeydən xəbərdar olduğunu düşünərək hərəkət edirlər.

Dünyadakı bütün insan qruplarının bir-birindən fərqli inancları var. Bəzi qruplar sapqın anlayışlara sahibdirlər. Amma əsas olan Allahı Quranda bildirilən, bənzəri olmayan, bütün qüsurlardan uzaq, üstün isimləri ilə tanımaqdır. İnsanların sahib olduqları yanlış inanclardan uzaqlaşaraq Allahın Quranda bildirilən isimlərini öyrənmələri çox vacibdir. Əməlisaleh möminlər də Allahın Quran ayələrində bildirilən bütün isimlərini dəqiq bildikləri və onlar üzərində dərin düşündükləri üçün həyata baxışları da digər insanlardan çox fərqlidir. Onlar Allahın kainatın tək Hakimi, sonsuz güc və qüdrət sahibi olduğunu, hər şeyi eşitdiyini və gördüyünü, qullarına qarşı sonsuz mərhəmət sahibi, bağışlayan, çətinliklərdən xilas edən, qullarını asan olana müvəffəq edən, sonsuz ədalət sahibi, hökm verənlərin Hakimi, mülkün tək sahibi olduğunu bilir və bu inanclarına uyğun yaşayırlar. Quranda Rəbbimizin ən gözəl isimlərindən bəziləri belə bildirilir:

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı) təsdiq edən, (hər şeyi) müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 22-24)
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
(Bəqərə surəsi, 255)
Allahın bu ayələrdə bildirilən isimlərindən biri də Rəbbimizin “Rəhman və Rəhim” ismidir. Qurani-kərimin 113 surəsi Allahın “Rəhman və Rəhim” isimləri ilə başlayır. Möminlər həyatları boyu hər an Rəbbimizin Rəhman və Rəhim isimlərinin təzahürlərinə şahid olurlar. Çünki Allahın Rəhman və Rəhim isimləri insanın doğulmasından ölümünə, xəstəliyindən sağlamlığına, dünyadakı bütün acizliklərdən canlı-cansız varlıqlardakı qüsursuz gözəlliklərə qədər bütün kainatı tamamilə əhatə edir. Allahın bütün insanlara olan mərhəməti, şəfqəti, sevgisi, yardımı, qoruması, lütfü və bağışlaması Rəbbimizin Rəhman və Rəhim isimlərinin ən gözəl təzahürlərindəndir. Bu, iman sahiblərinin həm kainata, həm də bütün canlılara olan baxış tərzini daha da dərinləşdirir və əxlaqlarını daha da gözəlləşdirir. Buna görə də müsəlman Quran oxumağa, İslam əxlaqını yaşamağa və təbliğ etməyə, möminlərə yüd verməyə, kainatın yaradılışı üzərində düşünməyə başlamazdan əvvəl Rəbbimizin bu gözəl isimlərini ruhunda yaşamalıdır. Yaradıcımızın bu mükəmməl isimlərindəki gözəlliyi, rifahı, xeyirləri, nemətləri qavramaq və Rəhman və Rəhim isimlərinin İslam dini üzərindəki hakimliyini görmək insanın imanda dərinləşməsi, Allahı ən gözəl isimləri ilə tanıması baxımından çox vacibdir. Bizim bu kitabı yazmaqda məqsədimiz də Allahın “Rəhman və Rəhim” isimlərinin müsəlmanın həyatındakı yerini açıqlamaqdır.

Saytda Rəbbimizin “Rəhman və Rəhim” isimlərinin həm Quran ayələrindəki, həm də kainatdakı təzahürlərindən bəhs ediləcək, insanların dünya həyatını bu isimlərin işığında dəyərləndirmələrinin əhəmiyyəti vurğulanacaqdır.

AĞILLI DİZAYN, YƏNİ YARADILIŞ

Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur

Saytda bəzi yerlərdə istifadə olunan “dizayn” ifadəsinin doğru anlaşılması çox vacibdir. Allahın qüsursuz dizayn yaratması, Rəbbimizin əvvəlcə plan qurduğu, daha sonra yaratdığı demək deyil. Yerin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür əksikliklərdən çox uzaqdır.

Allah bir şeyin, ya da bir işin olmasını dilədikdə, onun olması üçün Rəbbimizin yalnızca “Ol!” deməsi kifayətdir. Ayələrdə belə buyurulur:
Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Ya sin surəsi, 82)
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)