Bitkilərin yaradılışında Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri

Bitkilərin mövcudluğu yer üzündəki həyat üçün əvəzolunmazdır. Çünki insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su, qida kimi əsas maddələrinin yer üzündəki tarazlığını yaşıl bitkilər təmin edir. Bundan başqa yer üzündəki temperatur balansının təmin edilməsi, atmosferdəki qazların tarazlığının qorunması kimi, yalnız insanlar üçün deyil, bütün canlılar üçün olduqca böyük əhəmiyyət kəsb edən başqa tarazlıq nisbətləri də var. Bütün bu tarazlıqları təmin edən də yaşıl bitkilərdir. Rəbbimiz bütün dünyanı əhatə edən milyonlarla növdə, rəngdə, görünüşdə olan bitkilər yaratmışdır. Bitkilər bütün bu faydalarından başqa, insan ruhuna dinclik, sevinc və zövq verən canlılardır. Saytın bu hissəsində Rəbbimizin bitkiləri yaradaraq insanlara nə qədər böyük lütf etdiyini müxtəlif nümunələrlə araşdıracağıq.

Eyni torpaqdan fərqli-fərqli məhsulların yetişməsi Allahın çox böyük nemətidir. Məsələn, qarpızı, yemişi, kivini, bananı, gilası, pomidoru, üzümü, şaftalını, lobyanı araşdıraq. Tünd sarı rəngli qabığını açdıqda içindən bənzərsiz qoxusu ilə açıq rəngli banan çıxır. Almanın qırmızı, yaşıl və ya sarı rənglərdə olan qabığı hamar səthə malikdir. İçindəki özünə xas alma qoxusuna sahib şəkərli suyun dad və qoxu keyfiyyəti insanlar tərəfindən qüsursuz şəkildə təqlid edilə bilmir. Buna görə də sual yarana bilər ki, eyni quru torpaqdan çıxmasına baxmayaraq, bütün çiçəklər, ağaclar, tərəvəz və meyvələr necə ola bilər ki, bu qədər fərqli rənglərdədirlər. Bu, Allahın sonsuz elminin və bənzərsiz yaratmasının dəlillərindəndir.

Bir insanın yeni rəng yaratması mümkün deyil. İnsanların istehsal etdikləri bütün rənglər təbiətdə mövcud olanlardan əldə edilən surətlərindən ibarətdir. Amma Allah yoxdan yaradandır və canlılardakı bütün rənglərin hamısının yaradılışı Ona aiddir. Üstün güc sahibi Allahın sifətlərindən biri də Müsəvvir (təsvir edən, hər şeyə şəkil və surət verən)dir.

Yer üzündəki bütün bitkilərin rəngləri və xarici görünüşləri insan ruhuna zövq verəcək şəkildə yaradılmışdır. Meyvələrdə və tərəvəzlərdə bənzərsiz rəng müxtəlifliyi var. Eləcə də çiçəkləri və ağacları düşündükdə də eyni estetik görünüş və rəng müxtəlifliyi ilə qarşılaşırıq. Çiçəklərdə də çox bənzərsiz rəng və naxış var. Yer üzündəki yüz minlərlə növ çiçəyin hər birinin özünə xas xüsusiyyətləri var. Dövrümüzdə insanların istehsal etdiyi qoxu, naxışlar və rənglər təbiətdəki bənzərlərinin təqlid edilməsi ilə istehsal edilir. Məsələn, bənövşələrin məxmər yumşaqlıqdakı yarpaqlarının bənövşəyi rəngləri və yarpaq toxumalarındakı hamarlıq bənzərsizdir. Məxmər parçalar bənövşələrin toxuması təqlid edilərək hazırlanır, amma yenə də eyni keyfiyyət əldə edilmir. Bu şəkildə yer üzündəki hansı bitkini araşdırsaq, qarşılaşdığımız nəticə Allahın insanlar üçün hər şeyin ən yaxşısını, ən gözəlini yaratdığı həqiqətidir. Yaratmada heç bir şəriki olmayan Allah dadı, qoxusu, rəngi, naxışı fərqli olan bitkiləri insanlar üçün yaratmışdır. Bu müxtəliflik Allahın insanlara olan lütfüdür. İnsan mövcud olmayan bir meyvəni nə görünüşü, nə dadı, nə də qoxusu ilə zehnində tam olaraq təsvir edə bilməz. Halbuki Allah insanlar üçün xəyal belə edə bilməyəcəkləri qədər gözəl görünüşü, dadı və qoxusu olan meyvələri yaratmış, onları ola biləcək ən keyfiyyətli və gözəl “qablarda” insanlara təqdim etmişdir. Böyük meyvə mağazaları və ya bazarlardakı meyvə-tərəvəz taxtaları insanların olduqca xoşuna gələn yerlərdir. Çünki burada mövsümə uyğun olaraq meyvə-tərəvəzlər bütün müxtəlifliyi ilə sərgilənir. Hər bir tərəvəzin və meyvənin dadı insanların bəyənəcəyi şəkildə fərqli-fərqli zövqlərə də uyğun tərzdə yaradılmışdır. Bu nemətlərin heç biri təsadüfən yaranmamışdır. Bunları insanları yaradan və onların nələri bəyənib, nələri bəyənmədiklərini çox yaxşı bilən, zövqlərini tanıyan, hər şeyin Yaradıcısı olan Allah yaratmışdır. Bu gerçəklər üzərinə düşünən və bir az vicdanını dinləyən hər insan budaqları gilasla dolu olan ağac gördükdə, bananın, çiyələyin qoxusunu duyduqda, quru budağın üzərində yüzlərlə üzüm dənəsini gördükdə bunların Yaradıcısı olan Allahı xatırlayar. Rəbbimizin bu nemətlərin hər birini sevgi ilə yaratdığı çox açıqdır. Allah lütf etmiş və insanlara hər şeyin ən yaxşısını, ən gözəlini, ən keyfiyyətlisini bəxş etmişdir. İstisnasız hər çiçək, hər meyvə xüsusi şəkildə yaradılmışdır.

İnsan bu nemətlərin bir dənəsinin belə bənzərini yarada bilməz. Sadəcə bənzərlərini təqlid edə bilər ki, bunlar da təbii olanların insan ruhunda meydana gətirdiyi heyranlığı və həyəcanı yaratmaz. Məsələn, süni çiçək nə qədər keyfiyyətli istehsal edilmiş olsa da, bağçadakı çiçək kimi insana təsir etmir, psixoloji olaraq eyni müsbət hissləri meydana gətirmir. Bundan başqa, Rəbbimiz bütün bu nemətləri insanlara sonsuz comərdliyi ilə təqdim etmiş, yer üzünün hər yeri, hətta gözdən ən uzaqda olan dağları, daşları, meşələrin dərinliklərindəki ən gizli yerləri belə bunlarla təchiz etmişdir. Heyranlıq oyandıran bu nemətlər zəngin çeşidliliyi ilə insanlarda bolluq sevinci oyandırır. Şübhəsiz, insanın ruhunu əhatə edən bu gözəllikləri və zövqləri sonsuz rəhmət sahibi Rəbbimizə borcluyuq. O diləməsə, bizlər bu nemətlərdən təkcə birinə belə güc yetirə bilməzdik. Allah Quranda bu həqiqəti belə bildirir:

Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar (haqdan) yayınan adamlardır. (Nəml surəsi, 60)
Rəbbimiz ayədə insanın bir ağac belə yaratmağa gücü çatmayacağını bildirir. Həqiqətən də insan görkəmli bir çinar ağacını, palmaların və ya gözəl iy verən şam ağacını, budaqları sallanan söyüd ağacını yarada bilməz. Nə ömrü, nə də gücü buna yetər. Amma yer üzündə hara getsək, bir-birindən görkəmli və gözəl ağaclarla qarşılaşarıq. Bu ağacların hər biri fərqli gözəllikdədir. Bəziləri gözəl meyvələrə, bəziləri möhtəşəm dizayna malikdir. Bunların hər birini yoxdan yaradan qüvvə, insanı valeh edəcək bütün gözəlliklərin və nemətlərin gerçək sahibi Allahdır.

Alma ağacı bilindiyi kimi torpağa atılan bir toxumdan meydana gəlit. Toxum kiçik cisimdir, amma o toxumun içindən müəyyən müddət sonra 4-5 metr uzunluqda və yüzlərlə kilo ağırlıqda nəhəng ağac meydana gəlir. Toxumun, özünə nisbətən nəhəng ölçüdəki bu ağacı hazırlayarkən istifadə edə biləcəyi tək vəsait isə ilk mərhələdə öz içindəki ehtiyat qida, daha sonra isə yalnız torpaq və günəş işığıdır. Alma nümunəsində də göründüyü kimi toxumlar daxildə daşıma sistemi olan, torpaqdakı maddələri mənimsəmək üçün lazım olan köklərə sahib və çox yaxşı hazırlanmış canlı varlıq hazırlayırlar. İnsan ağıl sahibi varlıq kimi gözəl ağac rəsmi çəkməli olduqda belə çətinlik çəkir. Bir ağacın köklərindəki və budaqlarındakı detalları çəkmək isə daha çətindir. Amma toxum bu kompleks canlını bütün sistemləri ilə birlikdə canlı olaraq istehsal edir. Mövzunu izah edə bilmək üçün toxum “istehsal edir” deyirik. Ancaq xatırladaq ki, toxum müstəqil ağıla, şüura və iradəyə sahib varlıq deyil. Buna görə də ağacları və bitkiləri bütün mükəmməl sistemləri ilə birlikdə meydana gətirənin, yəni istehsal edənin toxumun özü olduğunu iddia etmək mümkün deyil. Əgər belə bir şey iddia edən olsa, bu vəziyyətdə toxumun olduqca çox, hətta insandan belə ağıllı və bilikli varlıq olduğu nəticəsinə gəlmək lazımdır. Əlbəttə ki, bu həqiqətdən kənar iddia olmuş olar. Toxumun daxilində çox üstün ağıl və geniş məlumat gizlidir. Ancaq bu ağıl və bilik, əlbəttə ki, toxumun özünə aid deyil. Toxumdakı maddələrin molekullarının, bu molekulların atomlarının ağıl və məlumat sahibi olduğunu iddia etmək mümkün deyil. Buna görə də bu məlumat toxumun içinə yerləşdirilmişdir. Bəs bu məlumatı yerləşdirən kimdir? Toxum özbaşına heç bir şey edə bilməyən quru, cansız cisimdir. Toxumlara bu məlumat üstün güc sahibi tərəfindən yerləşdirilmişdir. Bənzəri olmayan bu gücün sahibi Allahdır. Toxumlar Allah tərəfindən ağac hazırlaya biləcək məlumat və sistemə sahib olaraq yaradılmışdır. Torpağa atılan hər toxum Allahın elmi ilə əhatə edilmişdir, Onun elmi ilə böyüyüb inkişaf edir, insanlara nemət olan bitkiyə çevrilir.

Toxumlar haqqında məlumatı olmayan bir çox insan, bəlkə bunların meyvə çəyirdəkləri və ya çır-çırpıya bənzər maddələr, hətta bir növ tullantı olduqlarını düşünmüş ola bilər. O halda siz “tullantı” olaraq düşünülən bu cisimləri alıb bağçanın və ya evinizdəki bir saxsını içindəki torpağa basdırın və bir müddət gözləyin. Bu toxumlar uyğun şərtlər olduqda heyrətverici şəkildə yaşıllaşır və növbənöv bitkiləri meydana gətirir. Bəs görəsən kiçik və quru olan bu cisimləri hər hansı bir taxta parçasından ayıran xüsusiyyət nədir? Toxumları digər cisimlərdən ayıran çox mühüm xüsusiyyətləri var. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, formalarının necə olacağına, qabığının nə rəngdə və qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib verməyəcəyinə, verəcəksə bu meyvələrin dadına, qoxularına, formalarına, rənglərinə dair, qısası, bir bitki ilə əlaqədar ola biləcək bütün məlumatlara sahib olan cisimlərdir. Bəs toxum haqqında heç bir məlumata sahib olmasaydıq və bu cismi ilk dəfə görsəydik, nə işə yaradığını da heç bilməsəydik, toxumların içindən heç biri digərinə bənzəməyəcək şəkildə saysız-hesabsız bitkilərin çıxa biləcəyini, bu bitkilərin bir qisminin də metrlərlə yüksəkliyə çata biləcəyini deyə bilərdikmi? Əlbəttə, belə bir şeyi ehtimal belə edə bilməzdik. Quru taxta parçası görünüşündəki bir cisimdən xoş qoxular yayan, müxtəlif rənglərə və formalara malik olan çiçəkləri düşünə bilməzdik. Müxtəlif meyvələrin: şaftalının, armudun, heyvanın, tutun, əriyin bu toxumların meydana gətirdiyi ağaclarda yetişəcəyini, fərqli rənglərdə ola bilən bu kiçik cisimlərin böyürtkən, portağal, naringi, qarpız, ərik, bibər, pomidorları meydana gətirəcəyini xəyal belə edə bilməzdik. Milyonlarla il ərzində toxumların içində bitkilərə aid bütün məlumatların saxlanılması bu mövzu üzərində düşünən insanın bir çox hadisəyə baxış tərzini dəyişdirəcək məlumatdır. Eyni zamanda Allahın sonsuz elminin, qulları üzərindəki qayğıkeşliyinin və qullarına olan sevgisinin çox açıq dəlilidir. Quru taxta parçasında bu qədər bənzərsiz məlumatları saxlayan və quru taxtadan dadı və qoxusu bənzərsiz olan bitkilər yaradan Rəbbimiz insanlara qarşı üstün kərəm sahibidir.

Yer üzündəki həyatın əsas enerji qaynağı Günəşdir. Ancaq insanlar və heyvanlar, günəş enerjisinindən birbaşa istifadə edə bilməzlər, çünki bədənlərində bu enerjini bilavasitə istifadə edə bilən sistemlər yoxdur. Buna görə günəş enerjisi də ancaq bitkilərin istehsal etdiyi qidalar vasitəsilə istifadə edilə bilən enerji olaraq insanlara və heyvanlara çatır. Hüceyrələrimiz tərəfindən istifadə edilən enerji maddələrinin hamısı, əslində, bitkilər vasitəsilə bizə çatan günəş enerjisidir. Məsələn, çayımızı içərkən, əslində, günəş enerjisi içirik, yemək yeyərkən dişlərimizin arasında bir miqdar günəş enerjisi var. Əzələlərimizdəki güc isə demək olar ki, əslində günəş enerjisinin müxtəlif formasıdır. Bitkilər günəş enerjisini bizim üçün kompleks əməliyyatlar həyata keçirərək özlərindəki molekullara köçürmüşlər. Heyvanlar üçün də vəziyyət insanlardan fərqli deyil. Onlar da bitkilərlə qidalanır və bunun sayəsində onların enerji paketləri halına gətirərək yığdıqları günəş enerjisindən istifadə edirlər. Bitkilərin öz qidalarını özlərinin istehsal etmələrini və digər canlılardan fərqli olmalarını təmin edən isə hüceyrələrində insan və heyvan hüceyrələrindən fərqli olaraq günəş enerjisindən birbaşa istifadə edən strukturların olmasıdır. Bitki hüceyrələri bu strukturların köməyi ilə Günəşdən gələn enerjini insanlar və heyvanlar tərəfindən qida yolu ilə alınacaq enerjiyə çevirirlər və qidalara strukturlarında gizli olan xüsusi əməliyyatlarla bu enerjini köçürürlər. Bu xüsusi proseslərə bütövlükdə fotosintez deyilir. Qısası, bitkilər fotosintez etdikdə Günəşdən gələn enerjini istifadə edərək qida istehsal etmiş olurlar. Digər canlılar bu qaynaqdan qidalanırlar. Otyeyən heyvanlar bitkiləri yedikdə bu Günəşdən qaynaqlanan enerjini almış olurlar. Ətyeyən heyvanlar isə bitkiləri yeyən otyeyən heyvanları yeməklə yenə Günəşdən qaynaqlanan enerjini əldə edirlər. Biz insanlar da həm bitkilər, həm heyvanlar vasitəsilə yenə eyni enerjini alırıq. Bu səbəbdən, yediyimiz alma, kartof, şokolad və ya hər hansı bir yemək, əslində, bizə Günəşdən gələn enerjini verir. Fotosintezin çox mühüm başqa bir nəticəsi də var. Fotosintez qlükozadan başqa, altı oksigen molekulu da ortaya çıxarır. Bitkilər bu şəkildə heyvanlar və insanlar tərəfindən davamlı “kirlədilən” atmosferi təmizləyirlər. İnsanlar və heyvanlar atmosferdəki oksigeni yandıraraq enerji əldə etdikləri üçün hər nəfəs aldıqda atmosferdəki oksigen nisbətini bir az daha azaldırlar. Amma bu azalan oksigen bitkilər tərəfindən tarazlanır. Qısası, fotosintez olmasa, bitkilər olmaz, bitkilər olmadıqda isə heyvanlar və insanlar mövcud ola bilməz. Çəmənlərin, diqqət etmədiyiniz ağacların və ya salatda istifadə etdiyiniz bitkilərin dərinliklərində reallaşan və hələ heç bir laboratoriyada təqlid edilə bilməyən bu kimyəvi reaksiya həyatın təməl şərtlərindən biridir. Ən diqqət çəkən isə fotosintezin olduqca yaxşı dizayn edilmiş proses olmasıdır. Diqqət etsəniz, bitkilərin reallaşdırdıqları fotosintez ilə heyvanların və insanların enerji istehlakı arasında tarazlıq olduğunu görərsiniz. Bitkilər bizə qlükoza və oksigen verir. Biz isə hüceyrələrimizdə qlükozanı oksigenlə birləşdirib “yandırır”, beləliklə, bitkilərin qlükozaya əlavə etdiyi günəş enerjisini aşkara çıxarıb istifadə edirik. Etdiyimiz şey, əslində, fotosintezi tərsinə çevirməkdir. Bunun nəticəsində tullantı maddə olaraq karbon yaradır və bunu ciyərlərimizlə atmosferə veririk. Amma bu karbon dərhal bitkilər tərəfindən yenidən fotosintez üçün istifadə edilir. Bu mükəmməl proses bu şəkildə davam edib gedir. Hər an hər yerdə gördüyümüz ağaclar, çiçəklər qida istehsalı üçün fotosintez kimi hələ də bəzi məqamları elmə qaranlıq qalan prosesi gerçəkləşdirəcək qədər mükəmməl sistemləri özündə yarada bilərlərmi?

Bundan əlavə, bitkilər belə bir şüura də sahib deyillər. Bitkilərdəki hər quruluş xüsusi yaradılmışdır. Bu da bizə üstün ağıl sahibi uca Allahın qüsursuz yaratmasının dəlillərini göstərir. Yuxarıda qısa şəkildə ümumiləşdirməyə çalışdığımız bu böyük sistemləri canlıların həyatlarını davam etdirə bilmələri və ehtiyaclarını qarşılaya bilmələri üçün Rəbbimiz yaratmışdır. Allah insanların ağıllarının və güclərinin çatmayacağı mükəmməllikdəki bu qüsursuz nizamı yaratmaqla insanlara olan sonsuz mərhəmətini göstərir. İnsanın rahatlığı, yaxşılığı, sağlamlığı, ən önəmlisi də həyatı üçün hər şey qüsursuz planlaşdırılır, düşünülür və hesablanır. Bəlkə də insan gündəlik həyatın qarışıqlığında bu fövqəladəliyi fərq edə bilmir. Halbuki mərhəmətlilərin ən mərhəmətlisi olan Rəbbimizin lütfü sayəsində bu sistem heç bir fasilə etmədən davam edir. İnsan hər nəfəsində Allahın bu nemətindən istifadə edir, bununla həyatını davam etdirir.

İstər heyvanlar, istərsə də insanlar bitkilərin istehsal etdiyi qidalarla həyatlarını davam etdirə biləcək enerjini əldə edirlər. Yəni bitkilər bütün canlılara fayda vermək üçün nemət olaraq yaradılmışlar. Bu nemətlərin çoxu da insan üçün xüsusi şəkildə yaradılmışdır. Ətrafımıza, yediklərimizə baxaraq düşünək. Məsələn, qarpız- quru torpaqdan çıxan bu sulu meyvə insanın tam ehtiyac duyacağı bir fəsildə, yəni yayda yetişir. Yemişin gözəl qoxusunu və ləzzətini də düşünək. İnsanlar fabriklərdə qoxu istehsalına davamlı nəzarət edir, eyni qoxunu əldə etmək üçün böyük əmək sərf edirlər. Amma meyvələrdəki qoxunun davamlılığı üçün hər hansı nəzarət sisteminə ehtiyac yoxdur. Bundan başqa, hər meyvə mövsümünə uyğun tərkibdə olur. Məsələn, qış fəslində C vitamini ilə zəngin portağallar var. Tərəvəzlərdə də canlıların ehtiyac duyacağı hər cür mineral və vitaminlər mövcuddur. Tərəvəz və meyvələrin zərif kökləri quru torpaqdan çəkdiyi kimyəvi maddələri fotosintez prosesi nəticəsində olduqca faydalı qida maddələrinə çevirirlər. Bu şəkildə yer üzündəki bitkilərin hamısını düşünə bilərik. Gəldiyimiz nəticə budur: bitkilər insanlar və bütün canlılar üçün xüsusi olaraq yaradılmışlar. Aləmlərin Rəbbi olan Allah bütün qidaları canlılar üçün yaratmışdır və bunları hər birinin dadını, qoxusunu, faydasını müxtəlif şəkildə onlara təqdim etmişdir. Bu da Onun qullarına qarşı mərhəmətinin çox olduğunu və çox lütfkar olduğunu göstərir.
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 13)
Meyvənin ən maraqlı xüsusiyyətlərindən biri insanın ağız dadına və sağlamlığına tamamilə uyğun olmasıdır. Hər meyvə özünəməxsus ləzzətə və qoxuya malikdir. Bundan başqa, meyvələr sahib olduqları bu dad və qoxuları torpaqdan əldə etdikləri maddələrlə istehsal edirlər. Halbuki torpaq çox yaxşı iy vermir, dadı isə pisdir. Ancaq ağac bu palçıq yığını içindən özünə lazım olan maddələri mənimsəyir və bunları kimyəvi proseslərdən keçirərək mükəmməl dad və qoxular istehsal edir. Burada ikinci bir məqam da var. Ağacın yaxşı qoxu və dad istehsal etdiyini deyirik, amma əslində proses daha mürəkkəbdir. Çünki “yaxşı qoxu” və ya “yaxşı dad” kimi anlayışlar insana aid anlayışlardır və ağac özbaşına dad və ya qoxunun yaxşı, yoxsa pis olduğunu bilə bilməz. Bunu bilmək üçün insandakı zövq anlayışına sahib olmalıdır. İnsanın nədən zövq aldığını, hansı dadı bəyəndiyini öyrənməlidir. Bunları öyrəndikdən sonra isə bir az öncə söylədiyimiz işi edəcək, yəni palçığın içindən yığdığı maddələrlə mükəmməl kimyəvi hadisəni reallaşdıracaq. Ağacın inanılmaz qabiliyyəti yalnız qoxu, dad və ya rənglə də məhdud deyil. Bu taxta struktur həmçinin insan bədəninin hansı vitaminlərə ehtiyac duyduğunu bilir və onları istehsal etdiyi meyvənin içinə qoyur.

Hətta bu vitaminlərin mövsümlərə görə nizamlandığını görərik. Qış aylarında məhsul verən portağal, naringi, qreyfurt kimi meyvə növləri yay meyvələrinə görə daha çox C vitamini ehtiva edirlər. Məqsəd qışda soyuğa qarşı insanın ehtiyacı olan C vitamini ehtiyacını qarşılamaqdır. İndi bütün bunların üzərində düşünək. Bütün bunlar necə və niyə olur? Necə olur ki, taxta parçası olan ağac yaxşı dad və qoxu yaradır? Necə olur ki, insanın zövqünü, estetik anlayışını, vitamin ehtiyaclarını bilir və buna görə bir məhsul ortaya çıxarır? Ağacın etdiklərini süni şəkildə əldə etməyə çalışsaq, olduqca böyük əmək sərf etməli olacağıq. Əvvəla, ağacın istehsal etdiyi dadı istehsal etmək mümkün deyil. Dünyada torpaqdan meyvə istehsal edən maşın hələ də icad edilməyib. Əldə edilə bilən tək şey qoxudur. Müasir laboratoriyalarda uzun proseslər nəticəsində hər hansı bir meyvənin qoxusu əldə edilir. Belə ki, ətirlər də bu şəkildə əldə edilir. Ancaq ətirlər də, əslində, tamamilə süni deyil. Bütün ətirlər müxtəlif gözəl qoxulu bitkilərdən istifadə edilərək hazırlanır. Qısası, insan ağlına və əlindəki bütün texnologiyaya baxmayaraq, bitkilərin və ya ağacların sahib olduğu gözəl qoxunu istehsal etmək qabiliyyətinə malik deyil. Bu səbəbdən meyvə ağacında və ya hər hansı bir bitkidə insanın çata bilməyəcəyi qədər yüksək ağıl, elm və texnologiya var. Bu heyrətamiz vəziyyətin isə bir izahı var: ağac mükəmməl və üstün ağıl, sonsuz bilik və elmə sahib olan uca Rəbbimiz tərəfindən xüsusi yaradılmışdır. Allah pis dadı olan quru torpağın içindən dünyanın ən ləzzətli və gözəl qoxulu qidalarını yaradır. Allah Quranda bu barədə belə buyurur:
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
(Yasin surəsi, 33-35)
Qırmızı gülün rəngi, yarpaqlarının qıvrımları, hər birinin necə olacağı, neçə yarpağının olacağı, yarpaqlarının yumşaqlığı, məxməri quruluşu, ona qoxu verən maddələrin nisbəti - hər biri bir məlumatdır. Quru asma budaqlarından şirin və su dolu kisəciklər halında üzüm yetişməsini təmin edən də çəyirdəyinə yerləşdirilmiş məlumatdır. Üzüm qabıqlarını fındıq qabıqlarından fərqli edən onların rənglərini, dadlarını, qoxularını, içindəki vitaminləri, birinin sulu, birinin quru olmasını təmin edən toxumların rüşeymindəki məlumatlardır. Bitkilər ilk ortaya çıxdıqları andan bəri toxumla çoxalan növlərin hər birində bu məlumatlar mövcud olmuşdur. Bura qədər izah edilənlərdən də açıq şəkildə göründüyü kimi, bu məlumatın olmaması o bitkinin mövcud olmaması deməkdir.

Belə bir sual yaranır: toxuma bu məlumat kim tərəfindən verilmişdir? Bütün bu möhtəşəm məlumatı toxumun içinə yerləşdirən, hər şeyin Yaradıcısı Allahdır. Kiçik toxumun içinə bu qədər böyük həcmli məlumatın yerləşdirilməsi və toxumların digər xüsusiyyətləri iman gətirənlər üçün Allahın bənzərsiz yaratma sənətinə bir nümunədir. İnsanların hidayətlərini daha da artıracaq, onları Rəbbimizə yaxınlaşdıracaq bir vasitədir. Allah hər şeyə güc yetirən olduğunu minlərlə səhifəlik məlumatları kiçik toxumlara yerləşdirərək və bənzəri olmayan növbənöv bitkiləri bu kiçik cisimlərdən çıxararaq bir daha bizə göstərir. Toxumlardan bitkilərin çıxmasını təmin edən yalnız Allahdır. Bu həqiqət ayədə belə bildirilir:
Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!
(Ənam surəsi, 95)
Yuxarıda vurğuladığımız bütün bu məlumatlar, möcüzəvi şəkildə baş verənlər insanlar üçün nemət olaraq yaradılmışdır. İnsanın bir üzüm dənəsini yaratmağa, bir çiçəyə belə rəngini verməyə gücü çatmaz. Üstəlik, hər baxımdan Allahın bu nemətlərinə möhtacdır. İnsan, ümumiyyətlə, hər mövzuda Allaha möhtacdır. Heç bir şeyə möhtac olmayan və hər şeyin Ona möhtac olduğu Rəbbimiz mərhəmətli, comərd və lütfkardır. O, bu nemətləri olduqca kompleks işləyən möcüzəvi sistemlərlə, üstün sənətlə yaradır. Bunun hikmətlərindən biri insanın Allahın nə qədər böyük elm və rəhmət sahibi olduğunu bilib öyrənməsi, digər bir hikməti isə Allahın lütfü və mərhəməti olmasa, insanın gücünün bunların heç birinə çatmayacağını anlamasıdır.

Meyvələrdəki bir-birindən fərqli yaradılış dəlilləri də Allahın yaratdığı çox böyük nemətdir. Məsələn, qarpızdakı süngərəbənzər hüceyrələr çox yüksək miqdarda su saxlama qabiliyyətinə malikdir. Buna görə qarpızın çox böyük hissəsi sudan ibarətdir. Üstəlik, su qarpızın hər hansı bir yerində toplanmır, hər tərəfə bərabər şəkildə paylanır. Yerin cazibə qüvvəsini göz önünə gətirəndə bu su qarpızın alt qismində toplanmalı, yuxarıda isə quru hissə qalmalı idi. Amma qarpızların heç birində belə bir şey olmur. Su həmişə qarpızın içərisində bərabər paylanır, üstəlik, şəkəri, dadı və qoxusu da bərabər şəkildə olur. Qarpız çəyirdəklərinin quruluşunda da yanlışlıq olmur. Hər bir çəyirdəyin içində o qarpızın sonrakı nəsillərinə çatacaq məlumat kodlanmışdır. Hər çəyirdək xüsusi, qoruyucu qabıqla örtülmüşdür. Bu, içindəki məlumatın pozulmasına mane olan mükəmməl yaradılışdır. Qabıq çox sərt deyil, çox yumşaq da deyil, ideal sərtlikdə və elastiklikdədir. Qabıqdan sonra çəyirdəyin içində ikinci qat var. Qabığın alt və üst hissələrinin birləşmə yerləri bəllidir. Bu birləşmə yerləri çəyirdəyin yapışması üçün xüsusi yaradılmışdır. Çəyirdək bu quruluş sayəsində uyğun rütubət və temperatura qovuşanda dərhal açılır. Çəyirdəyin içindəki o ağappaq hissə qısa müddət sonra yamyaşıl yarpağa çevrilir. Qarpızın bir də qabığının quruluşunu düşünək. Bu düzgün qabığı və qabığın üstündəki xüsusi quruluşu yaradan hər zaman hüceyrələrdir. Bundan başqa qabığı hamar və yumru edən də qarpız hüceyrələrinin düzülüşündəki mükəmməllikdir. Bunu təmin edə bilmək üçün hüceyrələrin hər birinin harada yerləşməli olduqlarını bilməlidirlər. Əks təqdirdə bu hamarlıq, qarpızın xarici quruluşundakı bu qüsursuz yumruluq meydana gəlməyəcək. Göründüyü kimi, qarpızı təşkil edən hüceyrələr arasında qüsursuz uyğunluq var. Bu şəkildə yer üzündəki bitkilərin hamısını düşünə bilərik. Bu nəticəyə gəlmək olar ki, bitkilər insanlar və bütün canlılar üçün xüsusi yaradılmışlar. Aləmlərin Rəbbi olan Allah bütün qidaları canlılar üçün dadı, qoxusu, faydası fərqli olacaq şəkildə yaratmışdır:
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 13)
Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları (bitirdik.) Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir. (Qaf surəsi, 10-11)
Sarmaşıqların özlərini bir budağa və ya hər hansı bir cismə dolamaları insanın üzərində diqqətlə düşünməli olduğu hadisədir. Əgər bu böyümə videoya qeydə alınıb, daha sonra sürətli çəkilişlə izlənilsə, sarmaşığın sanki şüurlu varlıq kimi hərəkət etdiyini görərik. Sanki qarşıda budaq olduğunu görürmüş kimi o budağa doğru özünü uzadır və sanki kəmənd ataraq həmin budağa özünü bağlayır. Hətta bəzən bir neçə dəfə dolanaraq özünü sığortalayır. Bu şəkildə sürətlə irəliləyir və yolu bitdikdə geri dönərək və ya aşağı doğru enərək özünə yeni yol tapır. Bunlara şahid olan mömin Allahın bütün canlıları özlərinə məxsus qüsursuz sistemlərlə yaratdığını bir daha görür. Bundan başqa sarmaşığın hərəkətlərini izləməyə davam etdikcə onun mühüm xüsusiyyətinə də şahid olur. Sarmaşığın yanlara qollar çıxararaq özünü olduğu divarın üzərinə möhkəm yapıştırdığını görürük. Şüursuz bitkinin istehsal etdiyi yapışdırıcı o qədər güclüdür ki, insan bu budağı yapışdığı divardan ayırarkən divarın boyası belə qopur. Belə bir bitkinin varlığı bunları görüb üzərində düşünən möminə bu bitkinin Yaradıcısı olan Allahın qüdrətini bir daha göstərir. Bitkilərdəki bu qüsursuz yaradılış Allahın insanlara olan mərhəmətidir.

Bitkilərin digər canlılara verdiyi xidmətlər yalnız havaya oksigen və su verməklə məhdudlaşmır. Yarpaqlar eyni zamanda inkişaf etmiş təmizlik cihazı kimi fəaliyyət göstərirlər. Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz təmizlik cihazları onların mütəxəssisləri tərəfindən uzun müddət davam edən gərgin əmək və pul xərclənilərək istehsal edilir. Onların istifadə müddətində və istifadədən sonra bir çox texniki dəstəyə və qulluğa ehtiyacı var. İstehsalın sonunda ortaya çıxardıqları tullantı maddələr isə başqa problemdir. Bunlar təmizlik alətləri haqqında olduqca qısa məlumatlardır. Bunlardan başqa gündəlik ortaya çıxan axsamalar və ya nasazlıqlar, lazım olan işçi qüvvəsi, alətlər, ehtiyaca görə edilən yeniləmə kimi bir çox proses də lazımdır. Göründüyü kimi, kiçik bir təmizlənmə cihazında belə bir çox detala diqqət etmək lazımdır. Halbuki bu cihazlarla eyni işi yerinə yetirən bitkilər yalnız su və günəş işığı qarşılığında eyni təmizləmə xidmətini daha keyfiyyətli və zəmanətlə həyata keçirirlər. Üstəlik, tullantı maddə deyə bir problemləri də yoxdur. Çünki onların havanı təmizlədikdən sonra ortaya çıxardıqları tullantı maddələr bütün canlıların əsas ehtiyacı olan oksigendir.

Rəbbimiz bütün qullarına hesabsız ruzi verən, insanların faydasına müxtəlif nemətlər yaradandır. “Zəriyət” surəsində “Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir”(Zəriyət surəsi, 58)şəklində buyurulur. Qullarına qarşı çox şəfqətli və mərhəmətli olan Allah insanları sayıla bilməyəcək qədər çox nemətlə zəngin olan torpaqlarda yaşadır. Belə ki, bəzən insan torpağı əkib-biçmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər verir. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvələr və tərəvəzlər çıxır. Gömgöy dənizlər isə yenə minlərlə növdə və ləzzətdə olan balıqlarla doludur. Bütün bunlardan əlavə, Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşların ətini yedirir, heyvanların içindən tərtəmiz süd çıxarır, arılara bal hazırladır. Bütün bunları insanlara Allah təqdim edir. “Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?...”(Mülk surəsi, 21)ayəsində bildirildiyi kimi, Allah istəyərsə, torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraq olar. Lakin Allah Rəhman və Rəhimdir, insanlara bağışladığı ruziləri saymaqla bitirmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah belə buyurmuşdur:
Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz! (Fatir surəsi, 5)

Nəticə

Kainatı, Günəşi, Ayı, təbiət qanunlarının hər birini Allah insanın əmrinə, xidmətinə vermişdir. Saytın əvvəlindən bura qədər çox qısa şəkildə toxunduğumuz və əslində, saymaqla bitirə bilməyəcəyimiz bütün bu nemətlərin hamısı Allahdan insanlara böyük lütfdür. Möcüzəvi xüsusiyyətdə olub bitən bütün bu hadisələr sanki insanın ətrafında dönür. Göylərdə, yerdə və bu ikisi arasında olan bütün kompleks sistemlər də yenə insanlara xidmət etmək üçün durmadan qüsursuz şəkildə işləyir.

Halbuki insan ucsuz-bucaqsız kainatda nöqtə qədər belə yer tutmayan varlıqdır. Amma Allah insana mərhəmət göstərərək dəyər vermiş, bütün bu nemət və gözəllikləri onun xidmətinə təqdim etmişdir. Onu hər cür çətinlik və əziyyətdən qoruyacaq, asanlıq verəcək və yenə onun xoşuna gələcək saysız nemət yaratmışdır. Bu şəkildə Allah insana rəhmət qapılarını sonuna qədər açmış və onu mərhəməti altına almışdır. Bunun qarşılığında insan hər nemət və gözəllik qarşısında Allaha davamlı şükür etməlidir.

İman sahibləri Allahın üzərlərindəki rəhmətini, böyüklüyünü, ucalığını qavrayaraq hər zaman Onu ucaldırlar. Çünki onlara verilən hər cür nemət qarşılığında onlardan istənilən davamlı nemətləri anmaları və həmd edən qul olmalarıdır. Bir ayədə Rəbbimiz belə buyurur:
Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər. (Səba surəsi, 6)