Dünya həyatında Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri
Canlılar dünyasında Allahın Bədi (örnəksiz yaradan) isminin çox gözəl dəlilləri var. “Bəqərə” surəsində Rəbbimiz “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” –deyər, o da olar.”(Bəqərə surəsi, 117)şəklində buyurur. Allahın elmi sonsuzdur. İnsanın ətrafında görə bildiyi və görə bilmədiyi hər şeyi Allah örnəksiz yaratmışdır. Kainatın, qalaktikaların, planetlərin, canlıların, hətta tək bir hüceyrənin adlarının belə olmadığı bir zamanda, Allah atomlardan, molekullardan, hüceyrələrdən, canlılardan, planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət qüsursuz sistem yaratmışdır. İnsanların minlərlə il sonra kəşf edə bildikləri mikro dünyadan göy cisimlərinə qədər hər şey Allahın yaratdığı sistemlərdir və Onun müəyyənləşdirdiyi qanunlara tabedirlər. Ayələrdə belə bildirilir:
De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”. (Əraf surəsi, 29)
O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi 101)Rəbbimiz hər şeyi mükəmməl nizam içində yaradıb. Kainatdakı hər cisim, yer üzündə olan milyardlarla canlı möhtəşəm ahəng içində yaşayır. Təbiətdəki nizam pozulmur və milyonlarla il ərzində sabit şəkildə davam edir. Yalnız dünya üzərindəki həyatı araşdırdıqda belə heyrətamiz bir çox detalla qarşılaşırıq. Ətrafımız fərqində olduğumuz və ya olmadığımız saysız yaradılış dəlili ilə doludur. Əgər kainatdakı nizamın sayəsində dünya üzərindəki canlılar yaşaya bilirlərsə, bu, üstün ağıl sahibi Yaradıcının hər şeyi bir-birinə uyğun yaratdığını göstərir.
Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi. (Belə etdi) ki, orada geniş yollarla hərəkət edəsiniz. (Nuh surəsi, 15-20)Allahın Rəhman və Rəhim isimləri üzərində düşünmək insanın bu yaradılış dəlillərini görə bilməsinə, Allahın sonsuz elmi ilə yaratdığı və əmrinə verdiyi nemətləri təqdir edə bilməsinə kömək edir. Növbəti səhifələrdə insanların dünya həyatında hər an qarşı-qarşıya olduqları, ancaq diqqətlə düşünmədikləri halda gündəlik adi hadisələr olaraq dəyərləndirə biləcəkləri Allahın rəhmətinin dəlillərindən nümunələr verəcəyik. Bu dəlillərin hər biri Allahın qullarına olan sonsuz sevgisini və mərhəmətini əks etdirir.
Yağış yer üzünə dəyişməz ölçüdə enir. Yağışın ölçülərindən birincisi düşmə sürəti ilə bağlıdır. Yağış damcısı ilə eyni ağırlıq və böyüklükdəki bir cismi 1200 metrdən buraxdıqda sürəti artacaq və yerə təxminən 558 km/saatlıq sürətlə düşəcək. Halbuki yağış damcılarının orta hesabla sürəti yalnız 8-10 km/saatdır. Bunun səbəbi isə yağış damcısının atmosferin sürtünmə təsirini artıran və yerə daha yavaş düşməsini təmin edən formaya malik olmasıdır. Əgər yağış damcısı fərqli formada olsa idi və ya atmosferin sürtünmə xüsusiyyəti olmasa idi, hər dəfə yağış yağdıqda yer üzü çox böyük fəlakətlə qarşı-qarşıya qalardı.
İnsan bədəninin təxminən 70%-i sudan ibarətdir. Hüceyrələrinizdə hər şeydən daha çox su var. Bədəninizin hər tərəfində axan qanın yenə də çox böyük hissəsi sudur. Sırf siz və digər insanlar deyil, bütün canlıların bədənlərinin böyük hissəsi sudan ibarətdir. Susuz həyatın var ola bilməsi mümkün olmazdı. Əgər kainatın qanunları maddənin yalnız qatı və qaz halının mümkünlüyünə icazə versəydi, həyat heç bir zaman mövcud ola bilməzdi. Çünki qatı maddələrdə atomlar bir-birləri ilə çox iç-içə və durğundurlar. Canlı orqanizmlərin reallaşdırmaq məcburiyyətində olduqları dinamik molekulyar proseslərə qətiyyən imkan vermirlər. Qazlarda isə atomlar heç bir sabitlik göstərmədən sərbəst şəkildə uçuşur və belə bir quruluşda canlı orqanizmlərin kompleks mexanizmlərinin işləməsi mümkün deyil. Qısası, həyat üçün lazımi proseslərin reallaşdırılması üçün maye mühitin varlığı zəruridir. Mayelərin ən idealı, daha doğrusu tək ideal olanı sudur. Kainatı da, bunlara uyğun olaraq insanın bədənini də yaradan Allahdır. Bunların hamısı Allahın Quranda bildirdiyi ifadə ilə “(Bu,) hər şeyi kamil şəkildə edən Allahın işi” (Nəml surəsi, 88) və qullarına olan lütfüdür.
Suyun axıcılıq dəyəri yalnız hüceyrədəki hərəkətlər baxımından deyil, eyni zamanda qan dövranı sistemi baxımından da çox əhəmiyyətlidir. Bir millimetrin dörddə birindən daha böyük bədəni olan bütün canlılar mərkəzi qan dövranı sisteminə malikdirlər. Çünki bu böyüklükdən sonra qidaların və oksigenin birbaşa hüceyrə içindəki mayeyə buraxılaraq daşınması mümkün deyil. Bədənin içində çox sayda hüceyrə var və xaricdən alınan havanın və enerjinin hüceyrələrə bəzi “kanallar” yolu ilə nasosla vurulması, artıqların da başqa bəzi “kanallar” tərəfindən toplanması tələb olunur. Bu kanallar damarlardır. Ürək isə bu damarlardakı hərəkəti təmin edən nasosdur. Damarların içində axan maddə isə “qan” olaraq bildiyimiz mayedir ki, əslində, təməl olaraq sudan ibarətdir. (Qanın içindəki hüceyrə, zülal və hormonları çıxdıqda geriyə qalan və plazma adlandırılan mayenin 95%-i sudur.) Məhz bu səbəbdən, suyun axıcılığı qan dövranı sisteminin məhsuldar işləyə bilməsi baxımından çox mühümdür. Məsələn, əgər suyun axıcılığı qətrandakına bənzər dəyərdə olsa, əlbəttə, heç bir ürək bunu nasoslaya bilməyəcək.
Qətrandakından 100 milyon qat yüksək axıcılıq dəyəri olan zeytun yağına bənzər su ürək tərəfindən nasoslansa belə, bədənin hər tərəfini örtən milyardlarla kapilyar damarın içinə girə bilməyəcək və ya çox böyük çətinliklə qarşılaşacaq. Su başqa heç bir maye ilə müqayisə edilə bilməyəcək qədər həyata uyğundur. Başqa sözlə, suyun bütün fiziki və kimyəvi xüsusiyyətləri bu mayenin insan həyatı üçün xüsusi yaradıldığını göstərir. İnsan həyatı üçün xüsusi olaraq yaradılmış dünya insan həyatı üçün xüsusi yaradılan su ilə canlandırılmışdır. Allah su ilə bizə həyat vermiş, yediyimiz hər cür qidanı su ilə torpaqdan bitirmişdir. Allah Quranın bir çox ayəsində suyun çox mühüm nemət olduğunu bildirir. Bu ayələrdən bəzilərində Rəbbimiz belə buyurur:
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-11)İnsanın bədənindəki bütün sistemləri, hər hüceyrəsinə çatan su ilə həyat tapacaq şəkildə yaradan Allah xarici aləmdə də bunun üçün su qaynaqlarını, çayları yaradır, buludları aparıb yağış yağdırır və beləcə insanlara bu rəhmətini bol-bol verir. Allah hər şeyi bir-biri ilə o qədər əlaqəli və uyğun yaratmışdır ki, vicdan sahibi hər insan bunlardan birini yaradanın digər hər şeyi də yaratmış olduğunu, yəni Allahın bir və tək İlah olduğunu açıq şəkildə görə bilər. Bunun davamında da Allahın bütün bunları qullarına nemət olması üçün sevgi ilə, rəhmətlə yaratdığını və Onun çox lütfkar olduğunu anlaya bilər.
Əksər insanlar indiyə qədər nə qədər rəngli dünyada yaşadıqlarını, belə bir rəng müxtəlifliyinin necə yarandığını düşünməmiş ola bilərlər. Rənglərin olmadığı bir dünyanın necə ola biləcəyi də heç ağıllarına gəlməmiş ola bilər. Çünki gözləri görən hər kəs dünyaya gözlərini açdığı andan etibarən rəngli dünya ilə qarşılaşır. Qapqaranlıq və rəngsiz ola biləcəyi halda, heyrətamiz bir şəkildə dünyamızın parlaq və rəngarəng olması Allahın bizlərə mərhəmətini açıb göstərir. Rəngsiz dünya dedikdə ağlımıza qara, ağ və boz çalarların hakim olduğu bir yer gələ bilər. Əslində isə qara, ağ və boz da bir rəngdir. Buna görə insanın rəngsizliyi təsəvvür etməsi çox çətindir. Rəngsizliyi təsvir edərkən də mütləq bir rəngdən istifadə etmək məcburiyyəti hiss edilir. “Hər şey rəngsiz, qapqara idi; üzündə rəng qalmamışdı, ağappaq olmuşdu” kimi cümlələrlə rəngsizliyi ifadə etməyə çalışırıq. Halbuki bunlar rəngsizliyin deyil, ağ-qara dünyanın təsviridir. Bir saniyəlik ətrafınızdakı hər şeyin rənglərinin bir anda yox olduğunu düşünün. Belə bir vəziyyətdə hər şey bir-birinə qarışacaq, cisimləri bir-birindən ayırmaq qeyri-mümkün olacaq. Məsələn, qəhvəyi taxta stolun üzərində dayanan bir portağalı, çiyələkləri və ya rəngarəng çiçəkləri görmək mümkün olmayacaq. Çünki nə portağal narıncı olacaq, nə masa qəhvəyi, nə də çiyələklər qırmızı... Təsəvvür edilməsi belə çox çətin olan bu rəngsiz dünyada yaşamaq qısa müddət belə olsa, insana böyük çətinlik verərdi. Bütün bu nümunələr rənglərin Rəbbimizin çox böyük neməti, insanlara dinclik və sevinc verən bənzərsiz lütfü olduğunu anlamağımız üçün kifayətdir. Rəbbimiz bütün kainatı bənzərsiz gözəlliklərlə bəzəmişdir. Çünki Allahın “Sani” sifəti yaratdığı hər şeyə olduqca estetik görünüş, qüsursuzluq, incə və bənzərsiz sənət, uyğunluq və gözəllik olaraq əks olunur. Məsələn, insan bədənini araşdırsaq, qüsursuz və əksiksiz şəkildə yaradıldığını görərik.
Allah bir-birindən çox fərqli canlılarda da yenə “Sani” sifətini əks etdirəcək detallar yaratmışdır. Heç birinin xarici görünüşü digərinə bənzəmir. Tropik bölgələrdə yaşayan quşların qanadlarında və ya çiçəyin yarpaqlarında fosforlu rənglər olarkən, kəpənəyin qanadlarında çox fərqli rəng tonları yaradılmışdır. Eyni şəkildə, sürünənlə quşun və ya dəniz canlısının görünüşü də görünüş baxımından bir-birindən fərqlidir. Bitkilər aləmində də Allahın sonsuz sənətini görmək mümkündür. Belə ki,“Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır”(Nəhl surəsi, 13) ayəsində bildirildiyi kimi, Allah bir-birindən fərqli milyonlarla növ bitki və çiçək yaratmışdır. Hər birinin qoxusu, forması, rəngi, simmetriyası bir-birindən fərqlidir. Tək bir çiçəyin məsələn, orxideyanın belə yüzlərlə fərqli görünüşdə, fərqli rəngdə növü var. Eyni şəkildə, tək bir çiçəyin məsələn, qızılgülün bir-birindən fərqli bir çox rəngi və bu rənglərin də öz içlərində fərqli tonları var.
Şübhəsiz ki, bu rənglər, tonlar, naxışlar açıq-aydın bir sənətin göstəricisidir. İnsan baxdığı hər yerdə bu sənətin nümunələri ilə qarşılaşır. Bütün bunlar çox uca Sənətkarın sonsuz sənətinin nümunələrindəndir. Bu Sənətkar sonsuz yaxşılıq və gözəlliyin sahibi olan Allahdır. Rəbbimiz bütün bunları insanlara nemət olaraq və xüsusilə də onların ən bəyənəcəyi və zövq alacağı şəkildə yaratmışdır.
Canlılar aləmində rəngləri ən incə təfərrüatına qədər qavrayan ən funksional göz insan gözüdür. Belə ki, insan gözü milyonlarla rəngə qarşı həssasdır. İnsandakı mükəmməl şəkildə çalışan bu göz mexanizmi rəngli dünyanı görə bilmək üçün xüsusi olaraq yaradılmışdır. Bu səbəbdən dünyada, kainatda belə bir nizamın varlığını anlaya biləcək tək varlıq ağıl sahibi olan insandır. Bütün bu məlumatlardan belə bir nəticə çıxır: Yer üzündəki və göydəki hər təfərrüat, hər naxış, hər rəng insanın bu nizamı anlayıb dərk etməsi və bunun üzərində düşünməsi üçün yaradılmışdır.
Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə nizamlanmışdır. Həm canlılara, həm də cansız dünyaya qüsursuz simmetriya və rəng ahəngi hakimdir. Düşünən insan necə ki, bir rəsm əsərinin rəssamı olduğunu ilk baxdığı anda dərk edirsə, aydın, simmetrik və olduqca estetik olan mühitin də bir Yaradıcısı olduğunu eyni şəkildə anlayacaqdır. Bu rəngləri yaradan, yaratmada heç bir şəriki olmayan, hər şeyi bir-biri ilə uyğunluq içində var edən, bizi milyonlarla rənglə bəzənmiş saysız-hesabsız gözəlliyin və nemətin olduğu bu dünyaya yerləşdirən Allahdır. Allahın yaratmasında hər şey bir-biri ilə tam bir uyğunluq içindədir.
Dünyanın hər kvadrat millimetrdə insanın gördüyü və ya görə bilmədiyi həyat hökm sürür. Təkhüceyrəli orqanizmlərdən bitkilərə, böcəklərdən dəniz heyvanlarına, quşlardan sürünənlərə qədər bütün canlılar dünyaya yayılıb. Torpağı bir az araşdırdıqda içində bir-birindən tamamilə fərqli xüsusiyyətlər olan növbənöv canlılar olduğunu görərsiniz. Eyni şey nəfəs aldığınız hava üçün də keçərlidir. Hətta dərinizin üzərində, bəlkə də adını heç eşitmədiyiniz canlılar yaşayır. Bütün canlıların bağırsaqlarında həzm etmələrini təmin edən milyonlarla bakteriya və ya təkhüceyrəli canlı yaşayır. Eyni şəkildə dünyadakı heyvan sayı insan sayından qat-qat çoxdur. Bir də bunlara bitkilər aləmini əlavə etsək, anlayarıq ki, dünyada həyat olmayan boş bir sahə demək olar ki, yoxdur. Milyonlarla kvadrat kilometrlik geniş sahəni əhatə edən bu canlıların hər birinin özlərinə məxsus bədən quruluşu, həyat tərzi və saysız xüsusiyyətləri var. Ən başlıcası da bu canlıların hamısının bir məqsədə yönələrək yaradılmalarıdır. Hər birinin ayrılıqda yer üzündəki tarazlığa çox mühüm faydaları var. Bu canlıların iştirakı ilə yaranan tarazlığın hədəfi isə yenə insandır. Rəbbimiz insanın rahat yaşaması üçün saysız-hesabsız canlıları xüsusi funksiyalarla və lazımi sayda yaratmışdır. Haraya baxsaq, nəyi araşdırsaq, Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri ilə qarşılaşarıq. Rəbbimiz dünyanı çox müxtəlif, rəngarəng və qeyri-adi xüsusiyyətlərlə bəzənmiş varlıqlarla dolduraraq insanların həm estetik anlayışlarına və zövqlərinə xitab etmiş, həm də onlara saysız faydalarla təmin edərək Rəhman və Rəhim isimlərini göstərmişdir.
Kainatdakı uyğunluğu göstərən dəlillərdən biri də simmetriyadır. Canlılar simmetrik quruluşa malikdirlər. Təbiətdə gördüyümüz hər hansı bir toxum, meyvə və ya yarpaq araşdırılsa, quruluşlarındakı simmetriya dərhal görünəcək. Yarpaqlı hər hansı bir bitkini düşünək. Yarpaqlar gövdənin ətrafına spiral kimi dolanırlar. Bu da diqqətçəkən simmetriyadır. Eyni şəkildə toxumun rüşeyminin yerləşdirilməsi də, yarpaq damarlarının düzülüşü də xüsusi nizama malikdir. Təbiətdəki simmetriyaya başqa bir nümunə kəpənək qanadlarıdır. Kəpənəklərin hər iki qanadında da eyni rəng tonu və eyni model var. Bir qanadda olan naxış digər qanadda da eyni şəkildə mövcuddur. Ətrafımızda simmetriyanın daha bir çox növünü görə bilərik. Bütün bu verilən nümunələrdən ortaq nəticə əldə edilir: canlılarda mükəmməl nizam və möhtəşəm yaradılış var və bu insan ruhuna xüsusi zövq verir.
Bunların hamısı insanın bəyənməyi üçün yaradılmışdır. Təbiətdə mövcud olan başqa heç bir canlı bu sənət və gözəlliklərdən zövq alacaq ruha sahib deyil. Simmetrik olmayan görüntülər insanların gözlərini yorur və onlara zövq vermir. Qarışıqlıq və harmoniyanın olmadığı mühit insanın ruhuna təsir etmir. Allah təbiəti qüsursuz ahəng və simmetriya içində yaratmışdır. Bitkilərdən heyvanlara, bəzən dağlara daşlara qədər canlı və cansız hər detalda, hətta ən uzaqda yaşayan canlılarda, okeanların yüzlərlə metr dərinliklərində belə bu sənətini təzahür etdirmişdir. Şübhəsiz, bu Allahın qullarına dəyər verməsindən, onlara olan şəfqətindən və sevgisindən irəli gəlir.
Təbiətdə mövcud olan hər canlının sahib olduğu rənglərin, naxışların, xalların, hətta xəttlərin belə mənası var. Bəzən öz aralarında ünsiyyət vasitəsi, bəzən isə düşmənlərə qarşı xəbərdarlıq olaraq istifadə edilən rənglər canlılar üçün həyati əhəmiyyət daşıyır. Belə ki, o canlının sahib olduğu rəngin tonunun açıq, yaxud tünd olması, xətlərinin istiqaməti belə xüsusi olaraq təyin olunmuşdur. Diqqətli baxan bir göz yalnız canlıların deyil, təbiətdəki hər şeyin tam lazım olduğu kimi mövcud olduğunu dərhal görəcək. Üstəlik, hər şeyin insanın xidmətinə verildiyini, səmanın mavi rənginin, çiçəklərin rəngarəng görünüşlərinin, yamyaşıl ağacların, otlaqların, gecə zülmət qaranlıq içində dünyanı işıqlandıran Ayın, ulduzların və daha saymaqla bitməyəcək qədər çox gözəlliyin Allahın rəhmətinin əsərlərindən olduğunu anlayacaq. Allah bütün kainatı, onun içindəki bütün canlıları əksiksiz olaraq yaradaraq yalnız insana deyil, bütün canlılara mərhəmət etmişdir. Bir ayəsində Allah “Mərhəmətim isə hər şeyi əhatə etmişdir”(Əraf surəsi, 156) buyuraraq bu həqiqəti insanlara bildirmişdir. Hər şeyi hakimiyyəti altında saxlayan üstün güc sahibi Allahın əzəməti çox ucadır. Allahın qullarına olan sonsuz mərhəmətini və lütfünü görən insana düşən ən mühüm vəzifə özü Allahdan razı olduğu kimi, onun da Allahı razı salmaq üçün səy göstərməsi və Onun nemətlərinə layiq olmağa çalışmasıdır.