Dünyanın yaradılışında Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri

İnsanlar bəzi şeylərlə ilk dəfə qarşılaşdıqda, ondakı qeyri-adiliyi anlaya bilər və bu, onların düşünmələrinə, gördüklərini müşahidə edib araşdırmalarına səbəb ola bilər. Lakin bir müddət sonra həmin şeyə qarşı vərdiş yaranır və artıq ilk dəfə olduğu kimi təsirlənmirlər. Xüsusilə də hər gün qarşılaşdıqları hər hansı bir varlıq və ya hadisə artıq onlar üçün “adi” hala çevrilir. Dünyanın varlığı, yeri və içindəki şərait üçün də eyni vəziyyət hakimdi.

Doğulduğu andan etibarən Yer planeti ilə bağlı bir çox qeyri-adi məlumatlara sahib olan insan da bu valehedici vəziyyətə öyrəşir. Dünyanın boşluqda dövr etdiyini, ayağının bir neçə kilometr altında qaynayan təbəqə olduğunu, dünyanın hər an kosmik cisimlərlə toqquşma təhlükəsi ilə üz-üzə qaldığını və günəşin əvəzolunmazlığını çox normal qarşılayır. Halbuki düşünən insan iç-içə olduğu nemət və gözəlliklərə adi gözlə baxmır. Dünyanın bütün canlıların yaşaması üçün bu qədər əlverişli olması və bunun üçün lazımi bütün şərtlərin bir yerdə və qüsursuz şəkildə mövcud olması bu insanı hər zaman heyran edir. Dünyanın Günəşə olan uzaqlığını, atmosferdəki tarazlığı, dünyanın öz ətrafında və Günəş ətrafında dönmə sürətlərini, dünyadakı okeanların, dağların insanlar üçün faydalarını, canlıların sahib olduqları xüsusiyyətləri və bunların bir-biriləri ilə əlaqələrini düşündükdə dərhal Allahın mərhəmətli və rəhmli olduğunu xatırlayıb şükür edir. Allah yaşadığımız dünyanı canlıların həyatı üçün xüsusi şəkildə yaradıb. Aşağıda ayrı-ayrı izah edəcəyimiz bu dəlillər üzərində düşünmək Allahın sonsuz gücünü anlamaq üçün çox vacibdir.

Dünyanın temperaturu Allahın Rəhman isminin çox üstün təzahürüdür. Günəş sistemindəki məlum olan səkkiz planetin yeddisi və bunların 173 peyki arasında həyat üçün münasib olan göy cismi yoxdur. Hər biri ölü və səssiz maddədən ibarətdir. Yer kürəsi isə digərlərindən çox fərqlənir. Çünki atmosferindən yer səthinin formasına, temperaturundan mövsümlərinə, elementlərindən Günəşə olan məsafəsinə qədər hər cür tarazlığı ilə həyat üçün xüsusi yaradılmışdır.

Dünyanın bu qüsursuz yaradılışı Allahın insanlara çox böyük lütfüdür.

Dünya canlıların, xüsusilə də insan kimi çox kompleks canlı varlıqların yaşaya biləcəkləri temperatur səviyyəsinə və nəfəs ala biləcəkləri atmosferə malikdir. Lakin bu iki amil də bir-birindən fərqli faktorların ideal nisbətdə nizamlanması ilə həyata keçmişdir. Bunlardan biri dünyanın Günəşə olan uzaqlığıdır. Bütün kainatı düşündükdə görürük ki, həyat üçün lazım olan temperatur aralığının əldə edilməsi çox çətindir. Lakin dünya tam olaraq bu temperatur aralığına sahibdir. Əlbəttə ki, bu nisbətin qorunması Günəşlə dünya arasındakı məsafə ilə yanaşı, Günəşin yaydığı işıq enerjisi ilə də əlaqəlidir.

Hesablamalara əsasən, dünyaya çatan günəş enerjisinin 10% azalması yer üzünün metrlərlə qalınlıqda buz təbəqəsi ilə örtülməsinə səbəb ola bilər. Enerji bir az artarsa, bütün canlılar yanaraq ölərdi. Halbuki bunların heç biri baş vermir və dünyanın temperaturu qüsursuz şəkildə sabit qalır. Bu tarazlıq Allahın bənzərsiz sənətinin və qullarına olan sonsuz sevgisinin təzahürüdür.

Dünyanın ideal temperaturunun planet daxilində düzgün paylanması da çox vacibdir. Bu tarazlığın təmin edilməsi üçün xüsusi şərtlər bir yerdə toplanmalıdır. Məsələn, dünya oxunun 23°27´lik əyriliyi qütblərlə ekvator arasında atmosferin yaranmasına mane olan yüksək temperaturun qarşısını alır. Əgər bu əyrilik olmasa idi, qütb bölgəsi ilə ekvator arasındakı temperatur fərqi daha çox artar və həyat üçün lazımi atmosferin yaranması mümkün olmazdı. Bununla yanaşı, dünya atmosferində temperaturu davamlı tənzimləyən bir sıra avtomatik sistemlər var. Məsələn, bir bölgə çox isindikdə, suyun buxarlanması artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri əks etdirərək aşağıdakı havanın və yer səthinin daha çox qızmasının qarşısını alır. Bu tarazlıqlar bir yerə toplandıqda yer üzü insanların və digər canlıların yaşaya biləcəyi temperatura sahib olur. Bu qədər müxtəlif şərtlərin bir araya gəlməsi və yaranan mükəmməl nizam Allahın rəhmətinin saysız-hesabsız təzahürlərindən yalnızca biridir. Dünyadakı mövsümlər də bu şərtlərin nəticəsidir və hər mövsüm Allahın insanlar üçün var etdiyi bənzərsiz gözəlliklərlə doludur.

Dünyanın böyüklüyü haqqında düşünmək də Allahın bütün canlılar üzərindəki rəhmətini görməyimizi təmin edir. Yer kürəsinin xüsusiyyətlərini araşdırdıqda, yaşadığımız planetin tam lazımi böyüklükdə olduğunu görürük. Amerikalı geoloqlar bu cəhətdən dünyanın həyat üçün “uyğun” olduğunu belə ifadə edirlər: “Dünyanın böyüklüyü tam lazımi qədərdir. Daha kiçik olsa idi, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi dünyanın ətrafında saxlaya bilməzdi, daha böyük olsa idi, bu dəfə isə cazibə qüvvəsi artar və bəzi zəhərli qazları da tutaraq öldürücü atmosfer əmələ gələrdi...”Allahın yaratdığı bu incə plan və həssas tarazlıq sayəsində dünyada canlı həyat davam edir. Bu, Allahın qulları üzərindəki sonsuz şəfqətinin gözəl nümunəsidir.

Yerin daxili quruluşu da həyat üçün xüsusi yaradılmışdır. Yerin təbəqələri sayəsində dünya ətrafında maqnit sahəsi əmələ gəlir və bu maqnit sahəsi həyatın qorunması üçün çox vacibdir. Yer, atmosferin xaricinə qədər uzanan maqnit sahəsinə görə, kosmosdan gələn təhlükələrə qarşı müdafiə olunur. Günəşdən başqa digər ulduzlardan gələn kosmik şüalar Yerin ətrafındakı bu qoruyucu qalxanı keçə bilmir. Dünyanın maqnit sahəsi bu öldürücü şüaların yalnızca 0.1%-ini keçirir, qalan mində birlik şüalar isə atmosfer tərəfindən udulur. Əgər bu maqnit qalxanı olmasa, yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv olar və yaranan mühit həyat üçün əlverişli olmazdı. Lakin yer kürəsinin nüvəsi tam lazımi formada olduğuna görə dünya bu cür müdafiə olunur. Başqa sözlə desək, Qurandakı “Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər” (Ənbiya surəsi, 32)ayəsi ilə diqqət çəkildiyi kimi, göydə bizim üçün qurulmuş xüsusi qoruyucu qalxan var.

Canlıların qorunması üçün Allahın yaratdığı sistemlər fizika qanunları ilə məhdudlaşmır. Məsələn, insanın üzərində gəzdiyi Yer səthinin möhkəm və etibarlı olması buna nümunədir. Yerin mərkəzinə doğru endikcə temperatur hər kilometrdə 30oC artır. Nüvədə isə bu temperatur 4500oC-yə çatır. Yerin yalnızca 1 km dərinliyindəki temperaturun 60oC-yə yaxın olduğunu düşündükdə, bunun nə qədər böyük təhlükə olduğu açıq şəkildə görünür. Halbuki bütün canlılar ayaqlarının altında qaynayan maqmadan xəbərsizcə həyatlarını davam edirlər. Gördüyünüz kimi Allah içində alov topu olan Yerin səthində mükəmməl nizam yaratmışdır. O, göyü və yeri nəzarəti altında saxlayır, kainatdakı bütün canlıları bildikləri və ya bilmədikləri böyük təhlükələrə qarşı hər an qoruyur. Bir çox insanların varlığını təbii hal kimi qarşıladıqları və vərdiş etdikləri bir çox xüsusiyyət, əslində Allahın qullarına olan mərhəmətinin və İlahi qorumasının dəlilidir. Çünki yer üzündəki nizamı təmin edən yüzlərlə fizika qanununun hazırda olduğu kimi var olması üçün heç bir məcburiyyət yoxdur. Ancaq Allah qoruyanların ən xeyirlisidir.

Yer atmosferi həyat üçün lazımi şərtlərin bir yerə gətirilərək yaradılmış qeyri-adi qarışıqdır. 77% azot, 21% oksigen və 1% nisbətində karbondioksid və arqon kimi digər qazların qarışığından əmələ gəlir. İnsan və kompleks bədənə sahib digər canlıların enerji əldə etmək üçün istifadə etdikləri kimyəvi reaksiyalar oksigen sayəsində baş verir. Buna görə bizim də oksigenə ehtiyacımız var və bu ehtiyacı təmin etmək üçün nəfəs alırıq. Nəfəs aldığımız havadakı oksigenin miqdarı çox həssas tarazlıqla müəyyən edilmişdir. Əgər atmosferin tərkibi daha fərqli olsa, dünyada canlı aləmin yaranması mümkün olmazdı. Lakin Rəbbimiz atmosferi qüsursuz nizamla, canlıların həyatına imkan verəcək şəkildə yaratmışdır və rəhmətinin dəlili olaraq bu tarazlığı qoruyur. Bu mükəmməl işləyən sistemi yaradan, hər atom və molekula hakim olan sonsuz elm sahibi Allahdır. Allahdan başqa heç bir güc bu atomları oksigen və ozon qazı molekulları olaraq müxtəlif nisbətdə bir yerə gətirə bilməzdi. Atmosfer çox çətin nəfəs alacağımız ağır və iyli qazlardan əmələ gələr, bütün insanlar da bu cür nəfəs almağa məcbur olardılar. Lakin sonsuz mərhəmət sahibi olan Rəbbimiz atmosferi insanın ən rahat nəfəs ala biləcəyi şəkildə var etmişdir. Bu, Allahın qulları üzərindəki qorumasıdır. Allah qullarını qoruyan, müşahidə və mühafizə edəndir, Hafizdir. Bir ayədə buyurulur: “... siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”. (Hud surəsi, 57) Kainatdakı bu qarışıq və saysız-hesabsız incəliklərlə bəzənmiş sistemi yaradan, anbaan ona nəzarət edən və qoruyan Allahdır. O hər şeyi yoxdan var etmiş və bu yaradılışın hər saniyə və dəqiqəsinə sonsuz ağlı və gücü ilə hökm edərək qüsursuz nizam yaratmışdır. Hələ də bu nizamı anbaan yaradır, nəzarət edir və qoruyur. Allah bir ayədə bu həqiqətə belə diqqət çəkir: “Həqiqətən, sənin Rəbbin nəzarət edir”. (Fəcr surəsi, 14)

Atmosferin rəqəmsal nisbətləri yalnızca bizim nəfəs almamız üçün deyil, mavi planetimizin “mavi” qalması üçün də çox əhəmiyyətlidir. Əgər atmosfer təzyiqi hazırki dəyərindən beşdə bir qədər azalsa, dənizlərdəki buxarlanma nisbəti artar və atmosferdə artan su buxarı dünyanın temperaturunu hədsiz dərəcədə dəyişərdi. Əgər atmosfer təzyiqi hazırki dəyərindən bir qat çox olsa, bu dəfə isə atmosferdəki su buxarı nisbəti yüksək həddə azalar və dünyadakı quru sahələrinin böyük hissəsi səhralaşardı. Bütün bu tarazlıqlar Yerin digər xüsusiyyətləri kimi atmosferinin də insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərir. Bütün kainata hakim olan, maddəni yoxdan var edərək dilədiyi formaya salan, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında saxlayan Rəbbimiz kainatı insanın əmrinə vermişdir. Allah üzərində yaşadığımız mavi palneti bizim üçün xüsusi nizamlamış, Quranda bildirildiyi kimi insan üçün yeri “döşəmişdir”. (Naziat surəsi, 30) Müşahidə etdiklərimiz bizə bu qüsursuz nizamın Allahın üstün şəfqət və mərhəmətinin təzahürü olduğunu göstərir. Yer kürəsi, üzərində canlıların yaranması üçün xüsusi olaraq nizamlanmışdır. Dünyanın kosmosdakı yeri, canlıların ehtiyacı olan hər cür nemətlə təchiz edilməsi, bu planetin Allahın əsəri olduğunu açıq-aşkar göstərir. Həyat üçün ən əlverişli şəkildə yaradılan Yer planetində yaşayan canlılarda heyranedici yaradılış nümunələri görünür. Hər bir canlı onun üçün ən uyğun mühitdə və uyğun bədən quruluşu ilə yaradılmışdır. Yer üzündəki varlıqlara aid olan hər bir incə detal Onun qüsursuz sənətini əks etdirir.