Hər camaata bir elçi göndərilməsi Rəbbimizin Rəhman isminin təzahürüdür
Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz insanlara özlərini xəbərdar edən, Allahın və axirətin varlığını, həyatın gerçək mənasını bildirən elçilər göndərir. Elçilər insanları hidayət yoluna sövq etmək üçün bütün həyatları boyu çox səmimi olaraq mübarizə aparırlar. İnsanları cahiliyyə həyatından qurtarıb hidayətlərinə vəsilə olmaq üçün bütün imkanlarını sonuna qədər istifadə edirlər. Quranda bu mövzuda göstərilən nümunələrdən biri hz. Nuhun qövmünə etdiyi təbliğdir. Hz. Nuh qövmünə Allahın varlığını, sonsuz güc və qüdrətini təbliğ edib, onları sapqın dinlərindən uzaqlaşdırmaq üçün ciddi cəhdlə çalışmışdır. Bunun üçün müxtəlif üsullardan istifadə etmiş, amma qövmünün inkar edən sözləri, üsyankar davranışları bu dəyərli insana heç bir şəkildə mane olmamış və o, Allahın əmrini qəti qərarlılıq göstərərək yerinə yetirmişdir. Ancaq qövmü yenə də israrla inkar etmişdir. Ayələrdə belə bildirilir:
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim və onlara (həm uca səslə), (həm də) gizlicə bildirdim. (Nuh surəsi, 5-9)Peyğəmbərlərin bu səmimi cəhdləri iman gətirənlər üçün çox böyük lütf, Rəbbimizin qullarına olan sevgisinin çox gözəl təzahürüdür. Elçi Allahdan rəhmət olaraq inkarçılarla mübarizə aparır və heç bir qarşılıq gözləmədən insanların axirət həyatlarına vəsilə olmağa çalışır.
Ayələrdə Allahın elçi göndərməklə insanlara rəhmət etdiyi belə bildirilir:
Allah möminlərə öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (Ali İmran surəsi, 164)
Həmçinin, öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik. (Bəqərə surəsi, 151)
(Allahdan) qorxub bəlkə mərhəmətə nail olasınız deyə sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz? (Əraf surəsi, 63)
Dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, (kitabları və elçiləri) Biz göndəririk sənin Rəbbinin mərhəməti kimi. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. (Duxan surəsi, 5-6)
Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. (Ənbiya surəsi, 107)Allahın müqəddəs elçiləri dünyadakı ən etibarlı, ən dürüst, ən gözəl xüsusiyyətlərə sahib, ən üstün əxlaqlı, ən ağıllı, ən bəsirətli, ən fərasətli, ən cəsur və ən səbirli insanlardırlar. Elçilərin bütün insanlarda etibar hissi yaradan, xeyirli, səmimi və cəsur şəxslər olaraq yaradılmaları Allahın insanlara çox böyük lütfüdür. Göndərildikləri camaata fayda verən, onları Allahın yoluna dəvət edən nümunəvi əxlaqa sahib peyğəmbərlər insanlara Allahın ayələri ilə xəbərdarlıq edir, yanlış davranışlardan çəkindirir, yaxşılığı və doğruluğu tövsiyə edirlər. Dünya həyatının müvəqqəti olduğunu, sonsuz axirət həyatının isə gerçək həyat olduğunu insanlara xatırladırlar. Hər camaata mütləq bir elçi göndərilməsi də Rəbbimizin insanlar üzərindəki rəhmətidir. Elçi göndərilməyən, Allahın və axirət gününün varlığı ilə xəbərdar edilib qorxudulmayan heç bir camaat yoxdur. Quran ayələrində hər camaatın mütləq bir elçi vasitəsi ilə xəbərdar edildiyi belə bildirilir:
Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın. (Fatir surəsi, 24)
Biz (Musanı) çağırdığımız zaman da sən dağın yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə Rəbbindən bir mərhəmət olaraq (səni peyğəmbər göndərdik ki,) bəlkə, düşünüb anlayalar. (Qasas surəsi, 46)
Ya da onlar: “Bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən (nazil) olan bir haqdır ki, səndən öncə xəbərdar edən (peyğəmbər) gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər. (Səcdə surəsi, 3)
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu! (Nəhl surəsi, 36)
Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və qorxudan kəs gəlmədi”– deməyəsiniz deyə (haqqı) bəyan edən Elçimiz gəldi. Artıq sizə müjdələyən və qorxudan (bir peyğəmbər) gəldi. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 19)Elçilər göndərildikləri camaatlar üçün çox böyük lütf olmuş, insanlara bilmədiklərini öyrətmiş, gözəl həyat yaşamağın, hüzur, təhlükəsizlik, sülh və ədalətlə dolu həyatın necə mümkün ola biləcəyini anlatmışlar. Amma Quranda bildirilən“...Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu (buna) inanmır” (Rad surəsi, 1) ayəsinin təzahürü olaraq tarix boyu elçilərin özləri üçün nə qədər böyük rəhmət olduğunu təqdir edə bilən və səmimi imana yönələn çox az sayda insan olmuşdur. İnkar edənlər imanı heç qəbul etməmişlər, bir qisim insanlar isə vicdanları ilə elçinin bəhs etdiklərinin doğru olduğunu bildikləri halda, Quranda bildirilən gerçək səmimiyyəti yaşamamışlar. Buna baxmayaraq, elçilər Quranda hz. Muhəmməd haqqında “Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir” (Yusif surəsi, 103) ayəsi ilə bildirildiyi kimi, insanların iman gətirmələrini səmimi arzulamış, dünyada və axirətdə nemətə qovuşmaları, ən gözəl və ən xoşbəxt həyatı yaşaya bilmələri üçün çox səmimi cəhd etmişlər. Elçilərin ətraflarındakı insanların iman gətirmələrindən, dünyada və axirətdə xoşbəxt olmalarından heç bir şəxsi mənfəətləri olmadığı halda, səmimi Allah qorxuları və üstün əxlaqlarına görə həyatlarını Rəbbimizin bu əmrini ən gözəl şəkildə yerinə yetirməklə keçirmişlər. İnsanlara imanı və din əxlaqını sevdirə bilmək üçün çox böyük çətinliklərlə qarşılaşmış, çox sıxıntılı hadisələrlə imtahan olunmuşlar. Amma heç bir çətinlik onları sarsıtmamış, Allahın yardımı və dəstəyi ilə böyük cəsarət örnəyi olmuşlar və nəticədə Allahın izni ilə qalib gələn də hər zaman onlar olmuşlar:
Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)
Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)Qullarına qarşı sonsuz mərhəmət sahibi olan Allah hər insanı elçiləri vasitəsi ilə doğru yola çağırır, hidayət yolunu tapması üçün müxtəlif xatırlatmalar edir. Hər insana öyüd ala biləcəyi qədər vaxt verir, doğrular fərqli formalarda anladılır, hər kəs haqqı qədər etdiklərinin qarşılığını görür. Dünya həyatındakı xatırlatmalar və xəbərdarlıqlar olmadan heç bir camaatın məhv edilmədiyi yenə ayələrdə xəbər verilmişdir. Sonsuz ədalət sahibi olan Rəbbimiz belə buyurur:
Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi). (Hicr surəsi, 4)
Bu ona görədir ki, Rəbbin əhalisi qafil olan kəndləri haqsızcasına məhv etməz. (Ənam surəsi, 131)
Sənin Rəbbin (şəhərlərdən) ən mühüm olanına özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. (Qasas surəsi, 59)