Heyvanların yaradılışında Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri

Əvvəlki bölmələrdə Allahın Rəhman və Rəhim isimlərinin kainatın və insanın yaradılışındakı dəlillərindən bəzilərini gördük. İnsandan başqa digər canlılarda da Rəbbimizin sonsuz şəfqət və mərhəmətinin, sonsuz lütfünün açıq dəlillərini görürük. Əti, südü, dərisi ilə, minik, yük daşıma qabiliyyəti, döyüş vasitəsi kimi istifadə etmək, ovçuluq, bal istehsal etmək kimi müxtəlif funksiyaları ilə heyvanların insanın xidmətinə təqdim edilməsi də Rəhman və Rəhim olan Allahın mərhəmətinin dəlilidir.

Heyvan balalarının üzlərindəki mülayim ifadə, rəftarlarındakı təslimiyyət və itaət isə Allahın şəfqət və sevgisinin təzahürləridir. Ən vəhşi olaraq bildiyimiz heyvanların - canavar, çaqqal, pələng, timsah balalarının belə insanda şəfqət hissini oyandırmaları, eyni zamanda heyvanların balalarına olan sevgiləri Allahın Rəhman isminin açıq dəlillərindəndir.

Dünyaya yeni gəlmiş hər canlı gücsüz və çarəsizdir. Ətrafındakı təhlükələrdən tamamilə xəbərsizdir. Qida əldə edə bilmir. Buna görə də böyüyüb güclənmək və həyatda qala bilmək üçün onu qoruyacaq birinə möhtacdır. Təkbaşına yaşamaq ehtimalı demək olar ki, yoxdur. Ancaq doğulduğu andan etibarən yanında həmişə valideynləri olur. Valideynləri onu təhlükələrdən qoruyur, qidalandırır və lazım gəlsə, öz həyatlarını onun üçün fəda edirlər.

Zəif və gücsüz balalar ancaq yetkin və güclü olanlar tərəfindən qorunsalar, həyatda qala bilərlər. Valideynləri heç bezmədən, laqeyd davranmadan bu gücsüz balaların bütün məsuliyyətini öz üzərlərinə götürürlər. Hətta bir çoxu bunu onlar hələ yumurta halında olarkən edirlər.

Ən yırtıcı heyvanlar balalarına böyük şəfqət göstərir, onları yedirir, hər cür təhlükəyə qarşı öz canları bahasına qoruyurlar. Balalarını ağızlarında daşıyan timsahlar, balalarına yuva qurmaq üçün günlərlə çır-çırpı yığan, sürüsünü təhlükədən qorumaq üçün qışqıraraq və ya yaralı təqlidi edərək düşmənin diqqətini öz üzərlərinə çəkən quşlar, düşmənləri ilə gənc zebraların arasına özlərini ataraq ölümü gözə alan yetkin zebralar, aylarla yumurtalarını və yeni doğulan balalarını heç tərpənmədən, qar fırtınalarının altında bir dəfə belə yemək yemədən ayaqlarının arasında daşıyan pinqvinlər ...

Bu heyvanların davranışlarının bir çoxunda insanın heyrət və təəccüblə qarşıladığı fədakarlıq nümunələri var. Ancaq heyvanlar ağıl, vicdan, şüur kimi xüsusiyyətlərdən məhrum varlıqlardır. Onlar bunları Allahın ilhamı ilə edirlər. Rəhman və Rəhim olan Allah vəhşi heyvanları balalarına xidmətçi etmişdir. Bütün heyvanlar bənzərsiz fədakarlıq nümunələri göstərərək, böyük vəzifənin şüurunda olaraq balalarını qida ilə təmin edirlər. Bütün heyvanlar aləminin ruzisi Allahın mərhəməti sayəsində əksiksiz təmin edilir. Canlıların həyatında olan milyonlarla dəlillərdən bəziləri bunlardır:

Timsah ən vəhşi heyvanlardan biridir. Ancaq balalarına göstərdiyi qayğı olduqca heyrətamizdir. Balaları yumurtadan çıxdıqdan sonra onları ağzında suya kimi daşıyır. Bundan sonra balalar böyüyənə kimi timsah onları ağzında və ya üzərində daşıyır. Balalar üçün ən təhlükəsiz yer analarının ağzında olan və xüsusi olaraq bu məqsədlə yaradılmış və bir çox balanı saxlaya bilən qoruyucu kisədir. Bala timsahlar hər hansı bir təhlükə hiss etdikdə dərhal analarının ağzındakı qoruyucu “sığınacağa” qaçırlar. Halbuki timsah həm vəhşi, həm də şüuru olmayan heyvandır. Bu səbəbdən ondan gözlənilən davranış balalarını qoruması deyil, qidalanmaq üçün ayrı-seçkilik etmədən onları da yeməsidir. Ancaq belə bir şey baş vermir və Allahın ilhamı ilə hərəkət edən timsahlar böyük diqqətlə balalarını daşıyırlar. Allah yaratdığı hər canlıya qarşı mərhəmətli olandır, qoruyandır.

İnsanlar üçün olduqca təhlükəli olan piton ilanı belə yumurtalarına qarşı çox qoruyucudur. Dişi piton bir dəfəyə təxminən 100 yumurta qoyur və daha sonra yumurtaları “qucaqlayır”. Bu hərəkətinin məqsədi hava çox isti olduqda yumurtaların üzərinə kölgə salaraq onları sərinlətmək, havanın temperaturu aşağı düşdükdə isə bədənini titrədərək onları qızdırmaqdır. Yumurtalarına sarıldığı müddətcə onları digər təhlükələrdən də qorumuş olur. Beləliklə, böyük təhlükələr dişi pitonun balalarına olan bu həssaslığı sayəsində aradan qalxır.

Bəs bu canlılar nəyə görə balaları üçün bu qədər çox səy göstərirlər? Nəyə görə onları öz başına buraxmaq əvəzinə hər cür ehtiyacları ilə bezmədən, usanmadan maraqlanırlar? Bunları özləri şüurlu olaraqmı edirlər? Məsələn, bir quşun öz şüuru və iradəsi ilə balasını qorumaq üçün ölümü gözə almağı ağıla və məntiqə uyğundurmu?

Əlbəttə deyil, çünki söhbət ağılsız, şüursuz, şəfqət, mərhəmət kimi duyğulara öz iradəsi ilə sahib olması mümkün olmayan heyvanlardan gedir. Burada qarşımıza tək bir gerçək çıxır: bu canlılara bala sevgisi, ana şəfqəti kimi möcüzəvi duyğuları Allah ilham edir. Yetkin heyvanların balaları üçün göstərdikləri fədakarlıq Allahın Rəhman sifətinin hər şeyi əhatə etdiyini göstərən dəlillərindən yalnız biridir.

Bəzi analar balaları süddən kəsilənə qədər öz yaşadıqları yeri tərk etmək məcburiyyətində qalırlar və beləcə, özlərini böyük riskə atırlar. Doğulduqdan və ya yumurtadan çıxdıqdan sonra bir çox heyvan növü balalarının günlərlə, aylarla, hətta bəzən illərlə qayğısına qalır. Onlara yemək, yuva, istilik verir, yırtıcı heyvanlardan qoruyur. Gün ərzində bir çox quş balalarını saatda təxminən 4-20 dəfə qidalandırır. Məməlilərdə isə anaların daha fərqli problemləri olur. Südvermə dövründə daha yaxşı qida almalıdırlar və bunun üçün daha çox ov ovlamalıdırlar. Buna baxmayaraq, bu müddət ərzində bala çəkisini artırarkən, ana davamlı çəki itirir.

Şüuru olmayan bir heyvandan gözlənilən davranış balasını doğduqdan sonra buraxıb getməsidir. Çünki heyvanlar bu kiçik canlıların nə olduqlarını belə anlaya bilməzlər. Ancaq buna baxmayaraq, bu balaların bütün məsuliyyətini öz üzərlərinə götürmələri yalnızca Allahın ilhamı və Rəhman isminin təzahürü ilə mümkün olur.

Erkək və dişi pinqvinlər balalarını sanki “ölüm bahasına” qoruyurlar. Erkək pinqvin balasını 4 ay ərzində ayaqlarının arasında heç bir fasilə vermədən saxlayır. Bu müddət ərzində yemək də yeyə bilməz. Dişi pinqvin isə həmin vaxt dənizə gedərək balası üçün yemək axtarır və yığdığı yeməkləri qursağında daşıyır. Hər ikisi də balaları üçün böyük fədakarlıq edir.

Heyvanların, xüsusilə də balaların qorunmasında yuvaların önəmli funksiyası var. Bu səbəbdən bir çox canlı növü heyrətamiz metodlardan istifadə edərək bir çox memarlıq detalları olan yuvalar inşa edirlər. Yuvaların inşasında bir çox müxtəlif metodlardan istifadə edirlər. Heyvanlar çox vaxt plan qurur, həqiqi divar ustası kimi çalışır, mühəndis kimi texniki həll yolları gətirir, bəzən də dizayner kimi yuvalarını bəzəyirlər. Çox vaxt bu usta dəbdəbəli yuvaları hazırlamaq üçün gecə-gündüz durmadan çalışır. Əgər cütləri varsa, əmək bölgüsü apararaq bir-birlərinə kömək edirlər. Ən çox diqqət ayrılan yuvalar isə dünyaya yeni gələcək balalar üçün hazırlanan yuvalardır.

Yuvaların hazırlanma texnikası şüuru və zəkası olmayan canlıdan gözlənilməyəcək qədər mükəmməldir. Növbəti səhifələrdə nümunələri veriləcək olan bu yuvaları heyvanlar öz zəkaları ilə nizamlaya bilməzlər. Çünki heyvanlar bu yuvaları inşa etməzdən əvvəl bir çox mərhələni planlaşdırmalıdırlar.

Heyvan, əvvəlcə, yumurtalarının və ya balalarının təhlükəsizliyi üçün yuvaya ehtiyac olduğunu müəyyən etməlidir. Daha sonra yuva üçün ən uyğun yeri təsbit etməlidir. Çünki heç bir canlı yuvasını təsadüfi yerə qurmaz. Yuvanın quruluşu və istifadə edilən vəsaitlər də mühitə görə xüsusi seçilir. Məsələn, dəniz quşları su kənarlarında yaşadıqları üçün ani su basqınlarına qarşı suya batmayan, üzə bilən otlardan ibarət xüsusi yuvalar qururlar. Qamışlıqların olduğu sahələrdə yaşayan quşlar isə küləkdə yelləndikdə yuvadakı yumurtaların düşməməsi üçün geniş və dərin yuvalar inşa edirlər. Habelə, çöl quşları yuvalarını temperaturun ətraf-mühitə görə ən az 10 dərəcə daha aşağı olduğu kolluqların təpəsində qururlar. Çünki əks təqdirdə yer səviyyəsində 45 dərəcə olan temperatur balalar üçün soba effekti yaradacaq və qısa müddətdə ölmələrinə səbəb olacaq. Yuvaların inşa edildiyi yer mövzusunda edilən seçim həm bilik, həm də zəka tələb edir. Halbuki bir heyvanın su basqını ehtimalından və ya yüksək istiliyin balalarına verəcəyi zərərdən xəbərdar olması və bu cür təhlükələrdən necə xilas olacağını hesablaması mümkün deyil. Ortada şüuru, ağlı və elmi olmayan canlılar, lakin eyni zamanda da şüurlu, ağıllı və elmə dayanan davranışlar var. Başqa sözlə, şüurun, ağılın və elmin sahibi olan Allahın qüsursuz yaratması var. Allah bu yaradılışda şəfqəti və mərhəməti ilə müdafiəsiz olan balaların qorunmalarını təmin edir.

Canlılar üçün balalarının həyatı çox vacibdir və yumurta qoyduqdan və ya doğumdan etibarən tək məşğuliyyətləri balalarıdır. Balaların qorunmasına çox böyük qayğı göstərirlər. Məsələn, çulha quşu balalarını qorumaq üçün bir yuva ilə kifayətlənmir, ətrafa çox sayda “saxta yuva” qurur. Bunun səbəbi, balaların böyüdüyü əsl yuvanı saxta yuvalar arasında gizlətmək və düşmənin diqqətini fərqli yuvalara çəkməkdir. Bu, əlbəttə ki, çulha quşunun öz zəkasından irəli gəlməyən çox incə planlanmış yanıltma taktikasıdır.

Düşmənlərdən yuvanı qorumaq üçün üz tutulan ən məşhur üsullardan biri də yuvanı quru yarpaqların və ya tikanlı ağaclığın içində gizləməkdir. Bəzi növlər də oyuğun içində ana və yumurtaları varkən, onları qorumaq məqsədi ilə bu oyuqların girişini palçıqla bağlayır və ya ifrazatlarını və torpağı qarışdıraraq hazırladıqları suvaqı istifadə edib, girişə kvadrat şəklində divar hörürlər. Bir çox quş növü ot və çör-çöp kimi vəsitələrdən istifadə edərək balalarının rahat böyümələri üçün çox möhkəm və olduqca maraqlı yuvalar qururlar. Gənc quş yuvanın necə hazırlandığını həmin vaxta qədər heç görmədiyi halda ilk dəfədə qüsursuz yuva qura bilir.

Şübhəsiz, bütün bunlar həmin canlıların öz başlarına sahib ola biləcəkləri bacarıqlar deyil. Elə isə quşlara və digər canlılara qüsursuz deyilə biləcək yuvaları inşa etdirən güc nədir? Canlılar sahib olduqları bu qoruyucu, mərhəmətli davranışları necə qazanırlar? Onlara bu davranışları ilham edən, onları üstün qabiliyyətlərlə birlikdə yaradan mərhəmətlilərin ən mərhəmətlisi, bağışlayanların ən xeyirlisi olan Allahdır.

Heyvanların yuvaları araşdırıldıqda arxitektura üstünlüyündən başqa, onların yuva istehsalı üçün göstərdikləri möhtəşəm fədakarlıq da diqqət cəlb edir. Məsələn, quşlar balaları üçün yuvaları xüsusi diqqətlə hazırlayırlar, amma özlərinə sadə yuvalar qururlar. İstehsal mərhələlərini düşündükdə isə bu heyvanların bu yuvaları nə qədər böyük zəhmətlə inşa etdikləri, nə qədər çox enerji sərf etdikləri və necə fədakar olduqları daha da aydın olur.

Bir quş ən sadə yuva üçün belə yüz dəfələrlə uçuş edərək çör-çöp toplamalıdır. Çünki dimdiyində hər dəfə yalnız bir və ya iki parça daşıya bilər. Ancaq quş bu vəziyyətdən qorxmur və böyük əzmlə lazımi vəsaiti daşımağa davam edir. Bu zaman əsla bezib usanmır, yorulduğu üçün vəsaiti əksik etmir, heç bir detal üçün ərinmirlər. Bu canlılara fədakarlıq, səbir, qətiyyət, çalışqanlıq, əzm kimi xüsusiyyətləri verən Allahdır. Allahın ilhamı ilə təbiətdə gücsüz canlılar güclülər tərəfindən qorunur, təbiətdəki tarazlıq davam edir. Bütün bunlar insanlar üçün Allahın sənətinin, gücünün, elminin və mərhəmətinin dəlillərindəndir.

Yeni doğulan kiçik körpələrə bağlılığa hər növ quşda rast gəlmək olur. Bunlardan biri albatros quşudur. Albatroslar hər zaman öz doğulduqları yerdə cütləşirlər. Buna görə həmin dövrdə koloniyalar halında toplanırlar. Dişilər gəlməzdən həftələr əvvəl erkəklər gəlib burada daha əvvəldən olan yuvaları təmir edirlər. Bunun sayəsində dişilər və balalar üçün mükəmməl rahatlıq təmin etmiş olurlar. Yumurtalara olan düşkünlük isə albatros quşlarında xeyli diqqət çəkir. Çünki albatros xüsusilə hazırlanan yuva içərisində yumurtaların üzərində tərpənmədən təxminən 50 gün qalır. Ancaq balalara qarşı göstərilən diqqət yalnız yumurtaların qorunması və qayğısı ilə məhdud olmur. Belə ki, albatros çox vaxt yalnız balalarına yemək tapa bilmək üçün lazım gəldikdə bir dəfəyə 1,5 kilometrdən çox yol qət edə bilir.

İndiyə qədər bəhs edilən nümunələrdə də göründüyü kimi, hər heyvan növü balasını qorumaq üçün fərqli üsullardan istifadə edir. Bunların hər biri şüuru, ağlı və düşünmə qabiliyyəti olmayan bir heyvandan gözlənilməyəcək qədər mürəkkəbdir. Hər biri nizam və plan tələb edir. Bizim qarşımızda isə şüuru və ağlı olmayan, şəfqət, mərhəmət və ya fədakarlıq kimi davranışları davamlı göstərəcək ağıl və iradədən məhrum canlılar var. Amma eyni zamanda bu canlılarda ağıl, şüur və düşüncə tələb edən əsərlər, olduqca şəfqətli və fədakarcasına davranışlar açıq şəkildə görünür. Bəs bu davranışların və əsərlərin qaynağı nədir? Sözügedən canlıların bu davranışları öz iradələri ilə etmə qabiliyyətindən məhrum olduqları aydındır. Bu qabiliyyətləri onlara ilham edən, yerin, göyün və ikisi arasındakıların Rəbbi olan Allahdır.

Qarışqalar, termitlər və ya arılar kimi dəstə halında yaşayan canlılarda da diqqət mərkəzində yumurtalar və sürfələr dayanır. Qarışqalar, yumurta və sürfələrini yeraltındakı yuvalarında hazırladıqları kiçik otaqlara yerləşdirirlər. İşçi qarışqalar rütubət və temperatur dəyişikliyinə görə sürfələrin və yumurtaların otaqlarını tez-tez dəyişdirirlər. Buna görə işçi qarışqalar, ümumiyyətlə, ağızlarında daşıdıqları sürfələrlə otaqlar arasında gedib gəlirlər. Əgər yuvaları başqa canlıların hücumuna məruz qalsa, işçi qarışqalar ilk olaraq bu otaqları boşaldır və sürfələri yuvadan kənarda bir yerdə gizlədirlər. Şüuru olmayan canlıdan gözlənilən davranış balasını doğduqdan sonra tərk edib getməsidir. Ancaq əksinə, heyvanlar balalarının bütün məsuliyyətini öz üzərlərinə alırlar. Belə ki, onları gələcəkdə qarşılaşacaqları təhlükələrdən qoruyacaq tədbirləri belə əksik buraxmırlar.

Təbiətdəki canlıların hər biri balaları tam yetkinliyə çatana qədər onların hər cür məsuliyyətini öz üzərlərinə götürür, ehtiyaclarını əksiksiz olaraq qarşılayırlar. Canlılardakı bu kimi davranışların mənbəyinin isə onların öz ağlından qaynaqlanmayacağı, bir quşun, pələng və ya hər hansı bir heyvanın başqa bir canlının ehtiyaclarını düşünərək, incə detalları nəzərə alaraq hərəkət edə bilməyəcəyi ortadadır. Bu canlılar Allahın ilhamı ilə hərəkət edirlər. Allah canlılara davranışlarını ilham edir və onlar da buna tabe olurlar. Hər biri onları yaradan Allaha boyun əyirlər.

Onlardakı sahib çıxma, qoruma, şəfqət kimi xüsusiyyətlərin qaynağı sonsuz rəhmət sahibi uca Allahdır.

Afrika qitəsinə çatan günəş şüaları bəzən canlılar üçün öldürücü ola bilər. Bu səbəbdən bir çox canlı bu öldürücü şüalardan qorunmaq üçün özlərinə kölgəlik məkanlar axtarır. Cənubi Afrika dəvəquşusu isə özündən çox yumurtalarını və balalarını düşünərək onları günəş işığından qoruyur. Bunun üçün onların üzərində durur və qanadlarını tez-tez geniş açaraq günəş işığının yumurtalarının və balalarının üstünə düşməsinin qarşısını alır. Ancaq diqqət yetirilsə, heyvan bu şəkildə günəşin şüalarına öz bədənini məruz qoyur. Bu da onun fədakarlığının heyrətamiz dəlilidir.

Canlılar balalarının qorunması mövzusu olduqda çox təhlükəli və yırtıcı ola bilirlər. Əslində, hücum və ya təhlükə hiss etdikdə balalarını götürüb o bölgədən sürətlə uzaqlaşmağa daha çox üstünlük verirlər. Qaçmaq üçün fürsət tapa bilmədikdə isə tərəddüd etmədən özlərini təcavüzkarların önünə atırlar. Məsələn, yarasalar və quşlar balalarını yuvalarından uzaqlaşdıran tədqiqatçılara hücum etmələri ilə məşhurdurlar.

Zebrlər kimi iri cüssəli, məməli heyvanlar isə sürülərinə kaftar kimi düşmənlər hücum etdikdə dərhal qruplara ayrılaraq balaları aralarına alırlar və sürətlə qaçmağa başlayırlar. Tutulduqları təqdirdə sürünün yetkinləri bu yırtıcı heyvanlara qarşı bala zebrləri qoruyurlar. Zürafələr isə hücuma məruz qaldıqda balalarını bədənlərinin altına aparır və ön ayaqları ilə düşmənlərinə sərt şəkildə vururlar.

Marallar və antiloplar ürkək və həyəcanlı heyvanlardır və balaları olmadığı zamanlarda sürətlə qaçmağı üstün tuturlar. Ancaq balalarını təhdid edən tülkü və qurdlara qarşı iti və kəskin dırnaqlarını istifadə etməkdə tərəddüd etmirlər.

Bəzi quşlar isə yaralı təqlidi edirlər və beləliklə, düşmənlərinin diqqətini balalarının üzərindən öz üzərlərinə çəkirlər. Düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin qarşısına gəldikdə yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır və bu zaman həddən çox səs-küy salır. Quş yerdə çarəsizcə çırpınırmış kimi görünür. Ancaq hər zaman tədbirli davranır və düşmənin çata biləcəyi məsafənin irəlisində dayanır. “Yaralı” quşu asan ov olaraq görən yırtıcı heyvan ovunu tutmağa çalışarkən yuvadan xeyli uzaqlaşmış olur. Heyvan quşun yuvasından kifayət qədər uzaqlaşdıqda dişi quş bir anda təqlid etməyi buraxır və təcavüzkar heyvan tam quşa çatarkən dişi quş birdən havalanır və qaçır.

Bu nümayiş çox inandırıcı alınır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna inanırlar. Torpağın üzərində yuva quran quşların çoxu balalarını düşmənlərindən bu cür qoruyurlar. Məsələn, ana ördək balalarının yanına ovçu heyvan yaxınlaşdıqda sudan uçmağı bacara bilmirmiş kimi yaralı təqlidi edərək gölün ətrafında qanad çırpır. Ancaq daim ardınca gələn hücumçu ilə arasındakı məsafəni qoruyur. Hücumçunu sahildə gizlənən balalarından kifayət qədər uzaqlaşdırdıqda isə dərhal havaya uçur və balalarının yanına qayıdır. Quşların “yaralı quş” ssenarisinə alimlər hələ də heç bir izah verə bilmirlər. Quş belə bir ssenari qura bilərmi?

Bunun üçün çox şüurlu bir varlıq olmalıdır. Hər şeydən əvvəl təqlid etmək zəka və qabiliyyət tələb edir. Bundan başqa, bir heyvan, özünü tərəddüd etmədən düşməninin önünə ata bilməsi və özünü izlətdirməsi üçün çox cəsarətli və gözüaçıq olmalıdır. Maraqlıdır ki, bu quşlar bu kimi davranışları başqalarından görərək etmirlər. Bu müdafiə taktikasına və qabiliyyətə doğulduqları andan etibarən sahibdirlər. Üstəlik, burada izah edilənlər heyvanlar dünyasında yaşanan şüurlu və fədakar davranışların çox az hissəsidir. Yer üzündəki milyonlarla növ canlı özünəməxsus qorunma sisteminə malikdir. Ancaq bu sistemlərin özündən çox, bunlardan çıxan nəticə daha mühümdür. Məsələn, bir quşun öz şüuru və iradəsi ilə balasını qorumaq üçün ölümü gözə almasını iddia etmək ağıla və məntiqə uyğundurmu?

Əlbəttə ki, deyil. Burada ağıla və şüura sahib olmayan heyvanlardan bəhs edilir və bu heyvanların bu cür şüurlu, şəfqətli hərəkət etməsini təmin edən onları bu xüsusiyyətləri ilə yaradan və yaşadan Rəhman olan Allahdır. Allah canlılara ilham etməklə Öz sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir.

Küçədə gedən insanla, gəzdirdiyi itin qəbul etdiyi qoxu eyni deyil. İt sahibinin hiss etmədiyi qoxulardan, olduğu mühitlə bağlı çox ətraflı məlumat əldə edir. Digər itlərin buraxdıqları qoxuları və ətrafdakı insanların özlərinə xas qoxularını təhlil edərək onlar haqqında məlumat toplayır. Havadakı ən kiçik nisbətdəki qoxuları belə çətinlik çəkmədən təsbit edir. İtlərin qoxulara qarşı mükəmməl dərəcədə həssas burunları var. Bəzi it növlərinin qoxu həssaslığı insanlarınkından milyon dəfə çoxdur. Bir neçə rəqəm bu xüsusi yaradılışı gözünüzdə canlandırmağa kömək edəcək. İtlərin burunlarındakı qoxu hüceyrələrinin sayı bizimkilərdən qat-qat çoxdur. Həmin xüsusiyyətlərinə görə itlər insanların və inkişaf etmiş elektron cihazların bacarmayacağı işləri bacarırlar. Narkotik maddələri, itkin düşmüş insanları, partlayıcı maddələri, ov heyvanlarını, cinayətkarları, fəlakətə məruz qalmış insanları tapmaqda heyvanların bu üstün xüsusiyyətlərindən istifadə edirlər. Məsələn, iybilmə qabiliyyəti güclü olan it növü “Bloodhound” bu qabiliyyətindən istifadə edərək heç bir əlamətin görülmədiyi bölgələrdə iz tapa bilir, dörd günlük izi təqib edə bilir və bir insanın izini 80 kilometrdən daha çox izləyə bilir. Təəccüblüdür ki, saysız qoxu olmasına baxmayaraq, itlər çaşmırlar. Belə ki, bir çox qoxu arasından axtardıqlarını rahatlıqla seçə bilirlər. Aparılan təcrübələrdə təlim keçmiş it porsuq qoxusu püskürdülmüş əşyalar arasında ondan tələb olunanı tapmışdır. “Schlieren fotoqrafiya texnikası” ilə itlərin nəfəs alıb verərkən fərqli üsuldan istifadə etdikləri aydın olub. Bir şeyi iyləyən it nəfəs verərkən burnunu oynadır, beləcə hava yan tərəfdəki yarıqlardan arxaya doğru gedir. Bu xüsusi yaradılış sayəsində itin xaricə verdiyi hava qoxunun mənbəyindən fərqli istiqamətə axır. Beləcə, nəfəsdəki hava ilə qoxunun qarışmasının qarşısı alınır. Rəhman olan Rəbbimiz canlılara belə xüsusi qabiliyyətlər verərək onları insanların xidmətinə təqdim etmişdir. Xüsusilə də itlər təhlükəsizliklə əlaqədar bir çox mövzuda insanlara çox kömək edirlər. Allah çox sevdiyi qullarına bunun kimi insanın ağlına belə gəlməyəcək yollarla rəhmətini və nemətlərini çatdırır. Bununla da onların həyatlarını asanlaşdırır, təhlükəsizliklərini təmin edir. Allah üstün kərəm sahibi, lütfkar olandır.

Ümumiyyətlə, gücsüz və çəlimsiz olan balalar yer dəyişdirərkən və ya təhlükə anlarında ana və ya ataları tərəfindən daşınırlar. Hər canlının balasını daşıma üsulu bir-birindən fərqlidir; bəziləri kürəyində, bəziləri ağzında, bəziləri də qanadlarındakı xüsusi kisələrdə balalarını daşıyır. Balalar bu daşınma əsnasında zərər görmür və dərhal təhlükəsiz mühitə çatdırılırlar. Xüsusilə təhlükə anlarında valideynlərin balalarını daşıyaraq hadisə yerindən uzaqlaşdırmaları mühüm fədakarlıq nümunəsidir. Çünki balanın hər hansı bir şəkildə daşınması heyvanın sürətini və hərəkətini böyük ölçüdə azaldır. Amma buna baxmayaraq, canlılar təhlükəli vəziyyətdə balalarını əsla tərk etmirlər. Canlılar arasında ən məşhur daşıma metodu kürəkdə daşımaqdır. Məsələn, meymunlar balalarını hər yerə daşıya bilirlər. Ana meymun balası ilə çox rahat hərəkət edə bilir, çünki bala meymun anasının qarnındakı və kürəyindəki tükləri əlləri və ayaqları ilə möhkəm tutur. Təhlükə anında ana meymun kürəyində balasını daşıdığı halda ağaca tullana, budaq boyunca qaçaraq digər ağaca dırmana bilir. Kenqurular və digər kisəli heyvanlar köməyə ehtiyacı olan balalarını qarınlarındakı kisələrində daşıyırlar. Bala kenquru beş ay anasının kisəsində yaşayır. Bu kisədən çıxdıqda belə həmişə anasının yanında dayanır. Əgər təhlükə hiss edərsə, anasına doğru qaçır və başıaşağı şəkildə kisənin içinə tullanır. Ana kenquru güclü arxa ayaqları ilə balasını da daşıyaraq qaçır. Sincablar balalarını dişləri ilə onların sallanan qarınlarından qaldırırlar. Əgər yuva dağılsa, ana sincab balalarını çox uzun məsafə də olsa, daşıyır. Hər dəfə bir balasını daşıyır və hamısının təhlükəsizlikdə olduğuna qane olana kimi köhnə yuvasına bir də qayıdıb baxır. Böcəklərdən aslanlara, qurbağalardan quşlara qədər bütün canlılar balalarını hansısa bir şəkildə daşıyaraq qoruyur. Bunların hər biri çox zəhmət tələb edən və valideynlərin həyatını təhlükəyə atan davranışlardır. Bir heyvanın bu qədər himayədar olması necə açıqlana bilər? Buraya qədər detalları ilə araşdırdığımız kimi, canlıların hər biri balaları yetkinliyə çatana qədər onların hər cür məsuliyyətini öz üzərinə götürür. Onların hər cür ehtiyacını əksiksiz olaraq qarşılayırlar. Təbiətdəki bütün canlılarda bu qorumanın və fədakar davranışların nümunələrini görmək mümkündür. Açıq olan gerçək bir daha qarşımıza çıxır: bu canlıların hər biri Allahın qoruması altındadır. Allah hər birinə davranışlarını ilham edir və onlar da buna uyğunlaşır. Allah Quranda göylərdə və yerdə nə varsa, hamısının Öz mühafizəsi altında olduğunu bir çox ayədə bildirir. Bu ayələrdən birində Rəbbimiz belə buyurur:

…Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Canlılar dünyasında digər bir möcüzəvi xüsusiyyət isə balaların sevimliliyidir. Bala heyvanların hər biri olduqca sevimli görünüşə sahibdirlər. Normaldan daha iri olan gözlər, yumru üz xəttləri, çaşqın və təslimiyyətlə qarışıq “körpə” ifadəsi bala heyvanların sevilməsini təşviq edən, qoruma instinktini hərəkətə keçirən xüsusiyyətlərdəndir. Böyüdükdə çox təcavüzkar, vəhşi heyvan olan pələng, aslan və ya ayının balası insanda çox böyük mərhəmət və şəfqət hissi oyadır. Bu canlılar kainatdakı hər şey kimi Allaha təslim olmuşlar. Allah bu gerçəyi “...Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar...” (Ali-İmran surəsi, 83)ayəsi ilə bizlərə xəbər verir. Rəbbimiz insanlarda onlara qarşı şəfqət və mərhəmət hissi oyandıraraq, onların qorunmasını da təmin etmişdir. Digər tərəfdən də, onları insanlar üçün nemət olaraq yaratmışdır. Çünki bala heyvanlar insanlarda şəfqət və mərhəmət hissi oyandıraraq onların ruhuna böyük zövq verir. Bu səbəbdən bu sevimlilik həm insanlar, həm də heyvanlar üçün çox böyük mərhəmətdir.

Pişik balaları kor və müdafiəsiz doğulurlar. Təxminən 100 qr ağırlıqdakı bu kiçik körpələrə baxa bilmək üçün ana pişik çox az yatır. Pişiklər balalarının davamlı isti qalmaları və acdıqlarında hər an südlə qidalanmaları üçün onları qarınlarına yaxın bölgələrdə saxlamağa çalışırlar. İlk həftə gözləri bağlı olmasına baxmayaraq, balalar süd içəcəkləri yeri tapmaqda çətinlik çəkmirlər. Doqquz gün sonra balaların gözləri açılır. Ananın südü balaların böyüməsi üçün tam lazım olan tərkibdə olur. Hər cür qida baxımından zəngindir, həmçinin tərkibində balanı xəstəliklərdən qoruyan xüsusi bəzi kimyəvi maddələr də var. Bala pişiklər təxminən səkkiz həftə sonra özlərinə baxacaq vəziyyətə gəlirlər. Ancaq bu müddət keçənə qədər anaları onların qayğısına çox qalır. Onları daha təhlükəsiz gördüyü yerlərə daşıyır.

Şir təbiətdəki ən güclü canlılardan biridir. Düşmənlərinə qarşı olduqca yırtıcı ola bilən şirlər balalarına gəldikdə çox həssas davranırlar. Aslan balaları doğulanda çox kiçik olur. Üç aylıq ikən ət yeməyə başlamalarına baxmayaraq, ana və qrupdakı digər şirlər altı aylıq olana qədər balaları əmizdirməyə davam edirlər. Şir və bəbir kimi pişikkimilər balalarını boyunlarının arxasından dişləyərək daşıyırlar və balalar da bu vəziyyətdə tamamilə hərəkətsiz qalırlar. Balaların hərəkətsizliyi analarının onları rahat daşımalarına kömək edir. Bu canlılara balalarına qarşı şəfqətli və mərhəmətli olmağı, dəstələrindəki digər canlıları da qorumağı, qayğı göstərməyi öyrədən, hər şeyin yaradıcısı uca Allahdır. Allah canlılarda yaratdığı bu kimi xüsusiyyətlərlə bizə həm sonsuz gücünü tanıdır, həm də şəfqətinin və mərhəmətinin sonsuz olduğunu və heyvanlarda da ən gözəl şəkildə təzahür etdiyini göstərir.

Fillərin ən mühüm xüsusiyyətlərindən biri bir-birlərinə olan bağlılıqlarıdır. Fədakarlıq və yardımlaşmağa yalnız ailə fərdləri arasında deyil, bütün sürüdə rast gəlmək olar. Məsələn, ovçular sürüyə atəş açdıqda fillər qaçıb uzaqlaşmaq əvəzinə təhlükə altındakı fillərə doğru qaçırlar. Bir-birlərinə möhkəm bağlı olan bu birliyin əsasında isə bala fil qrupu dayanır. Sürüdə yeni doğulmuş fil bütün digər fillər tərəfindən böyük sevgi və şəfqətlə qarşılanır. Əgər ana ölsə, südü olan başqa dişi fil balanı əmizdirməyə davam edəcək. Ana ilk 6 ay ərzində hər yerdə balasını izləyir. İkisi də davamlı olaraq bir-birləri ilə əlaqəli olduqlarını ifadə edən səslər çıxarırlar. Bir bala fil az da olsa, çətinlik, ya da hər hansı bir təhlükəli vəziyyəti bildirən bir səs çıxarsa, qrupun bütün üzvləri vəziyyəti araşdırmaq üçün bir araya toplaşırlar. Bu, düşmənləri çox çəkindirir. Fillərin və digər canlıların doğumdan əvvəl aralarında necə razılaşdıqları, bütün fillərin balalar üçün necə olub da birlikdə hərəkət etdikləri, onların ehtiyaclarını necə təsbit edə bildikləri, əlbəttə ki, sual yaradır. Bu heyvanların heç birində bunları öz ağıl və iradələri ilə bacara biləcək bir qabiliyyət yoxdur. Dünyanın hər yerindəki fillər bir-birlərinə bu cür kömək edirlər. Canlılar arasında heyrətamiz fədakarlıq nümunələri də Allahın yaratmasındakı möcüzələrdən biridir. Allah bu möcüzəvi davranışlarla insanlara düşünmələri lazım olan bir çox mövzunu xatırladır. Uca Allah canlıların bu vəziyyətlərini insanlar üçün nemət olaraq yaratmışdır. Allah bir Quran ayəsində, “Sizin üçün heyvanlarda da əlbəttə ibrətlər vardır...” (Nəhl surəsi, 66)buyuraraq bu həqiqəti bildirmişdir.

Ayı balaları qışın ortasında anaları qış yuxusunda ikən kor və tüksüz doğulurlar. Dələ böyüklüyündəki bala ayı yalnız süd əməcəyi yerə çıxacaq qədər güclüdür. Dişi qəhvəyi ayının südü yağ və kalori baxımından çox zəngindir, buna görə də bala qış boyunca sürətlə böyüyür. Ana ayı yazda oyandıqda bala onu yuvanın xaricində izləyəcək qədər güclənmiş olur. Çox hərəkətli olan ayı balaları yuvadan kənarda çox müdafiəsizdirlər. Bir il ərzində onları bütün təhlükələrdən qoruyan analarının yanında qalaraq özlərinə baxmağı öyrənirlər. Bu müddətdə müntəzəm qidalandıqları üçün sürətlə böyüyürlər. Ayı da digər bütün valideyn heyvanlar kimi balasının təhlükədə olduğunu düşünsə, düşmənlərinə qarşı çox yırtıcı ola bilər. Ana ayı üç il ərzində balaları ilə heç bezmədən maraqlanır, onların həyatlarını qoruyur.

Təbiətdəki ən vəhşi canlılardan biri olan canavarlarda yetkinlərin ortaq vəzifəsi balaları müdafiə etməkdir. Canavar sürüsü bir erkək, bir dişi, yeni doğulan balalar və bəzən də bir və ya iki gənc canavardan ibarət olur. Sürüdəki dişilər öz aralarında yardımlaşırlar. Bəzən sürüdəki dişilərdən biri körpələrə baxmaq üçün gecə boyunca yuvada qalır. Bunun sayəsində balaların anası ova gedə bilər. Bu canlıların davranışlarındakı ağılı, şəfqəti və mərhəməti onlara Rəhman və Rəhim olan Allah ilham etmişdir. Allah heyvan növlərinin nəslinin davam etməsi üçün bu canlıları fədakar və çalışqan olaraq yaratmış, onlara müdafiə olunmaq, ov etmək, qidalanmaq, çoxalmaq üsullarını ayrı-ayrı ilham etmişdir. Onlara yuvalarını inşa etdirən, qüsursuz planlar qurduran, onları qoruyan və saxlayan sonsuz mərhəmət və şəfqət sahibi Allahdır.

Allah, Quranda “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)” (Nəhl surəsi, 68) ayəsi ilə bal arısına yuvasının yerini ilham etdiyini bildirmişdir. Bal arısında olduğu kimi canlıların hamısına yuvalarının yerlərini, inşaat texnikasını, istifadə edəcəkləri materialları Allah ilham edir. Bir çox heyvan növü çoxala bilmək, yumurtalarını və ya balalarını qoruya bilmək üçün böyük fədakarlıq edir və çətinliklərə dözür. Hətta bəzən bu yolda “ölümü gözə alan” canlılar da var. Bir çox canlı yumurtalarını və balalarını qoruya bilmək üçün böyük əziyyətlərə dözür. Onları gizlədir, qırılmamaları üçün diqqətlə bir yerə toplayır, onları istiliklə təmin edir və ya həddindən artıq istilikdən qoruyur, təhlükə anında bütün yumurtalarını başqa yerə aparır, həftələrlə keşiyini çəkir, hətta ağzında daşıyır.

Bir çox quş, balıq və sürünənlərdə bu fədakar və şəfqətli davranışları görmək mümkündür. Yumurta qoymaq üçün kilometrlərlə uzağa köç edənlər, çox böyük və əziyyət tələb edən yuvalar inşa edənlər, cütləşmə və ya yumurtlamadan sonra ölənlər, yumurtalarını həftələrlə ağızlarında daşıyıb bu müddət ərzində qidalana bilməyənlər, yumurtalarının başında həftələrcə keşik çəkənlər ... Əslində, bu fədakarlıqların hər biri mühüm məqsədə xidmət edir: canlı növlərinin nəsillərinin davamı. Zəif və gücsüz balalar ancaq yetkin və güclü olanlar tərəfindən qorunsalar, həyatda qala bilirlər. Doğulduğu anda tərk edilən ceyranın və ya hər hansı bir yerə buraxılan quş yumurtalarının, şübhəsiz ki, öz başlarına yaşamaq imkanı demək olar ki, yox kimidir. Ancaq canlılar, heç bir tənbəllik, bezginlik və ya tərəddüd etmədən bu gücsüz balaların bütün məsuliyyətini öz üzərlərinə götürürlər. Hər biri Allahın onlara ilham etdiyi vəzifələri qüsursuz yerinə yetirir.
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)