İnsan bədənində Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri

İnsan bədənindəki təqribən 100 trilyon hüceyrənin, sümüklərin, tənəffüs sisteminin, ifrazat vəzilərinin, orqanların, bütün toxumaların və digər bütün incəliklərin sahibi və Yaradıcısı üstün qüdrət sahibi Allahdır. Allah insanı yoxdan var etmiş, Onu tanıması üçün də həm öz bədənində, həm də kainatda dəlillər göstərmişdir. Əvvəlki bölmədə də qeyd etdiyimiz kimi, Allahın insana mərhəmətini əvvəlcə onun ana bətnində, ayədə bildirildiyi kimi “... möhkəm yerdə yerləşdirilməsi”ndə (Muminun surəsi, 13) görürük. Bir hüceyrənin gözəl simalı insana çevrilməsi əsnasında baş verən hər mərhələ Allahın Rəhman və Rəhim sifətinin çox üstün təzahürləridir. Dünyaya gəldikdən sonra keçən 60-80 illik ömür ərzində eyni qüsursuz proseslər davam edir. İnsanın hər bir hüceyrəsində baş verən inkişaf, hər nəfəs alması, ətrafındakıları görməsi, dərk etməsi, hiss etmə gücü, beyin fəaliyyəti, yemək yeməsi, yediklərini həzm etməsi, böyüməsi, qısası, 24 saat x 80 il ərzində bədəndə gedən inkişaflar hər an Allahın qoruması altında, Allahın diləməsi və sonsuz mərhəməti ilə baş verir. İnsanın yaradıldığı surət, sahib olduğu ağlı, mənəvi və fiziki bacarıqlar Allahın insana olan mərhəmətinin bəzi dəlilləridir. Rəbbimiz bu həqiqəti Quranda belə bildirmişdir:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)
Bu bölmədə insan bədənindəki bəzi orqanların möcüzəvi fəaliyyətləri, həyatın davam etməsi üçün lazım olan qeyri-adi sistemləri və gün ərzində bədəndə baş verən proseslərin bəzilərini qeyd edəcək və bütün insanları Allahın sonsuz mərhəməti sayəsində həyatlarını davam etdirdiklərini düşünməyə dəvət edəcəyik. Qətiyyən unudulmamalıdır ki, aşağıda maddələrlə izah edəcəklərimizin hər biri bütün kainatın yeganə hakimi olan, sonsuz güc və qüvvət sahibi olan Rəbbimizin əmri ilə baş verir. Bunlardan hər hansı birinin baş verməsinə heç bir insan müdaxilə etməmişdir və etməsi də mümkün deyil.

İnsan bədənindəki 100 trilyon hüceyrə sanki bir-birilərini tanıyırmış kimi hərəkət edir. Onlara verilən xüsusi vəzifələri sona qədər, heç bir laqeydlik və zəiflik göstərmədən yerinə yetirirlər. Məhz bu mükəmməl koordinasiyada hormon adlanan mesaj daşıyıcılar hüceyrələrə əmr aparmaqla vəzifəlidirlər. Bədənin böyüməsi, çoxalmanın nizamlanması, bədəndəki daxili tarazlıq, sinir sistemindəki koordinasiya və daha bir çox proses hormonların lazımi hüceyrələrə çatdırdıqları mesajlar nəticəsində baş verir. Qüsursuz sistemlər yaradan Rəbbimiz hüceyrələri də hormonlar vasitəsilə yönləndirir. Allah sizin xəbəriniz belə olmadan bədəninizdə möhtəşəm əmr-itaət sistemi yaratmışdır və hər şeyi nəzarəti altında saxlayır. Bu sistemdə sizin heç bir söz haqqınız yoxdur. Məsələn, bədəninizin böyüməsi. Siz nə qədər istəsəniz də boyunuzu olduğundan artıq uzada bilməzsiniz. Nə etsəniz də bədəninizdəki hüceyrələrə “bölünün, çoxalın və məni böyüdün” kimi əmr verə bilməzsiniz. Ancaq hüceyrələr sizin üçün müəyyən edilmiş boyu və bədən formasını bilirlər və o müəyyən formaya çatana qədər çoxalaraq bədəni böyüdürlər. Sonra isə tam lazımi vaxtda böyüməyi dayandırırlar. Məhz bu nəzarət Allahın insanlara böyük lüftüdür. Əgər insan öz bədəninə nəzarət etməli olsa idi, bunu qətiyyən bacara bilməz və ya insanın yaşaması mümkün olmazdı. Lakin sonsuz kərəm sahibi olan Rəbbimiz insan bədəninin və dünyadakı bütün varlıqların bütün hüceyrələrini eyni anda qüsursuz şəkildə yaradır, yaşadır və nəzarət edir. İnsan isə bu vəziyyət qarşısında Allahın hər kəsi və hər şeyi əhatə edən rəhmətini görərək Onun qədrini lazımi kimi təqdir etməlidir.

İnsanlar yatarkən bədənlərindəki bəzi həyati proseslərin necə baş verdiyi haqqında heç bir narahatlıq keçirmirlər, hətta bunu heç düşünmürlər. Çünki bu sistemlərin qüsursuz şəkildə işləyəcəyinə əmindirlər. Həqiqətən də, Allahın mərhəməti sayəsində insan yatarkən də bədənindəki bütün sistemlər səssiz-sədasız vəzifələrini yerinə yetirməyə davam edirlər. Halbuki bu sistemlərdən yalnızca birinin bir neçə saniyəlik dayanması asanlıqla həyatımıza son qoyardı. Lakin sonsuz mərhəmət sahibi olan Rəbbimizin diləməsi ilə yuxu anında da insan nəfəs alır, ürəyi döyünür və beyni öz fəaliyyətinə davam edir.

Kapilyar damarlar bədəndəki hüceyrələrin hər birinə lazımi oksigen, enerji, qida və hormon kimi maddələri daşıyırlar. Bədənimizdəki orta hesabla 5 milyard kapilyarın ümumi uzunluğu 950 km-ə çatır. Əgər insan bədənindəki ən kiçik kapilyarların 10 min dənəsini yan-yana gətirsək, ümumi qalınlığı bir karandaşın ucu qədər olardı. Qanın bu qədər dar damarlar içində tıxanmadan və ağırlaşmadan hərəkət etməsi suyun yüksək axıcılığı sayəsində mümkün olur. Məşhur molekulyar bioloq Maykl Denton bu axıcılığın bir az belə aşağı olduğu halda heç bir qan dövranı sisteminin işə yaramayacağını belə bildirir: “Əgər suyun axıcılığı yalnızca bir neçə dəfə çox olsa, kapilyar damarlardakı qanın axışı üçün çox böyük təzyiqə ehtiyac olar və heç bir kapilyar damar sistemi işləməzdi. Əgər suyun axıcılığı normaldan az olsa və ən kiçik kapilyarın diametri 3 mikron əvəzinə 10 mikron olsa, bu kapilyarlar lazımi oksigen və qlükoza nisbətini çatdırmaq üçün (qidalandırmalı olduqları) əzələ toxumasının hər yerini əhatə edərdi. Bu halda da geniş həyat tərzi qeyri-mümkün olar, ya da qeyri-adi dərəcədə məhdudlaşardı. Qısası, suyun həyata uyğun olması üçün axıcılığı hazırki sahib olduğu dərəcəyə çox-çox yaxın olmalıdır.”Başqa sözlə desək, suyun digər xüsusiyyətləri kimi axıcılığı da həyat üçün ən ideal nisbətdədir. Mayelərin axıcılıqları arasında milyardlarla fərq var. Lakin su bu milyardlarla fərqli nisbət arasında tam lazımi həddə yaradılmışdır.

Göz, işığın girdiyi öndəki çıxıntı xaric, kürə formasındadır. Bu kürənin ən xaricində ağlı qişa adlanan sərt, çox möhkəm süd kimi ağ rəngli təbəqə var. Ağlı qişa gözü hər tərəfdən əhatə edir və gözdəki toxumaları qoruyur. Gözün ortasındakı rəngli hissəni əhatə edən ağ da bu təbəqənin görünən hissəsidir. Ağlı qişanın quruluşu yumşaq və jele kimi olsa idi, göz lazımi qədər qoruna bilməzdi. Həmçinin gözə toz və ya hər hansı yad cisim düşdükdə gözə yapışacağı üçün çıxarmaq çətinləşər və böyük zərər verərdi. Halbuki göz ağı sərt olduğuna görə göz yaşının da köməyi ilə yad cisimlər asanlıqla gözdən təmizlənir. Gözdəki sərt və möhkəm ağ toxumanın quruluşu gözün qarşısındakı çıxıntılı hissəyə çatdıqda dəyişir. Bu çıxıntılı hissə buynuz qişa adlanan və işığı keçirən şəffaf təbəqədən ibarətdir. Bir-birilərinin davamı olmasına baxmayaraq, ağlı qişa və buynuz qişanın quruluşu tamamilə fərqlidir və bir sərhədlə ayrılırlar. Ağlı qişa binanın xaricini örtən sərt qranit örtüyə, gözün qarşısındakı şəffaf buynuz qişa isə bu binanın pəncərəsinə bənzədilə bilər. Əgər buynuz qişanı əmələ gətirən incə toxuma gözün hər tərəfini əhatə etsə idi, göz xarici təsirlərə qarşı çox müdafiəsiz və gücsüz qalar, nəticədə də korluq əmələ gələrdi. Əgər ağlı qişanı təşkil edən sərt və tutqun toxuma gözün önündəki şəffaf təbəqə üzərində də davam etsə idi, işıq mərcəyə çata bilməz və görüntü yaranmazdı. Lakin bunların hamısı qüsursuzca nizamlanmış və insan gözü çox gözəl şəkildə var edilmişdir. Bütün bunlar Allahın bənzəri olmayan sənətinin dəlillərindəndir.

Ətrafımızı görə bilmək üçün buynuz qişa hər zaman şəffaf və çox həssas olmalıdır. Çünki şəffaflığını itirdikdə, gözə kifayət qədər işıq gəlmədiyinə görə görüntü bulanır. Gözün xaricə açıq olan bu təbəqəsinin çox həssas olması da gözə düşən kiçik toz zərrəsinin belə dərhal hiss edilib təmizlənməsini təmin edir. Buynuz qişanın bu qədər şəffaf olmasının səbəbi onu təşkil edən liflərin həssas nizamla düzülməsidir. Bu düzülüşə hər hansı müdaxilə edilsə, buynuz qişa qaralar və görüntünün bulanmasına səbəb olar. Foto kamera üçün obyektiv nə qədər vacibdirsə, buynuz qişa da göz üçün o qədər əhəmiyyətlidir. Hətta buynuz qişa o qədər şəffafdır ki, ancaq çox yaxından baxdıqda görmək mümkündür. Eyni zamanda bədəndəki ən həssas quruluşlardan biridir. Buynuz qişanın səthi gözlə görünməyən sinirlərdən və limfa damarlarından ibarətdir. Lakin bunlar görüntünü pozmur. Bu sinirlər ən incə toxunuşa və ya toxunma təhlükəsinə qarşı hərəkətə başlayıb, reflekslərlə göz qapağı kimi qoruyucu mexanizmləri köməyə çağırır. Göz qapağı buynuz qişanın üstünə yapışan hər hansı yad cismi dərhal çölə atır və göz qapağının bağlanması buynuz qişanı digər mümkün olan təhlükələrdən qoruyur. Buynuz qişanı təşkil edən liflərin və sinirlərin çox həssas olması yenə də üstün yaradılışın dəlilidir. Buynuz qişa, arxasında gözün işlədiyi pəncərə kimidir. Küləyin yaydığı qum dənəsi və ya bir çöp belə buynuz qişanı cıza bilər. Buynuz qişa bu cür səbəblərə görə cızılarsa və ya xəsarət alarsa, öz-özünü təmir edə bilir. Gözün sürətli özünü bərpa etmə qabiliyyəti var. Buynuz qişanın dəqiqliyi tam olaraq təmin edilməsə idi, heç vaxt düzgün görüntü görə bilməyəcək, hər zaman bulanıq görəcəkdik. Belə bir görüntü olsa idi, dünya hazırda olduğundan çox fərqli olar, hər şey dumanlı pərdə arxasından seyr edilərdi. Buna görə də xarici dünyanı bu incə canlı təbəqənin icazə verdiyi qədər seyr edə bilirik. Canlı ət parçasının şüşə qədər şəffaf olması Allahın çox üstün yaratmasının dəlilidir. Dünyaya liflərdən və damarlardan ibarət olan canlı toxumanın arxasından baxdığımız halda, hər şeyi bu qədər dəqiq görməyimiz Allahın sənəti və lütfüdür.

Bədənimizdəki bütün hüceyrələr bircə hüceyrənin çoxalması ilə əmələ gəlir. Gözdəki çox incə, şəffaf və zərif olan bu canlı pərdə, sərt sümüklər, bağırsaq toxuması, qan hüceyrələri və digər bütün hüceyrələr bir hüceyrənin bölünməsi və çoxalması nəticəsində var olmuşdur. Eyni hüceyrənin bölünməsi nəticəsində bir tərəfdə daş kimi sərt olan sümüklər, digər yanda isə şüşə qədər şəffaf olan buynuz qişa meydana gəlmişdir. Əlbəttə ki, cansız və şüursuz atomlardan əmələ gələn hüceyrələrin bu cür qərar vermə və plan qurma qabiliyyətləri yoxdur. Hüceyrələrə nə edəcəklərini, hansı orqanı yaradıb, hansı vəzifələri yerinə yetirəcəklərini ilham edən Allahdır.

Siz bu cümləni oxuyub bitirənədək gözünüzdə təqribən yüz milyard (100.000.000.000) proses baş verdi. İnanmaq bəlkə də çətindi, amma dünyanın ən möhtəşəm bir cüt cihazına sahibsiniz. Hələ də oxşarı hazırlana bilməyib. İstehsal etmək bir yana qalsın, bu sistem haqqında bilinənlər bilinməyənlərin yanında heçə bərabərdir. Həyatınızda sahib olduğunuz hər şey gözləriniz sayəsində bir məna qazanır. Ailənizi, dostlarınızı, evinizi, işinizi, qısası, həyatınız boyunca qarşılaşdığınız hər şeyi həqiqətən də gözləriniz sayəsində tanıyırsınız. Onlar olmadan ətraf dünyanı heç vaxt tanıya bilməzdiniz. Gözləriniz olmasa idi, bir rəngin, bir şəklin, mənzərənin, insan üzünün, gözəllik adlı anlayışın nə demək olduğunu heç vaxt xəyalınızda canlandıra bilməzdiniz. Lakin gözləriniz var, bunun sayəsində ətrafınızı görür və hal-hazırda da qarşınızdakı yazını oxuyursunuz. Ən əsası da görmək üçün heç bir səy göstərmirsiniz, yalnızca görmək istədiyiniz şeyə tərəf baxırsınız. Gözünüzə, gözün içindəki orqanoidlərə, gözdən beyinə gedən sinirlərə və beyninizə “baxın, görün, bu prosesləri icra edin” əmrini vermirsiniz. Eynilə yer üzündə yaşayan və yaşamış milyardlarla insan kimi sadəcə baxır və görürsünüz. Bir cismə fokuslanıb onu dəqiq görmək üçün göz mərcəyinizin cismin uzaqlığına görə almalı olduğu radiusun optik ölçülərini, mərcəyə bağlı əzələlərin çox həssas sıxılma nisbətini hesablamırsınız. Yalnızca o cismi dəqiq görmək istəyirsiniz, yerdə qalan isə saniyənin çox kiçik hissəsində sizin üçün öz-özünə həll edilir. Bunun nə qədər böyük möcüzə olduğu bəzi insanların ağlına belə gəlməyə bilər. Ancaq iman sahibləri görmə prosesinin Allahın çox böyük lütfü olduğunu dərk edən insanlardır.

Göz çox qarışıq quruluşa və xüsusi vəzifəsi olmasına baxmayaraq, bədənimizdə çox kiçik yer tutur. Eynilə dəyərli cəvahiratın qutusunda gizlənməsi kimi başımızda xarici təsirlərdən qorunacaq şəkildə gizlənir. Sahib olduğu vəzifənin əhəmiyyəti ilə düzgün nisbətdə üstün yaradılış sayəsində qorunur. Gözlər altı sümük uzantısı ilə kəllə sümüyünə bağlanan, ətrafı xüsusi toxumalarla əhatələnmiş göz yuvaları içində, qoruyucu yağ yastıqları üzərində yerləşdirilmişdir. Burun sipəri, qaşlar və almacıq sümükləri tərəfindən xarici təsirlərə qarşı qorunurlar. Gözləri əhatə edən bütün bu sümük və toxumalar hamısı birlikdə “göz çuxuru” adlandırılır. Gözlər çox yaxşı qorunması ilə yanaşı, görmək üçün bədəndə ən rahat və ideal bölgəyə yerləşdirilmişdir. Bu bölgə bədənimizi və üzvlərimizi ən mükəmməl şəkildə idarə etməmizi təmin edir. Gözlərimiz hazırki yerində deyil, bədənimizin hər hansı başqa yerində olarsa, əmələ gələcək sıxıntıları saymaqla bitməz. Qısası, gözlərin başımızda olması onların hər an sağlamlıq və təhlükəsizliyini təmin etməyimiz üçün ən uyğun vəziyyətdədir. Boynun kiçik və sürətli refleks hərəkəti ilə gözün ona zərər verəcək hər hansı cisimlə təmasının qarşısı alınır. Gözlər üzümüzdə də ən ideal vəziyyətdədirlər. Görəsən gözlər üzün başqa yerində, məsələn, burnun altında olsalar, nə olardı? Həm təhlükəsizlik baxımından riskli olar, həm də estetik olaraq çox narahat edici görünüş əmələ gələrdi. Görmə bucağı da hazırda olandan daha məhdud olardı. Gözlərin hərtərəfli ən ideal yerdə, simmetrik formada olması estetik olaraq da çox uyğundur. İki gözün arası orta hesabla bir göz ölçüsündədir. Bu nisbət pozulduqda, gözün arası daha açıq və ya yaxın olanda üzün bütün ifadəsi dəyişir. Göz sahib olduğu bütün xüsusiyyətləri ilə insanın, Allahın yaratdığı bir varlıq olduğunu sübut edən dəlildir. İnsan bədənindəki bu uyğunluq, simmetriya və estetik görünüş Allahın bizə bəxş etdiyi gözəllikdir. Çünki Rəbbimiz lütfü çox olandır.

Allah bir ayədə insanlara bu nemətlərə şükür etməli olduqlarını belə bildirir:
Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!
(Səcdə surəsi, 9)
Gözlər bədənin xarici dünyaya açılan pəncərələridir. Bu pəncərələrin qorunması və qulluğu xüsusi sistem sayəsində təmin edilir. Göz qapaqları mükəmməl işləyən bu sistemin ən əsas hissələrindən biridir. Göz qapaqlarının vəzifəsi göz kürəsini qorumaqla yanaşı, “selikli qişanı” və “buynuz qişanı” hər an müəyyən nəm nisbətində saxlamaqdır. Göz qapaqlarının daxili hissəsində olan selikli qişa adlı təbəqənin damarları yuxuda oksigen ala bilməyən gözün xarici təbəqəsini bəsləyir. Lazım olduqla göz yuvasının üstünü tamamilə və möhkəm örtən göz qapağının dərisi bədənin digər hissələrinə nisbətən daha incədir. Bu dərinin alt qatı yağsız və çox zəifdir, bu bölgədə qan asanlıqla toplanır. Əgər göz qapağının dərisi qalın və yağlı quruluşa sahib olsa idi, gözlərin açılıb bağlanması çox çətin proses olardı. Hər kəs gün ərzində heç fərqində olmadan minlərlə dəfə gözlərini qırpır. Bu hərəkət qeyri-iradi edilir və bunun sayəsində gözlər kəskin işıq təmasından və yad maddələrdən qorunur. Prosesin öz-özünə edilməsi də bir çox insanların görə bilmədiyi nemətdir. Bu təmizləmə öz-özünə yerinə yetirilməsə idi, nə olardı? Bu zaman insan göz qırpmağı yalnızca gözünün içində narahat edəcək qədər kirlilik əmələ gəldikdə xatırlayardı. Bu da gözə mikrob düşməsinə səbəb olardı. Gözlər tamamilə təmizlənmədikdə dumanlı, bulanıq görüntü əmələ gəlir. Göz qırpmaq böyük əziyyət olar, insan gün ərzində davamlı göz qırpmağı unutmamağa diqqət etməyə məcbur olardı. Hər bir neçə saniyədən bir göz qırpdıqda göz qapaqları avtomobilin şüşə silənləri kimi gözləri sulandırır və kirləri təmizləyir. Yuxu əsnasında isə göz qapaqları bağlı olduğu üçün gözlər qurumağa qarşı avtomatik qorunur. Göz qapağı qövsvari göz quruluşunun üstünə qüsursuz formada oturan mexanizmdir. Bu mükəmməl uyğunluq sayəsində göz qapağının açılıb bağlanması əsnasında gözün ön səthində təmas edilməyən heç bir nöqtə qalmır. Göz qapağı gözü bu cür qüsursuz şəkildə örtməsə idi, qalan boşluqlardakı yad maddələrin təmizlənməsi mümkün olmazdı. Açılıb bağlanma əsnasında göz qapağının daxilində olan xüsusi vəzdən ifraz edilən yağlı ifrazat qapaqların bir-birinə yapışmasının qarşısını alır və göz qapaqlarının sürüşməsini asanlaşdırır. Yuxarıda qısa şəkildə qeyd etdiyimiz bu xüsusiyyətlər mərhəmətli və rəhmli olan Rəbbimizin bizim üzərimizdəki qorumasını göstərir. Allahdan bir lütf olaraq var edilən göz qapağı insan bədəninin ən vacib orqanlarından biri olan göz üçün heyranedici qorumadır. Bu nümunələr Allahın, qullarına qarşı olan şəfqət və mərhəmətinin açıq nümunələrindən yalnızca bir neçəsidir.

Əgər göz qapağı yatarkən bağlanmasa idi, yatmaq insan üçün çox çətin bir prosesə çevrilərdi. Yatmaq üçün qaranlıq otağa ehtiyac olar, gündüzlər heç yata bilməzdik. Yuxu əsnasında açıq qalan gözlər isə hər cür xarici təsirə qarşı müdafiəsiz qalardı.

Əgər göz qapağı olmasa idi, yer üzündəki insanların hamısı qısa müddətdə kor olardı. Gözün üst təbəqəsini təşkil edən buynuz qişa quruyar, göz isə bir müddət sonra vəzifəsini yerinə yetirə bilməzdi. Gözə düşən çox kiçik toz zərrəsi belə böyük problemlər yaradar və gözə dərhal mikrob yoluxardı. Ən kiçik zərbələrə qarşı müdafiəsiz qalan göz hər an kor olma təhlükəsi ilə qarşı-qaşıya qalardı. Məsələn, laqoftalmi adlı xəstəlik zamanı göz qapaqları ya tamamilə bağlanmır, ya da çox çətin bağlanır. Bu zaman buynuz qişanın nəmlənməsi çətinləşdiyinə görə burada qurumaya aid infeksiya müşahidə olunur. Bu xəstəlik uzun müddət davam edərsə, qalıcı göz qüsurları əmələ gəlir.

Reflekslər insanın müxtəlif xarici təsirlərə qarşı qeyri-iradi və çox qısa zamanda verdiyi reaksiyalardır. Lazımi vəziyyətdə göz qapağını da hərəkət etdirən bu refleks mexanizmi təhlükələrə qarşı sığorta vəzifəsini yerinə yetirir. Buynuz qişaya, kirpiklərə, qaşların ortasına və ya alına sürətli toxunuş göz qapağını xəbərdar edən refleksin yaranmasına səbəb olur. Əgər göz qırpma refleksini meydana gətirən sinir şəbəkəsi müşahidə edilsə, bunun nə qədər həssas quruluşa sahib olduğu açıq şəkildə görünər. Çünki yuxarıda bildirilən hər refleks üçün göz qapağına çatdırılan xəbərdarlıqlar fərqli sinir yollarından keçir. Yəni gözün ətrafı çoxlu erkən xəbərdarlıq sistemi ilə əhatələnmişdir. Beyin çox qısa müddətdə gələn bu xəbərdarlıqları dəyərləndirir və əlaqəli əzələlərə sinir xəbərdarlıqlarının getməsini təmin edir.

Bu proseslər əsnasında sinir xəbərdarlıqları yollarını səhv salmadan saniyənin mində biri qədər qısa müddətdə beyinə çatırlar. Beyindən gələn əmr nəticəsində göz qapağı gözü yad maddələrdən qorumaq və ya təmizləyici vəzifəsini yerinə yetirmək üçün tam vaxtında bağlanır. Mövcud təhlükənin vaxtında tanınması və müxtəlif vəziyyətlərə aid reflekslərin fərqli sinir yolları ilə bir-birinə qarışmadan çatdırılması çox qarışıq proseslərdir. İnsan ətrafında davamlı dəyişən mühit qarşısında həyatını davam etdirmək üçün ətrafda baş verən hadisələrdən vaxtında xəbərdar olmalıdır. Buna görə də göz qırpma prosesi insanın ətraf mühiti görməsinin qarşısını almayacaq qədər qısa müddətdə baş verir. Əgər bu proses uzun çəksə idi, çox böyük təhlükələr ola bilərdi. İnsan gözünü qırpma prosesi ilə məşğul olarkən, bəlkə də üstünə gələn yük maşınını görüb qaçmağa fürsət tapa bilməzdi. İnsanın ətraf mühitə açılan pəncərəsi olaraq adlandırılan gözün bu qədər hərtərəfli formada qorunması Allahın dünyadakı nemətlərindən bir nümunədir.

Əksər insanların yalnızca “duzlu su” zənn etdiyi göz yaşı müxtəlif vəzifələr üçün fərqli qarışıqlardan hazırlanmış çox xüsusi mayedir. Göz yaşının əsas vəzifəsi gözü mikroblara qarşı qorumaqdır. İçindəki “lizosim” fermenti bir çox bakteriya növlərini parçalama və mikrob öldürmə xüsusiyyətinə malikdir. Lizosim sayəsində göz infeksiyalardan qorunur. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiyaedicilərdə istifadə edilən maddələrdən belə daha təsirlidir. Bu qədər güclü olmasına baxmayaraq, gözə heç bir zərər verməməsi isə böyük möcüzədir. Allah içində çox güclü dezinfeksiyaedici olan göz yaşını gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaratmışdır. Yaradılışın hər nöqtəsində mövcud olan möhtəşəm uyğunluq göz və göz yaşına da aiddir. Bu qədər güclü olan başqa heç bir dezinfeksiyaedici göz üzərində istifadə edilə bilməz. İnsanların hazırladığı heç bir dezinfeksiyaedici də göz yaşının yerini tuta bilməz.

Göz yaşının hasilatı da çox həssas ölçü ilə aparılır. Göz yaşı yalnızca buynuz qişanı qurumaqdan qoruyacaq və göz kürəsinin səthinin sürüşkənliyini itirməyəcək qədər hasil edilir. Beləcə göz hərəkət edəndə göz qapağının daxili səthi selikli qişa ilə gözün üstü arasında sürtünmənin səbəb olduğu narahatlıq baş vermir. Xəbərdaredici hal olduqda, məsələn, gözə toz kimi yad maddə düşdükdə göz yaşı hasilatı dərhal artır. Bu həm antiseptik məqsədlə daha çox lizosim fermenti hasil edilməsini, həm də xəbərdaredici maddənin çölə atılması üçün bol miqdarda maye yaranmasını təmin edir. Göz yaşı kifayət qədər hasil edilməsə idi, göz ilə göz qapağı arasında davamlı sürtünmə olar və gözün hər hərəkəti bizə əziyyət verərdi. Məsələn, gözyaşı quruluğu olan xəstələrin gözlərində yanma və gözün içinin qumla dolu olduğu hissi olur. Gözlər şişir, qızarır və xəstəliyin növbəti mərhələlərində xəstə gözünü itirə bilir.

Göz qapağının kənarlarından çıxan kirpiklər gözü toz və yad maddələrdən qoruyur. Qopduqda və ya kəsildikdə yenidən uzanırlar. Uzanma, kirpik əvvəlki ölçüsünə çatdıqda bitir. Kirpiklər düzgün, yumşaq və yuxarı doğru yüngülcə qıvrılırlar.

Bu forma həm istifadəyə yararlı, həm də estetikdir. Kirpiklərin bu formanı qazanması da Allahın çox böyük mərhəmətidir. Zeis adlı vəzlərin hasil etdiyi yağlı ifrazatla kirpiklər yağlanır, qövsvari elastik forma əldə edirlər. Əgər bu incə qulluq edilməsə idi, kirpiklər çox sərt, fırça kimi olar, hər göz qırpmada narahatlıq verən qarışma və ilişmə hissi əmələ gələrdi. Qaşlarımız da alnımızdan axan tərin gözə girməsinin və günəş şüalarını sındıraraq gözün içinə əks olunmasının qarşısını alır. Bununla yanaşı, insan gözünün estetik görünüşünü tamamlayan çox vacib nüansdır. Rəbbimiz bütün detalları ilə insanı ən gözəl surətdə yaratmışdır.

Gözü davamlı yuyan və mikroblardan təmizləyən göz yaşı sistemi ilə yanaşı, gözdə yağlama sistemi də var. Bu sistem gündə təqribən 4 min dəfə, dörd ayrı səmtə dönən gözün bu hərəkətlər nəticəsində zərər görməsinin qarşısını alır. Bunun sayəsində göz davamlı yağlanaraq sürtünməyə və yad maddələrə qarşı qorunur. Bu yağ o qədər sürüşkəndir ki, göz hərəkət etdikdə heç bir narahatlıq hiss edilmir. Əgər selikli qişanın işində ciddi axsaqlıq olub yağlama prosesi baş verməsə, gözün hər hərəkətində çox şiddətli və dözülməz ağrılar əmələ gələrdi. Halbuki sağlam bir insan Allahın yaratdığı bu qüsursuz sistem sayəsində həyatı boyunca bu cür narahatlıq hiss etmir.

Beş duyğu orqanı tam insanın ehtiyacına uyğun nizamlanmışdır. Məsələn, qulaq yalnızca müəyyən aralıqdakı səs tezliyini qəbul edir. Daha geniş aralıqda eşidə bilmək faydalı kimi görünə bilər. Lakin “duyğu eşiyi” olaraq adlandırılan hiss sərhədləri müəyyən məqsədə əsasən nizamlanmışdır. Əgər çox həssas qulağa sahib olsa idik, ürəyimizin atarkən çıxartdığı səsdən, yerdəki mikroskopik həşəratların çıxartdığı xışıltılara qədər bir çox səslərlə hər an təmasda olardıq. Bu da bizim üçün çox böyük narahatlıq yaradardı. Qulaqdakı və eşitmədəki bu qüsursuz yaradılış Allahın lütfüdür. Bir ayədə Rəbbimiz “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz” (Muminun surəsi, 78)şəklində buyurur.

Yeməyi ağzınıza apardıqda həzm sistemi fəaliyyətə başlayır. Ağıza aparılan qida dişlər tərəfindən parçalanır və üyüdülür. Dişlər bu iş üçün xüsusi olaraq yaradılmışdır. Dişlər ən sərt üzvi maddə olan diş minası ilə örtülmüşdür və eyni zamanda kimyəvi maddələrə qarşı da çox dözümlüdür. Hər diş vəzifəsinə uyğun formaya sahibdir. Məsələn, ön dişlər kəskindir, qidanı qoparır. Köpək dişlər itidir, qidanı parçalayır. Azı dişləri isə qidanı üyüdə biləcək şəkildə yaradılmışdır. Əgər ağzımızdakı dişlərin hamısı eyni cins olsa idi, məsələn, 32 köpək dişi və ya 32 kəsici dişə sahib olsa idik, yemək yeməyimiz mümkün olmazdı. Dişlərdəki yaradılışın başqa bir nümunəsi də dişlərin düzülüşündədir. Hər bir diş lazımi yerdədir. Kəsici dişlər lazım olduğu kimi ön tərəfdə, azı dişlər də arxa tərəfdədir. Bunların yerinin dəyişdirilməsi belə dişləri tamamilə yararsız hala salar. Bir-biriləri ilə əlaqəsi olmayan üst və alt dişlər arasında da qüsursuz uyğunluq var. Hər iki sıradakı dişlər çənə sümüyü bağlandığı zaman tam bir-birinin üzərinə oturacaq şəkildə yaradılmışdır. Məsələn, bir azı dişiniz digər dişlərdən daha uzun olsa və ya üzərində artıq çıxıntı olsa, ağzınızı örtə bilməzdiniz. Bu zaman danışma və yemək yemə kimi ehtiyaclarınızı belə qarşılaya bilməzdiniz. Bu uyğunluq Allahın insan üçün var etdiyi nemətlərdən yalnızca biridir.

Qidalar həm dişlər tərəfindən üyüdülür, həm də kimyəvi hücuma məruz qalırlar. Bu hücumu həyata keçirən isə tüpürcək mayesidir. Gündəlik həyatda heç kim ağzındakı bu mayenin fərqində olmur, ifraz edilib edilmədiyini, miqdarının çoxluğunu və ya azlığını, qısası, bu mövzu ilə bağlı heç bir detalı düşünmürlər. Sadə ifrazat zənn edilən tüpürcək vəzisi, əslində çox həssas nisbətlərə sahib olan müxtəlif kimyəvi maddələrdən ibarət xüsusi qarışıqdır. Bu maye ən əsas qidadakı dadı hiss etməyimizi təmin edir. Qidaların içindəki dad verən molekullar, tüpürcək içində həll olaraq dilin üzərindəki dad qəbuledici sinir ucları ilə birləşir. Yalnızca bu cür yediyimiz qidaların dadını hiss edirik. Buna görə də quru ağızla yeyilən yeməklərin dadlarını hiss etmirik. Ağızda bir-birindən fərqli xüsusiyyətlərə sahib olan iki fərqli tüpürcək mayesi ifraz edilir. Bunlardan biri karbohidratları çox incə şəkildə parçalayır və qismən şəkərə çevirir. Məsələn, çörək kabrohidratdır. Əgər ağzınıza bir parça çörək alıb bir neçə dəqiqə udmadan gözləsəniz, parçalanan karbohidratın şəkər dadını dilinizdə hiss edə bilərsinir. Digər tüpürcək mayesi isə çox sıx qatılığa sahibdir. Bu yapışqan maye sayəsində yemək yeyərkən ağızın hər tərəfinə yayılmış qida parçalarını bir yerə gətirərək loxma formasını alır. Bəs tüpürcək vəzi olmasa idi, nə olardı? Qatı olan heç bir qidanı yeyə bilməz, yalnızca maye olanlarla qidalanmağa məcbur olardıq. Bu da insan üçün çox çətin olardı. Üç ayrı ifrazat vəzindən hasil olunan tüpürcək həm qidaları nəmləndirərək udulmasını asanlaşdırır, həm də tərkibindəki kimyəvi maddə ilə yeməklərin içində bədənə faydalı olan parçaların həll olunmasını təmin edir. Ağzımız sanki kimya laboratoriyası kimi işləyir və yediyimiz qidalardakı nişastanı parçalayır. Tüpürcəkdə olan pityalin adlı ferment bu iş üçün xüsusi yaradılmış kimyəvi maddədir. Pityalin nişastanı ayıraraq şəkərə çevirir. Ağızdakı həzm yalnızca kimyəvi deyil. Eyni zamanda dişlər də mexaniki həzm edir. Bu iki həzm növü də bir-birini tamamlayacaq formada işləyir.

Yeməkləri üyütmə prosesində dilin də əhəmiyyətli rolu var. Çox həssas dad bilmə xüsusiyyətinə sahib olan dil, eyni zamanda qidaların ağızda fırlanaraq boğazdan asanlıqla keçməsini təmin edir. Dilin üst səthində və yanlarında dörd müxtəlif dada-acıya, şirinə, duzluya və turşa həssas 10.000-ə yaxın dadbilmə nöqtəsi var. Məhz bu dad tumurcuqları hər gün yediyimiz onlarla müxtəlif qidanın dadını bir-birinə qarışdırmadan hiss etməyimizi təmin edir. Belə ki, dil daha əvvəl heç tanımadığı bir qidanın dadını da asanlıqla ayırır. Bunun sayəsində heç vaxt qarpızın dadını qreyfurt kimi turş hiss etmirik və ya torta duzlu demirik. Bundan əlavə dad tumurcuqları milyardlarla insanda eyni qidada eyni dadı hiss edir. Hər kəs üçün şirin, duzlu və turş anlayışları eynidir. Bəzi alimlər dilin bu bacarığını “qeyri-adi kimya texnologiyası” olaraq adlandırırlar. Bəs dilin üstündə dad nöqtəsi az olsa, nə olardı? O zaman yediyimiz qidaların heç birinin dadını hiss edə bilməzdik. Nə şirniyyatın, nə qızartmanın, nə çörəyin, nə də başqa bir yeməyin dadını bilə bilməzdik. Nə yesək də yavan dadı verərdi. Yemək zövqlü nemət olmaqdan çıxar, hər gün etməli olduğumuz əziyyətli işə çevrilərdi. Ancaq belə olmur və dildəki xüsusi dad tumurcuqları sayəsində yediyimiz bütün qidaların dadını hiss edə bilirik.

Mədədəki sistemdə də mükəmməl tarazlıq var. Qidaların mədədəki həzmi bu orqanın içindəki hidroxlorid turşusu tərəfindən həyata keçirilir. Lakin bu turşu o qədər güclüdür ki, təkcə qidaları deyil, mədə divarını belə əridə bilər. Lakin Rəbbimiz bunun çarəsini də ən gözəl şəkildə yaratmışdır. Həzm əsnasında ifraz olunan mukus adlı maddə mədənin bütün divarlarını örtür və turşuya qarşı mükəmməl müdafiəni təmin edir. Beləcə mədənin öz-özünü yox etməsinin qarşısı alınır. Mukusun tərkibindəki bir səhv onun qoruyucu xüsusiyyətini poza bilər. Halbuki həm mədənin həzm üçün istifadə etdiyi turşuda, həm də mədəni qorumaq üçün ortaya çıxan mukusda qüsursuz uyğunluq var. Mədə boş olanda zülalları, yəni ət kimi heyvani qidaları parçalayan ifrazat olmur. Daha doğrusu mədə boş olanda bu ifrazat tamamilə fərqli, parçalayıcı xüsusiyyəti olmayan maddə olaraq mədədə olur. Zülal tərkibli qida mədəyə gəldikdə, mədəyə ifraz olunan bir maddə onu çox güclü zülal parçalayıcısına çevirir. Beləcə mədə boş qaldıqda bu güclü zülal parçalayıcısı zülallardan ibarət olan mədəyə zərər vermir. Mədədəki mayenin qida gəldikdə parçalayıcı xüsusiyyət qazanması Allahın insan üzərindəki qorumasının heyranedici nümunəsidir.

Tənəffüs sistemi həssas tarazlıqla qurulmuşdur. Nəfəs aldığımız havanın kirli və soyuq olması sağlamlığımıza mənfi təsir göstərir. Buna görə də hava əvvəlcədən təmizlənməli və isidilməlidir. Burnumuz bu işə tam uyğun yaradılmışdır. Burun divarlarında olan tükcüklər və içərisindəki yapışqan maddə içəri girən havadakı tozları tutaraq süzmə işini həyata keçirir. Həmçinin hava burun içərisindəki qıvrımlardan keçərək isinir. Burun çəpərinin elə bir xüsusi quruluşu var ki, içəri girən hava burunda bir neçə dövrə vurduqdan və isindikdən sonra ciyərlərə gedir. Kiçik sümüyün içində hava axınını bir neçə dəfə dövr etdirən quruluş yalnızca xüsusi yaradılış sayəsində mümkün olur. Çünki havanın hərəkətini yönləndirmək bir sıra hesablama və planlama nəticəsində həyata keçə bilər. Bu cür xüsusi quruluşun bir başqa sistemin ehtiyacını qarşılamaq, ağciyərə gedən havanı isitmək və təmizləmək üçün var olması, hər iki sistemi də Rəbbimizin xüsusi yaratdığının dəlilidir. Bütün bu saydığımız mərhələlər nəticəsində içəri girən hava nəmləndirilmiş və tozlardan təmizlənmiş olaraq nəfəs borusuna gəlir. Bu qüsursuzluq içindəki hər incəlik Allahın üzərimizdəki mərhəmətinin dəlilidir. Atmosferdəki incə nizam, burnumuzun qüsursuz yaradılışı və burun içindəki bütün detallar xüsusi yaradılmışdır. Hər bir detalda Allahın insanlar üzərindəki qorumasını, şəfqətini və mərhəmətini açıq şəkildə görürük.

İnsan bədənindəki şəkər miqdarının müəyyən həddə olması həyatın davam etməsi üçün mütləqdir. Lakin gündəlik həyatda şəkərli qidalar yeyərkən bu həssas tarazlığa siz nəzarət etmirsiniz. “Sizin adınıza” bunu edirlər. Qanınızdakı şəkər miqdarı yüksəldikdə mədəaltı vəzi insulin adlı xüsusi maddə ifraz edir. Bu maddə qaraciyər və bədəndəki hüceyrələrə qandakı artıq şəkəri çəkib toplamağı əmr edir. Beləcə qandakı şəkər nisbəti heç vaxt təhlükəli həddə çatmır. Onlara nəzarət etmək bir yana, gündəlik həyatda sizin nə mədəaltı vəzidən, nə insulindən, nə də qaraciyərdən xəbəriniz olur. Qanınızda şəkərin yüksəldiyinin fərqinə varmırsınız, hətta qarşınıza fərqli şəkər nisbətində iki şüşə qan qoyulsa, arasındakı fərqi seçə bilməzsiniz. Bunun üçün laboratoriyalara, müasir alətlərə ehtiyacınız var. Lakin heç vaxt görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələr qandakı şəkəri bu laboratoriya və alətlərdən daha həssas formada ölçür və nə ediləcəyinə qərar verirlər. Sonra lazımi tədbirlər görülür, hüceyrələr qandakı şəkəri tanıyıb, ayırd edib tuturlar. Yediyi hər hansı şəkərli qidaya görə asanlıqla ölə bilən insan Allahın onun bədəninə yerləşdirdiyi bu bənzərsiz müdafiə sistemi sayəsində həyatda qalır.

Skelet hərtərəfli mühəndislik möcüzəsidir. Bədən quruluşunun əsasını təşkil edir. Eyni zamanda beyin, ürək və ağciyər kimi həyati orqanları qoruyur və daxili orqanlara dəstək olur. İnsan bədəninə heç bir süni maşın tərəfindən təqlid edilə bilməyən üstün hərəkət qabiliyyəti verir. Skeleti təşkil edən sümüklər də üstün quruluşa malikdir. Məsələn, bud sümüyü şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra bilir. Atdığımız hər addımda bud sümüyünə bədən ağırlığımızdan 3 dəfə ağır yük düşür. Hətta şüvüllə hündürlüyə tullanan idmançı yerə düşərkən omba sümüyünün hər santimetrinə 1400 kiloqramlıq təzyiq düşür. Bəs sümük adlanan və bir hüceyrənin bölünməsi nəticəsində ortaya çıxan bu quruluşu bu qədər güclü edən nədir? Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlidir. Bu qüsursuz yaradılış sayəsində sümüklər həm çox möhkəm, həm də rahat istifadə olunacaq yüngüllükdədir. Əgər əksinə olsa idi, yəni sümüklərin içi xarici kimi sərt olsa idi, həm insan bu ağırlığı daşıya bilməzdi, həm də sümüyün quruluşu sərt olub ən kiçik zərbədə çatlayar və qırılardı. Sümüklərin bu mükəmməl yaradılışı bizim çox rahat yaşamağımızı, çox çətin hərəkətləri asanlıqla və heç ağrı hiss etmədən etməyimizi təmin edir.

Sümüyün digər xüsusiyyəti də bədənin lazımi yerlərində elastik quruluşa sahib olmasıdır. Məsələn, döş qəfəsi həm ürək və ağciyər kimi həyati orqanları qoruyur, həm də ağciyərlərə havanın dolmasını və boşalmasını təmin edəcək qədər genişlənir və yığılır. Sümüklərin elastikliyi zamanla dəyişə bilər. Məsələn, qadınlarda çanaq sümüyü hamiləliyin son aylarında kövrəkləşir və bir-birindən bir az ayrılırlar. Bu çox vacib amildir. Çünki bu yumşalma sayəsində körpənin başı doğum əsnasında əzilmədən çölə çıxa bilir. Skeletin bu hərəkət qabiliyyəti Allahın sonsuz şəfqətinin təzahürüdür.

Hər dəfə addım atarkən onurğamızı təşkil edən fəqərələr bir-biri üstündə hərəkət edirlər. Bu davamlı hərəkət və sürtünmə fəqərələrin aşınmasına səbəb olmalıdır. Lakin bu təhlükənin qarşısını almaq üçün hər bir fəqərə arasına disk adlı dözümlü qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amortizator rolunu oynayırlar. Hər addımda bədən ağırlığının səbəb olduğu təsir qüvvəsi yerdən bədənə gəlir. Bu qüvvə onurğanın sahib olduğu amortizatorlar və “qüvvə dağıdıcı” qıvrımlı forması sayəsində bədənə zərər vermir. Əgər bu təsiri azaldan elastiklik və xüsusi quruluş olmasa, əmələ gələn qüvvə birbaşa kəllə sümüyünə çatar və onurğanın üst ucu kəllə sümüyünü dağıdaraq beyinin içinə girərdi.

Bütün bu incəliklər Allahın üstün yaratmasının dəlillərindəndir. Allah qullarını sevir, onlara mərhəmət edir və şəfqətini təzahür etdirir. Yaratdığı hər nemət, bəxş etdiyi hər bir qüsursuz sistem insanın rahatlığı üçündür. Allah insanı eyni zamanda ən gözəl, ən estetik və gözə ən çox zövq verəcək şəkildə yaratmışdır. İnsana kənardan baxdıqda belə Allahın mükəmməl sənəti dərhal gözə çarpır. “Ğafir” surəsində belə bildirilir:
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Ğafir surəsi, 64)
Sümüklərin bir-biriləri ilə birləşdiyi yerlərdə də çox üstün yaradılışla qarşılaşırıq. Oynaqlar ömür boyu hərəkət etsələr də, yağlanmağa ehtiyacları olmur. Çünki oynaqların səthi incə və məsaməli qığırdaq təbəqəsi ilə örtülmüşdür və bu təbəqənin altında qatı və sürüşkən maye var. Sümük oynağın bir yerinə təzyiq göstərdikdə, bu maye məsamələrdən çölə sıçrayır və oynaq səthinin “yağ kimi” sürüşməsini təmin edir. İnsan bu mükəmməl yaradılış sayəsində bir-birindən fərqli hərəkətləri yüksək sürət və rahatlıqla yerinə yetirir. Hər şeyin bu qədər mükəmməl olmadığını, məsələn, bütün ayağımızın bir uzun sümükdən ibarət olduğunu düşünün. Yerimək böyük problem olar, həmçinin çox kobud və hərəkətsiz bədənimiz olardı. Bir yerə oturmaq belə çətinləşər, bu cür hərəkətlər zamanı güc tətbiqinə görə ayaq sümüyü asanlıqla qırılardı. Halbuki insanın skeleti bədənin hər bir hərəkətinə asanlıqla icazə verəcək quruluşdadır. Skeletin sahib olduğu bütün xüsusiyyətləri qullarına qarşı çox mərhəmətli olan Rəbbimiz yaratmışdır. Allah Quranda belə bildirir:
... Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük... (Bəqərə surəsi, 259)
Metrlərlə uzunluğu olan, lakin bir hissədən ibarət toxuma haqqında düşünün. Bu, həm isinməyi, həm də sərinlənməyi təmin edən xüsusiyyətlərə eyni anda sahib olan, möhkəm, eyni zamanda da çox estetik, hər cür xarici təsirə qarşı çox təsirli müdafiəni təmin edən toxuma olsun. İnsan bədənini və digər bütün canlıların bədənlərini növlərə görə bəzi dəyişikliklər göstərərək örtən dəri toxuması yuxarıdakı xüsusiyyətlərin hamısına sahibdir. Dərinin yalnızca bir hissəsinin belə zərər görməsi bədəndə böyük su itkisinə səbəb olacağı üçün ölümə gətirib çıxarır. Dərimizin 1 sm altına baxdıqda qarşılaşdığımız mənzərə yağların və zülalların əmələ gətirdiyi, müxtəlif damarların olduğu, estetik olmayan, hətta diksindirici görüntü qarşımıza çıxır. Dəri bütün bunları örtdüyünə görə həm bədənimizə estetik görünüş verir, həm də bütün xarici təsirlərdən qoruyur ki, yalnızca bu xüsusiyyəti belə dərimizin varlığının nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün kifayətdir. İnsan üçün həyati əhəmiyyət daşıyan dəri Allahın sonsuz rəhmətinin çox gözəl təzahürlərindən biridir.

Rəbbimiz dərini yaradaraq insana həm çox gözəl görünüş bəxş etmiş, həm də bir santimetr altına yerləşdirdiyi maddələrlə acizliyinin anlamasını təmin etmişdir. Dəri qulaqdan, burundan, hətta gözdən daha vacib orqandır. Digər duyğu orqanlarımız olmadan yaşaya bilirik. Lakin dəri olmadan insanın həyatını davam etdirməsi mümkün deyil. Çünki insan bədəninin ən əhəmiyyətli mayesi olan “su”yun dəri olmadan bədəndə saxlanılması mümkün deyil.

Dəri möhkəm və elastikdir. Üst dərinin səthindəki hüceyrələrin əsas hissəsi ölüdür. Alt dəri isə canlı hüceyrələrdən ibarətdir. Üst dəri hüceyrələri bir müddət sonra hüceyrə statuslarını itirir və keratin adlı sərt maddəyə çevrilirlər. Ölən bu hüceyrələri keratin maddəsi bir yerdə saxlayır və bədən üçün qoruyucu zireh əmələ gətirir. Dəri daha sərt və qalın olarsa, qoruyucu xüsusiyyətinin artacağı düşünülə bilər. Lakin bu yanlışdır. Əgər fil və ya kərgədan kimi sərt və qalın dəriyə sahib olsa idik, çox hərəkətli olan bədənimiz bu bacarığını itirər və kobudlaşardı. Onsuz da hansı canlı növü olsa da, dəri heç vaxt lazım olandan daha qalın olmur. Dərinin quruluşunda yüksək ölçülü və çox nizamlı plan var. Üst dəri hüceyrələrinin davamlı öldüyünü və bu prosesin müəyyən həddə dayanmadığını düşünək. Bu zaman dərimiz qalınlaşmağa davam edər və bir müddət sonra hədsiz dərəcədə qalın olardı. Lakin heç vaxt belə olmur, dəri hər zaman lazım olan qalınlıqdadır. Bəs bu necə olur? Dəri hüceyrələri harada dayanacaqlarını necə bilirlər? Dəri toxumasını təşkil edən hüceyrələrin harada dayanacaqlarını öz-özünə tapdıqlarını və ya bu sistemin təsadüfən yarandığını iddia etmək çox məntiqsiz və gülməli iddia olardı. Dərinin quruluşunda açıq-aydın yaradılış var. Bu yaradılışı da meydana gətirən, şübhəsiz ki, aləmlərin Rəbbi olan Allahdır. Allah dərini insanın hər cür ehtiyacını nəzərə alaraq yaratmışdır. Dəri Allahdan bir rəhmət və nemət olaraq insanların xidmətinə verilmişdir.

Dəri sərin havalarda bədənin sərinlənməsini təmin edən mexanizmlər ehtiva edir. Soyuq havalarda isə bədən temperaturunu qoruyur. Bu zaman dəridəki tər vəziləri işlərini yavaşladır və qan damarları daralır. Beləcə dərinin altında qan dövranı azaldığına görə, bədən temperaturunun çölə çıxmasının qarşısı alınır. Bütün bunların bizə göstərdiyi nəticə insan dərisinin həyatımızı asanlaşdırmaq üçün xüsusi olaraq yaradılmış mükəmməl orqan olmasıdır. Dəri həm qoruyur, həm “kondisioner” vəzifəsini yerinə yetirir, həm də elastikliyi sayəsində hərəkət asanlığını təmin edir. Bundan əlavə də çox estetikdir. Bu cür dərinin əvəzinə sərt, qalın və kobud dərimiz ola bilərdi. Ya da yayda istidən huşumuzu itirəcəyimiz, qışda asanlıqla donacağımız dəriyə də sahib ola bilərdik. Lakin bizi yaradan Rəbbimiz ən rahat, ən faydalı və ən estetik formada dəri ilə bədənimizi örtmüşdür. Çünki O,“... Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır...”(Həşr surəsi, 24)

İnsan vücudundakı 100 trilyon hüceyrəni tək-tək gəzən qan dövranı sisteminin ən önəmli elementi ürəkdir. Ürək kirli və təmiz qanın bir-birinə qarışmadan bədənin müxtəlif bölgələrinə daşıyan 4 müxtəlif hissəsi ilə (kameraları) təhlükəsizlik örtüyü funksiyasını yerinə yetirən qapaqcıqları ilə olduqca həssas ölçülər əsasında qurulmuş yaradılışa sahibdir. Hər hansı bir müdaxiləmizin olmamasına baxmayaraq, həyatımız boyu müəyyən tempdə fasiləsiz döyünən ürəyimiz Allahın Rəhman və Rəhim sifətinin açıq dəlillərindən biridir. Hələ ana bətnində ikən atmağa başlayan ürək dəqiqədə 70-100 dəfə döyünməklə heç bir fasilə vermədən çalışır, sadəcə hər döyünmə arasında yarım saniyə dincəlir və bir gün ərzində təxminən 10.000 dəfə döyünür. Bu rəqəmi insan ömrünün uzunluğunu düşünərək dəyərləndirsək, hesablamada olduqca çətinlik çəkərik. Çox həssas çalışma mexanizmi olan ürəyin bütün hissələri xüsusi yaradılmışdır. Ürəkdə təmiz və kirli qanın bir-birinə qarışmamasından bədənin təzyiqinin tənzimlənməsinə, qidaların bütün bədənə daşınması üçün lazımi funksiyalardan qanı lazım olduğu qədər nasoslayan sistemlərə qədər hər detal üçün fərqli xüsusiyyət düşünülmüşdür. Ürək bu xüsusiyyətlərə uyğun olaraq dizayn edilmişdir. Rəbbimiz ürəyi bədənin ən təhlükəsiz yerlərindən birinə yerləşdirmişdir. Ürək döş qəfəsinin içində yerləşərək kənardan gələ biləcək zərbələrə qarşı olduqda yaxşı qorunur.

Ürəyin nasosladığı qan miqdarı bədənin ehtiyacına görə dəyişir. Normalda ürək dəqiqədə 70 dəfə döyünür. İdman etdikcə isə əzələlərimiz daha çox oksigenə ehtiyac duyduğu üçün ürək çalışma sürətini dəqiqədə 180 dəfəyə qədər yüksəldərək vurduğu qan miqdarını artırır. Bu cür olmasa idi, nə baş verərdi? Bədənin daha çox enerjiyə ehtiyac duyduğu bir anda ürək normal tempdə çalışsa idi, tarazlıq pozulacağından vücudda zərərlər meydana gələcəkdi. Halbuki ürəyin mükəmməl quruluşu sayəsində belə bir vəziyyət baş vermir. Bizim hər hansı bir nizamlamağımıza gərək olmadan, nasoslanacaq qan öz miqdarını özü tənzimləyir.

Ürəyin nasoslayacağı qan miqdarına xüsusi sinir sistemi nəzarət edir. İstər yuxuda olaq, istər oyaq olaq, sinir sistemimiz qan miqdarı və qan vurma sürətini özü tənzimləyir. Harada, nə zaman, nə qədər qan lazım olduğunu heç bir müdaxilə olmadan tənzimləyən ürəkdəki dizayn tək kəlmə ilə möhtəşəmdir.

Ürək bu sistemi öz-özünə yarada bilməz. Bu sistem təsadüfən də meydana gəlməz. Sonsuz elm sahibi olan Rəbbimiz ürəyimizi ən qüsursuz şəkildə yaratmışdır. Bütün bunlardan da göründüyü kimi, ürəkdəki quruluş bizə ondakı qüsursuz yaradılışı və Allahın yaratma sənətini tanıdır. Allah sonsuz mərhəmət sahibi olduğu üçün lütf edərək insan yaradılışında üstün sənətini təzahür etdirir. Bu qədər incəliyin, qüsursuzluğun yaradılması Rəbbimizin bizə olan sevgisinin və şəfqətinin dəlillərindəndir.

Çayı qarışdırmaq, qəzetin səhifələrini çevirmək, yazı yazmaq kimi adi görünən fəaliyyətləri həyata keçirən əlimiz inanılmaz mühəndislik əsəridir. Əllərimiz standart quruluşa malik olmasına baxmayaraq, bir-birindən çox fərqli sahələrdə istifadə edilir. Çoxlu sayda əzələ və sinirə malik qollarımız şərtlərə uyğun olaraq əlimizin güclü və ya yumşaq olmasını təmin edir. Məsələn, insan əli yumruq vəziyyətdə olmadan belə hər hansı cismin üzərinə 45 kiloqramlıq güclə zərbə endirə bilər, digər tərəfdən baş barmaq və şəhadət barmağı arasında tutduğu millimetrin onda biri qədər naziklikdəki kağız parçasını hiss edə bilər. Göründüyü kimi, hər iki iş bir-birindən tamamilə fərqlidir. Biri çox incəlik, digəri isə əksinə, böyük güc tələb edir. Lakin biz kağızı götürərkən də, yumruq vurarkən də 1 saniyə belə necə etməyi, ikisi arasındakı güc fərqini belə tənzimləməyi düşünmürük. Çünki insan əli bütün bu prosesləri eyni anda edə biləcək şəkildə yaradılmışdır. Əl bütün xüsusiyyətləri ilə birlikdə yaradılmışdır. Əlin bütün barmaqları funksiyalarına görə ən uyğun uzunluqdadır və ən uyğun yerdədir, bundan əlavə, bir-birlərinə uyğundur. Məsələn, normal baş barmağı olan əllə atılan yumruğun gücü qısa baş barmağı olan əllə atılan yumruğun gücündən çoxdur. Çünki baş barmaq onun üçün seçilmiş uzunluq sayəsində digər barmaqların üstünə qıvrılaraq bükülür, beləcə, onları dəstəkləyərək gücü artırır. Bütün bunlardan başqa, insanda iki əlin eyni anda, mükəmməl tərzdə çalışması əldəki yaradılışın qüsursuzluğunu daha konkret ortaya çıxarır. Allah əli insanlar üçün xüsusi olaraq yaratmışdır. Hər yaradılış dəlili Allahın yaratma sənətindəki qüsursuzluğu və bənzərsizliyi bizlərə göstərir. Bütün kainatdakı qüsursuz yaradılış insan bədənində də ən yüksək səviyyədədir. İnsan bədəninin hər detalı Allahın Rəhman və Rəhim sifətinin ən gözəl dəlillərindəndir. İnsana düşən isə bu dəlillər üzərində diqqətlə düşünüb ona rəhmətini hesabsızca verən Allaha könüldən təslim olmaqdır.

Qan bədəni nəqliyyat şəbəkəsi kimi əhatə edən damarların içində axır və insan bədəninin hər yerini ziyarət edən ucsuz-bucaqsız çaya bənzəyir. Bu çay bədəndəki səfəri zamanı hüceyrələrin ehtiyacı olan maddələri paketlər halında daşıyır. Çayın daşıdığı bu paketləri bir yük paketi olaraq qiymətləndirsək, bu paketlərdə qida, su və bəzi kimyəvi maddələr var. Çatdırılmalı olan ən təcili paket isə oksigendir. Çünki hüceyrələr oksigensiz qalsalar, qısa müddət ərzində ölə bilərlər. Ancaq bədənimizdəki bu qüsursuz sistem sayəsində paketlərin hamısı hüceyrələrə tam zamanında daşınır və həmişə doğru ünvanlara çatdırılır. İnsan gündəlik həyatında bədənindəki bu çay axınını hiss etmir. Ancaq insan bədəni o qədər mükəmməl yaradılmışdır ki, bədənin hər yeri damarlarla örtülü olduğu halda, kənardan baxıldıqda bu damarlar bəlli olmur. Çünki insan bədənini örtən 2 mm qalınlığındakı dəri təbəqəsi damarları ustalıqla gizlədir. Bu təbəqə, əslində, o qədər incədir ki, dəridə meydana gələn ən kiçik bir cızıq belə qanın çölə sızmasına səbəb olur. Əgər damarlar zərif və estetik bir dəri ilə gizlənməsələrdi, şübhəsiz ki, dünyanın ən gözəl insanı belə üzünə baxıla bilməyəcək qədər çirkin və pis bir görünüşə sahib olardı. Bu estetik görünüş Rəhman olan Allahın insanlara gözəl lütfüdür.

Qan mayesinin ən möcüzəvi xüsusiyyətlərindən biri “laxtalanma” mexanizmidir. Laxtalanma sayəsində zədələnmiş damarda meydana gələ biləcək qan itkisi minimuma endirilmiş olur. Laxtalanma mexanizmində qanda olan onlarla zülal, ferment və vitamin nizamlı tapşırıqlar alırlar. Laxtalanma mexanizmi bu xüsusiyyəti ilə alimlər tərəfindən qüsursuz planlaşdırma və yaradılış nümunəsi olaraq göstərilir. Zamanla insan bədənində meydana gələn kiçik bir cızıq və ya kəsik nəticəsində qanaxma baş verir. Belə vəziyyətdə bədəndəki bütün qanın eynilə su axıdan bir şüşə kimi bu dəlikdən çölə axması və kiçik bir cızığın belə insanı qan itkisindən öldürməsi gözlənilir. Ancaq bu baş vermir. Həmin dəliyin ətrafında qan laxtalanmağa başlayır və laxtalanan qan oradakı dəliyi sanki qapaq kimi örtür. Bu vəziyyət dibi dəlinən bir şüşənin içindəki suyun çölə axmaması üçün dəliyi təmir etməsinə və qatılaşaraq dəliyi örtməsinə bənzəyir. Bu, böyük bir möcüzədir. Qanın bu xüsusiyyəti dünyadakı hər insanın həyatını xilas edir. Əks təqdirdə, çox kiçik yara belə insanların ölümünə səbəb ola bilər. Ancaq Rəbbimiz sonsuz şəfqəti və mərhəməti ilə qullarını laxtalanma kimi möcüzəvi bir yolla qoruyur. Laxtalanma çox mürəkkəb və möcüzəvi prosesdir. Laxtalanmanın meydana gəlməsi üçün onlarla ferment bir yerə toplanır və mürəkkəb reaksiyalar baş verir. Burada fermentlər, zülallar cansız, şüursuz, kor atomların fərqli şəkillərdə düzülən formalarıdır. Bunların hər biri yaralanma hadisəsinin ən başından bəri bu vəzifəni öhdələrinə götürür, axan qanı dərhal dayandırmaq üçün təşkil olunur, dərman istehsal edirmiş kimi lazım olan zülalları istehsal edir, yardım üçün digərlərinə xəbər göndərirlər. Digərləri xəbərin mahiyyətini anlayıb dərhal hadisə yerinə gəlir və hər biri vəzifəsini qüsursuz yerinə yetirirlər. Sistem ən kiçik detalına qədər qüsursuz çalışır. Bu önəmli sistemdə bir axsama olduqda nələrin baş verəcəyini düşünək: Yara olmadığı halda qan birdən-birə laxtalanmağa başlasa idi və ya yaranın ətrafını əhatə edən laxta olduğu yerdən ayrılsa idi və ya laxtalanmada rol oynayan zülallar arasındakı xəbərləşmədə axsamalar olsa idi... Bunlardan hər hansı biri olduqda ürək, ağciyər və ya beyin kimi vacib orqanlara gedən yollarda tıxanma, qan itkisindən ölmə kimi vəziyyətlərlə qarşılaşardıq. Qanın laxtalanması deyildikdə yalnız gözlə görünən yaralardakı laxtalanma ağıla gəlməməlidir. Gün ərzində tez-tez başımıza gələn, ancaq çox vaxt fərqində olmadığımız kapilyar parçalanmasının bərpa edilməsi üçün də laxtalanma sisteminin olması zəruridir. Ayağınız stolun kənarına çırpıldıqda çox sayda kapilyar damarlar zədələnir. Bu vəziyyət daxili qanaxmalara yol aça bilər, lakin laxtalanma sistemi sayəsində qanaxma dərhal dayanır və ardından bərpa işləri başlayır. Laxtalanma sistemi olmasa, nə baş baş verərdi? Hemofiliya olaraq adlanan xəstəlik ortaya çıxardı. Hemofiliya xəstəliyi olan insanlar ən kiçik zərbədən belə qorunmalıdırlar. Çünki xüsusilə xəstəliyin sonrakı mərhələlərində çox kiçik qanamanın belə qarşısını almaq mümkün olmur, bu da xəstənin qan itkisindən ölməsi deməkdir. Qanımızda laxtalanma xüsusiyyəti mütləq olmalıdır. Üstəlik, buna çox ciddi bir nəzarət sistemi də olmalıdır. Hər detalı xüsusi plan və yaradılış əsəri olan bu sistem Allahın sonsuz elminin, ağlının və gücünün bir dəlilidir. Əli kəsildikdə, hər hansı bir qəza keçirdikdə, yaralandıqda insan Allahın bu nemətinə möhtacdır. Özbaşına qanını dayandırması, yaralarını sağaltması mümkün deyil.

İnsan bədəni bir çox düşmən və təhlükə mərkəzi ilə hər tərəfdən əhatə edilmiş vəziyyətdədir. Bu düşmənlər bakteriyalar, viruslar və buna bənzər mikroskopik canlılardır. Düşmənlər tənəffüs edilən havadan içilən suya, yeyilən yeməkdən içində olduğu mühitə qədər hər yerdə olur. Ancaq Rəbbimiz insanı bu təhlükələrdən qorumaq üçün bədəndə qüsursuz sistemlər yaratmışdır. Məsələn, dəri hüceyrələrində olan keratin maddəsi bakteriya və göbələklər üçün aşılması çox çətin olan maneə yaradır. Dəri üzərinə gələn yad canlılar bu divarı aşıb içəri girə bilmirlər. Bundan əlavə, keratin ehtiva edən xarici dəri davamlı tökülür və altdan gələn dəri ilə təzələnir. Beləcə dəri arasına sıxışan arzuolunmaz mikrocanlılar, dərinin bu daxildən xaricə doğru yenilənmə hərəkəti sayəsində ölü dəri ilə birlikdə bədəndən uzaqlaşdırılırlar. Düşmən içəri ancaq dəri üzərində yara açılanda girə bilir. Virusların bədənə girmək üçün istifadə etdikləri yollardan biri də havadır. Düşmən tənəffüs edilən bu hava sayəsində bədənə girməyi sınayır. Ancaq burun mukozasında olan xüsusi ifrazat və ağciyərlərdə olan hüceyrə udan müdafiə işçiləri (faqositlər) bu düşmənləri qarşılayır və daha çox təhlükə böyümədən vəziyyəti əl atırlar. Qida yolu ilə bədənə girmək istəyən mikrobların böyük əksəriyyəti isə mədə turşusu və nazik bağırsaqdakı həzm fermentləri tərəfindən dəf edilirlər.

Yuxarıda saydıqlarımızın hər biri virus və bakteriya kimi təhlükəli maddələrin bədənə girmələrinə mane olmaq üçün Rəbbimizin yaratdığı qüsursuz müdafiə mexanizmləridir. Ancaq bəhs edilən müdafiə bununla da məhdudlaşmır. İnsan bədənində düşmənlərə qarşı mübarizə aparan üstün müdafiə sistemi də var. İnsan isə öz bədənində belə mükəmməl sistemin işlədiyindən xəbərdar belə deyil. Halbuki görə bilmədiyi bu sistem onu mütləq ölümdən qoruyur. Aydındır ki, müdafiə sistemini, ümumiyyətlə bütün insan bədənini yaradan, üstün bilik və güc sahibi olan Yaradıcıdır. O Yaradıcı insanı hər cür çətinlikdən xilas edən, ona şəfqət duyan mərhəmətli Allahdır.

Nəfəs almaq, yemək yemək, gəzmək və s. insanlar üçün çox təbii vərdişlərdir. Amma insanların bir qismi bu həyati hadisələrin necə meydana gəldiyini düşünmürlər. Məsələn, tərkibində vitamin, zülal və ya müxtəlif minerallar olan bir yemək yedikdə o yeməyin bədəninizə necə faydalı hala gələcəyini düşünmürsünüz. Vitamin və ya zülalları kimin ayırd edib lazımi orqana çatdıracağını, qanınıza nə nisbətdə qarışacağını, nə qədərinin sizin üçün çox və ya az olduğunu heç ağlınıza gətirmirsiniz. Siz “yaxşı qidalanıram” düşüncəsində olarkən bədəniniz bu qidanı “yaxşı” hala çevirə bilmək üçün heç düşünə bilmədiyiniz qədər hərtərəfli proseslər həyata keçirir. Bədənimiz Rəbbimizin ilhamı ilə bütün bu çətin işləri bizim əvəzimizə edir. Hər qidadakı faydalı və zərərli maddələri ayırır, istifadəyə verir, lazımsız olanları da bədəndən xaric edir. Bütün bunlar Allahın insanlara olan sevgisinin çox önəmli dəlillərindəndir. Rəbbimiz bizim üzərimizə belə mühüm və həyati məsuliyyətləri yükləməyərək şəfqət və mərhəmətini göstərir.

Ağrının meydana gəlməsi da Allahdan bir rəhmətdir. Çox insan bu nemətin şüurunda deyil və bəlkə də indiyə qədər bu barədə heç düşünməyib. Amma ağrı sayəsində insan öz bədənində normal olmayan vəziyyət olduğunu başa düşə bilir, bununla da həkimə gedərək bu narahatlığını müalicə etdirə bilir. Əgər ağrı olmasa idi, insan nə mədəsində narahatlıq olduğunu anlayacaq, nə də böyrəklərində bir daşın varlığını fərq edə biləcəkdi. Fərq etmədiyi üçün də xəstəlik sadəcə davamlı bir hal alıb, kənardan fərq ediləcək dərəcədə olduqda vəziyyəti anlaya biləcəkdi. Lakin Allah hər xəstəliyin əlamətlərini mərhəmətinin bir təzahürü olaraq insanlara hiss etdirir, bu səbəbdən də bir çox xəstəliyə əvvəlcədən diaqnoz qoyula bilir.

İybilmə duyğusu da Allahın Rəhman və Rəhim isimlərinin bənzərsiz təzahürlərindəndir. İlk anda ağlımıza gələn qoxuları sıralayaq: güllər, qərənfillər, yasəmənlər, lavandalar, çəmənlər və müxtəlif bitkilərin yaz aylarında ətrafa yaydıqları heyrətamiz qoxular; çiçək açmış portağal, naringi və limon ağaclarının ətrafı bürüyən qoxuları; müxtəlif ətirlərin xoşa gələn qoxuları; müxtəlif ədviyyatların qoxuları; səhər qalxdıqda mətbəxdən gələn qızarmış çörək qoxusu, çay və ya qəhvənin cəzbedici qoxuları, manqalda bişən ətin qoxusu və ya sabunun tərtəmiz qoxusu ... Bu qoxular sonsuz lütf sahibi və bənzərsiz yaradan Rəbbimizin bizlərə bəxş etdiyi çox böyük nemətlərdir. Qoxu olaraq bildiyimiz şey, əslində, obyektlərdən buxarlanan kimyəvi dənəciklər, yəni molekullardır. Təzə çəkilmiş qəhvə qoxusu olaraq qəbul etdiyimiz və hiss etdikdə bizə xoş gələn qoxunun qaynağı qəhvəyə aid uçucu qoxu molekullarıdır. Buxarlanma nə qədər çox olarsa, meydana gələn qoxu da o qədər diqqət çəkən olur. Sobada bişməkdə olan bir keksin bir müddət əvvəl bişmiş keksə nisbətən daha çox qoxu yaymasının səbəbi sobadakı keksdən ətrafa daha çox qoxu zərrəsinin yayılmasıdır. Çünki istinin təsiri ilə qoxu molekulları havada sərbəst hərəkət etməyə başlayır və geniş sahəyə yayıla bilirlər. Burada insan həyatı üçün yaradılmış bəzi həssas tarazlıqların olduğuna diqqət çəkmək lazımdır. Hazırda olduğunuz mühitdə daş, dəmir, şüşə kimi iy verməyən maddələr var. Çünki bu saydıqlarımız otaq temperaturunda buxarlaşmırlar. Bir anlıq otağınızdakı hər şeyin qoxu yaydığını təsəvvür edək. Belə bir vəziyyətin nə qədər narahatlıq verəcəyini heç düşündünüzmü? Maraqlı olan digər bir gerçək isə suyun aşağı temperaturlarda buxarlanma xüsusiyyətinin olmasına baxmayaraq, qoxusunun olmamasıdır. Sudakı bu xüsusi yaradılış çox mühümdür. Beləcə quru güllə yeni sulanmış, üzərində su damlaları olan gülün qoxusu arasında fərq olmur. Başqa sözlə, gülün təbii qoxusu getmir. Bundan başqa, havada olan su buxarı, yəni nəm mövcud qoxunun təsirini gücləndirir. Məsələn, yağışdan sonra buxarlanan su molekulları çiçəklərin qoxulu dənəciklərini də havaya qaldırır və çiçəklərin zövq oxşayan qoxularının ətrafa yayılmasına yardım edir.

Qoxulardakı müxtəliflik də Allahın çox böyük lütfüdür. Hələ də təbiətdə nə qədər fərqli növdə qoxu olduğu müəyyən edilməyib. Milyonlarla müxtəlif molekulun mövcudluğu nəzərə alınsa, təbiətdə çox müxtəlif qoxu olduğu deyilə bilər. Bunları müəyyən kateqoriyalarda cəmləmək üçün işlər görülmüş, lakin qoxuların müxtəlifliyi səbəbindən qənaətbəxş qruplaşdırma əldə edilə bilməmişdir. Rəbbimizin sonsuz mərhəməti nəticəsində insanlar həm dünyadakı nemətlərdən faydalanır, ehtiyaclarını təmin edir, həm də onlardan zövq alırlar. Yeməklərdəki, bitkilərdəki möhtəşəm qoxular da Allahın şəfqətinin çox gözəl dəlilləridir. Çünki gözəl qoxu ehtiyac deyil, insanın xoşuna gələn, ruhuna zövq verən gözəllikdir. Allah sonsuz səxavət sahibi olan və qullarına gözəlliklər bəxş edəndir.

Qoxuları müxtəlifləşdirən, molekullar arasındakı mikroskopik dəyişikliklərdir. Məsələn, bişmiş təzə yumurta ilə çürük yumurtanı bir-birindən ayıran xüsusiyyət ətraf mühitə yaydıqları dənəciklərin quruluşlarındakı fərqlərdir. Müxtəlif molekulların kimyəvi quruluşları arasındakı fərqlər olduqca həssas əyarlarla nizamlanır. Belə ki, bir karbon atomunun dəyişikliyi belə gözəl qoxunu pis qoxuya çevirə bilər. Kainatın hər tərəfindəki yaradılış qoxu molekullarının quruluşlarında da ilk baxışda diqqət çəkir.

Kakaonun, lavanda çiçəyinin və ya çiyələyin özünəməxsus qoxuları qoxu molekullarını meydana gətirən atomlar və onların xüsusi olaraq birləşmələrinin nəticəsidir. Hər molekul müəyyən məqsədlə planlanmışdır. Şübhəsiz ki, bu möhtəşəm yaradılış ayədə bildirildiyi kimi,“O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermiş...”(Furqan surəsi, 2) Allaha aiddir. Bütün bu detallar zəruri ehtiyac üçün deyil, insanın nemətlərdən daha çox zövq ala bilməsi üçün mərhəmətli Rəbbimiz tərəfindən qullarına bəxş edilmişdir.

Zövqlərimizlə qoxular arasında çox mühüm tarazlıq və uyğunlaşma var. Bizə faydalı olan maddələrin qoxuları xoşumuza gəlir, bizə zərərli olan qoxular isə bizdə pis təəssürat yaradır. Bədənimizə faydalı olan qidalardan gələn qoxular bizdə məmnunluq hissi oyadır və o maddələrə qarşı maraq duymağımıza gətirib çıxarır. Acdıqda bişən yeməyin qoxusu bizi yemək yeməyə təşviq edir; beləcə, həm yeməkdən zövq alırıq, həm də bədənimizin ehtiyaclarını ödəyirik. Digər tərəfdən, bədənimiz aldığımız maddələri həzm etməklə məşğul olarkən və yeni bir qidaya ehtiyac duymazkən yemək qoxusu bizə bir daha cəlbedici gəlmir. Pis qoxu olaraq bildiyimiz qoxuların qaynaqları isə demək olar ki, bizim üçün zərərli maddələrdir. Zəhərli kimyəvi maddələri pis qoxularından rahatlıqla tanıya bilirik. Bakteriyaların fəaliyyəti nəticəsində meydana gələn pis qoxular da bizi xəbərdar edərək o maddələrdən uzaq durmağımızı təmin edirlər. Çürümüş meyvənin və ya xarab olmuş yeməyin ətrafa yaydığı ağır qoxular insanları təhlükəyə qarşı xəbərdar edir.

Qoxulardakı sözügedən tənzimləmənin insan sağlamlığı baxımından hayati önəmi olduğu mübahisəsizdir. Ümumiyyətlə, təhlükəli və ya zərərli maddələr pis qoxu yayırlar ve beləcə ayırd edilə bilirlər. Məsələn, cəfəri zəhərli olan badyan bitkisinə görünüş olaraq çox bənzəyir. Lakin qoxuları bir-birlərindən tamamilə fərqlidir. Cəfərinin özünəməxsus qoxusu, badyanın isə olduqca narahatlıq verən pis qoxusu var.

Bu sistem olmasa, badyanı cəfəri zənn edərək yanıla bilərik və ya zəhərli kimyəvi maddəni meyvə suyu zənn edərək içə bilərik. Yaşadığımız müddətcə zəhərlənmə təhlükəsi ilə iç-içə yaşayarıq. Buna tədbir olaraq da, hər halda əlimizdə nəyin faydalı nəyin zərərli olduğunu açıqlayan siyahılar və kitablarla gəzmək məcburiyyətində qalarıq. İnsanın həyatı boyunca təsirli qoxuları qəbul edə bilməsi Allahın diləməsi ilə reallaşır. Bütün bunlar vicdan sahibi insanların Allahın sonsuz qüdrətini, elmini və mərhəmətini düşünmələrinə və Rəbbimizin sevgisinə layiq ola bilmək üçün hərəkətə keçmələri üçün bir vasitədir.

Kainatın hər yerində olan həssas tarazlıq qoxu alma sistemində də özünü müəyyən edir. Hər canlının qoxu alma tutumu ehtiyaclarını qarşılamağa istiqamətlənib. İnsanı düşünək. Əgər qoxu alma həssaslığımız daha az olsa idi, bizim üçün təhlükə yaradan vəziyyətləri hiss etməyə bilərdik. Qoxu alma duyğusu itdə olduğu qədər güclü olsa idi, hər an diqqətimizi yayındıran və olduqca narahatlıq verən vəziyyət ortaya çıxardı. Həmin tarazlıqlar qoxu molekullarının quruluşunda da mövcuddur. Məsələn, normal şərtlərdə bizə gözəl gələn qoxu yüksək gərginlikdə xoşumuza gəlmir. Bitkilərin qoxuları bağda olduqca təsiredicidir, ancaq eyni bitkilərdən hazırlanan ağır ətir narahatedicidir. Bu da onların qoxularının insan üçün ideal nisbətdə yaradıldıqlarının göstəricisidir. Ətirlərlə əlaqədar hər detalın insan həyatı üçün xüsusi olaraq yaradıldığı və Allahdan nemət olduğu açıqdır. Ehtiyac duyduğumuz qidaları və bitkiləri sahib olduqları cazibədar qoxularla birlikdə yaradan Rəhman və Rəhim olan Allahdır. Hüdudsuz lütf sahibi olan Rəbbimiz bədənimizin hər sistemində olduğu kimi qoxu almağı da bizim zövqümüzə uyğun olaraq yaratmışdır. Sonsuz mərhəməti və şəfqəti, bizə faydalı olan şeylərin qoxularını sevdirmiş, zərərli olanları pis göstərmişdir. Biz gözəl qoxuları Allahın yaratdığını və bunları bizlərə lütf etdiyini düşünüb şükür etməliyik. Bu gözəl davranışı göstərənlər, Allah istəsə, həmin nemətlərin əsillərinə davamlı olaraq cənnətdə qovuşacaqlar. Allahın nemətlərini yalan hesab edib nankorluq edənlər isə cəhənnəmdə sonsuza qədər bu nemətlərdən məhrum şəkildə yaşayacaqlar.

Dad bilmə duyğusu da Rəbbimizin dünya həyatında yaratdığı bənzərsiz nemətlərdəndir. Cürbəcür yeməklərin, şirniyyatların, ətlərin, balıqların, tərəvəzlərin, şorbaların, salatların, tortların, çörəklərin, meyvələrin, içkilərin, cemlərin, dondurmaların və digər qidaların mükəmməl dadlarının yanında Allah bunların hər birinin fərqinə varmağımızı və onlardan zövq ala bilməyimizi təmin edən sistemləri də bədənimizdə yaratmış, sonsuz mərhəmətinin təzahürü olaraq bu nemətləri insanların xidmətinə vermişdir. Bu sistemlərdən ikisi, bizim üçün çox əhəmiyyətli olan “qoxu və dad bilmə” hissidir. İnsan qoxu və dad dünyalarının zənginliklərini ancaq onların vasitəsilə kəşf edə bilir. Düşünün ki, bu sistemlər olmasa idi, dad, qoxu, ləzzət kimi anlayışlar sizin üçün hər hansı bir məna ifadə etməyəcəkdi. Yediklərinizin və içdiklərinizin gözəl qoxularını və dadlarını ala bilmədiyinizi fərz edin, nə qədər əhəmiyyətli olduqlarını dərhal qavrayarsınız. Məsələn, çiyələyi çiyələk edən onun qoxusu və dadıdır; bunları hiss edə bilməsəniz, çiyələyin nə demək olduğunu da bilə bilməzsiniz. Dünyaya gəldiyiniz vaxtdan etibarən qoxu və dad alma duyğularınızı istifadə edir, on minlərlə qoxunu və dadı heç bir çətinlik çəkmədən qəbul edə bilirsiniz. Çünki bunu mümkün edən möhtəşəm sistemlərə sahibsiniz.

Qoxu və dad duyğusu ömür boyu fasilə vermədən, heç bir səhv etmədən sizin üçün fəaliyyət göstərir. Üstəlik, bunları əldə etmək üçün heç bir təhsil almadınız, xüsusi bir səy göstərmədiniz.

Əlbəttə ki, bəhs edilənlər üzərində dərin düşünməli olduğumuz həqiqətlərdir. Şübhəsiz ki, sahib olduğumuz hər şey kimi, bu möcüzəvi nemətləri də aləmlərin Rəbbi olan uca Allah yaratmışdır. Qoxu və dad alma sistemləri araşdırılsa, bu qüsursuz sistemlərin heyranlıq oyandıran yaradılış dəlilləri ilə dolu olduğu açıq şəkildə görünər. Allahın yaratmasındakı qüsursuzluq Quranda belə bildirilir:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
İnsan bədəninin həyati funksiyalarının davam edə bilməsi üçün qidaya və suya ehtiyacı var. Beləcə trilyonlarla hüceyrəmizdəki proseslər üçün lazımi enerjini təmin edirik. Yemək yeyərkən, əslində, sağlamlığımıza birbaşa təsir edəcək qərarlar veririk. Nəyi yeməli olduğumuzu, nəyi yeməli olmadığımızı bilirik. Hansı qidaların qidalandırıcı və yeməli olduğunu, hansılarının qida dəyəri daşımadığını, hansılarının zərərli ola biləcəyini anlayırıq. Pis dadlarını dərhal hiss etdiyimiz xarab olmuş qidaları zibilə atırıq. Turşluq nisbətinə baxaraq yetişmiş bir meyvəni kal olanından ayırd edirik. Turşulu birləşmələri turş dadlarından tanıyırıq. Bədənimizdəki vəziyyəti sabit tutmaq üçün lazım olan mineral duzlar və mayelər, hüceyrələrimizdəki zülal sintezində istifadə edilən amin turşuları, enerji ehtiyacımızı qarşılayacaq karbohidrat və yağları əldə edə biləcəyimiz qidaları asanlıqla seçə bilirik. Bundan əlavə, nəyi nə zaman yeməli olduğumuz, nə zaman yeməli olmadığımızı da bilirik. Özümüzü halsız hiss etdiyimiz dövrlərdə vitamin, mineral və şəkər nisbəti yüksək olan qidaları seçirik. Təzyiqimiz düşdükdə duzlu qidalar qəbul edir, qalxdıqda isə duzlu yemək və içkilərdən uzaq dururuq. Bunların hamısını edə bilməyimizə imkan yaradan möcüzəvi sistemə – dadbilmə duyğusuna sahibik. Dadbilmə sistemimiz zülalları, ionları, mürəkkəb molekulları və bir çox kimyəvi birləşmələri analiz edir, həyatımız boyunca dincəlmədən bizim üçün çalışır. Üstəlik, gündəlik qida tələbatlarımızı qarşılayarkən yeməklərin, içkilərin, meyvələrin, şirniyyatların bənzərsiz dadlarından çox zövq alırıq. Bu günə qədər daddığımız hər biri bir-birindən ləziz yeməkləri və içkiləri gözünüzün önünə gətirməyə çalışın: susuzluğunuzu aradan qaldırmaq üçün içdiyiniz limonad və ya meyvə suları, yayın istisində yediyiniz qovun və ya qarpız, manqalda bişirilən kabab, meyvəli və ya şokoladlı dondurma, börək, plov, düşbərə, sütlac, çiyələkli tort, bal ... Bu gözəllikləri, sonsuz lütf sahibi olan Rəbbimizin xidmətimizə verdiyi dad alma mexanizmi sayəsində dərk edirik. Allahın insanlar üçün gözəl və təmiz qidalar yaratması Quranda belə bildirilir:
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Ğafir surəsi, 64)