İnsanın yaradılışında Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri

Bütün kainatı yoxdan var edən Rəbbimiz digər canlılardan fərqli olaraq insana düşünmə, qərar vermə və seçim etmə kimi bacarıqlar bəxş etmişdir. Buna görə də iman gətirən insan sonsuz rəhmət sahibi olan Rəbbimizin kainatdakı qüsursuz yaratmasını və bənzərsiz sənətini böyük heyranlıqla müşahidə edir və hər öyrəndiyi şey onun kamilləşməsinə və hidayətinin artmasına səbəb olur. Kainatın yaradılması, dünyadakı həssas tarazlıqlar və canlı aləmin yaşaması üçün lazımi mühitin qüsursuz şəkildə yaradılması Allahın sonsuz güc və qüdrətini daha yaxşı başa düşmək üçündür. İnsan həyatının hər anında iç-içə olduğu digər möcüzə də öz bədənidir.

İnsan bədəni çox böyük möcüzələrlə təchiz edilmişdir. Trilyonlarla hüceyrənin gördüyü işlər və insan bədənindəki qeyri-adi sistemlər Allahın Rəhman və Rəhim sifətini daha dərindən dərk etmək üçün açıq dəlillər ehtiva edir. Bunun üçün isə yaşamağa imkan verən möcüzəvi mühit haqqında daha ətraflı düşünmək lazımdır. İnsanın dünyaya gəlməsindəki incəliklər o qədər qeyri-adidir ki, düşünən hər kəsi heyran edir.

İnsan, qadın və kişi bədənində bir-birindən tamamilə müstəqil şəkildə əmələ gələn, lakin bir-birinə tam uyğun olan iki müxtəlif spesifik komponentin birləşməsi ilə həyata başlayır. Kişinin bədənində əmələ gələn spermanın onun istəyi və ya nəzarəti ilə əmələ gəlmədiyi məlumdur, eynilə qadın bədənində əmələ gələn yumurtalıq kimi. Onların necə əmələ gəldiklərindən xəbərləri belə yoxdur. Rəbbimiz ayələrdə belə bildirir:

Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? (Vaqiə surəsi, 57-59)
Kişidən və qadından gələn spesifik komponentlər bir-birilərinə uyğun yaradılmışdır. Bu iki komponentin yaradılması da, birləşməsi də, inkişaf edib insana çevrilməsi də çox böyük möcüzədir. Erkəklik vəzilərində dəqiqədə təqribən 1000 ədəd sperma hasil edilir. Bu spermalar kişidən qadının yumurtalığına doğru edəcəyi səyahət üçün sanki oradakı mühiti “bilirmiş” kimi xüsusi yaradılışa sahib olur. Sperma baş, boyun və quyruqdan ibarətdir. Quyruq spermanın ana bətnində balıq kimi irəliləməsini təmin edir. Körpənin genetik kodunun bir hissəsini özündə ehtiva edən baş hissəsi isə xüsusi qoruyucu zirehlə örtülmüşdür. Bu zirehin faydası ana bətninin girişində özünü büruzə verir. Buradakı mühit çox turşuludur. Aydındır ki, bu turşunun varlığını bilən və bu mühiti yaradan Rəbbimiz spermanı qoruyucu zirehlə örtmüşdür. (Bu turşulu mühitin səbəbi də ananın mikroblardan qorunmasıdır) Kişidən ana bətninə yalnızca milyonlarla sperma atılmır. Bu spesifik komponent bir-birindən fərqli mayelərin qarışığından ibarətdir. Allah Quranda bu həqiqəti belə qeyd edir:
Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir? İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. (İnsan surəsi, 1-2)
Spermalar yumurtalığa çatana qədər ana bətnində çətin yollardan keçirlər. Özlərini nə qədər müdafiə etsələr də, 200-300 milyon spermadan 1000-ə yaxını yumurtalığa çata bilir. Sperma yumurtalığa uyğun hazırlanarkən, çox ayrı və fərqli mühitdə də yumurtalıq hazırlanır. Yenə də qadının xəbəri belə olmadan yumurtalıqda əmələ gələn yumurta əvvəlcə qarın boşluğuna buraxılır və dərhal sonra ana bətnində uşaqlıq borusu adlanan çıxıntıların ucundakı qollar sayəsində tutulur. Daha sonra yumurta uşaqlıq borusunun daxili divarındakı tükcüklərin hərəkəti ilə irəliləməyə başlayır. Ölçüsü isə bir duz dənəsinin yarısı boyda olur.

Yumurta-sperma görüşünün yeri uşaqlıq borusudur. Burada yumurta xüsusi maye ifraz etməyə başlayır. Məhz bu maye sayəsində spermalar yumurtanın yerini tapırlar. Bura qədər verilən nümunələrin hamısı Allahın xüsusi nəzarəti altında, qüsursuz yaradılışla və mükəmməl proseslər nəticəsində baş verir. Yumurta və spermalar sanki şüurlu bir varlıq kimi hərəkət edirlər. Halbuki yumurta “xüsusi maye ifraz etməyə başlayır” deyərkən bir insandan və ya şüurlu bir varlıqdan bəhs edilmir. Bu çox kiçik zülal toplusunun “öz-özünə” belə bir şeyə “qərar verməsi”, bundan əlavə spermanı özünə cəlb edən kimyəvi maddə “hazırlayıb” ifraz etməsi yaradıcıların ən gözəli olan Allahın sonsuz gücünün və elminin açıq dəlilidir. Allah qadın və kişi bədənindəki çoxalma sistemlərini ən kiçik incəlikləinə qədər bir-birinə uyğun yaratmışdır. Üstəlik bu möcüzəvi yaradılış körpənin dünyaya gəlməsinə qədər keçən 9 aylıq müddət ərzində qeyri-adi şəkildə davam edir və hər saniyəsində heyranedici proses baş verir. Məsələn, yumurtanı mayalandıran sperma yumurtaya yaxınlaşdıqda, yenə yumurtanın ifraz etməyə “qərar verdiyi” və sperma üçün xüsusi hazırlanmış maye spermanın qoruyucu zirehini əridir. Bunun nəticəsində də bu dəfə spermanın ucundakı və xüsusi olaraq yumurta üçün hazırlanan əridici ferment kisəcikləri ortaya çıxır. Sperma yumurtaya çatanda bu fermentlər yumurtanın pərdəsini dələrək spermanın içəri girməsini təmin edir. Yumurtanı əhatə edən spermalar içəri girmək üçün yarışa başlayırlar. Lakin onu əsasən bir sperma dölləndirir. Yumurtanı spermaları daşıyan maye deyil, içində daşıdığı bir sperma, hətta onun da əsasını təşkil edən xromosomlar mayalandırır. Bir spermanı içəri qəbul edən yumurtaya ikinci spermanın girməsi mümkün deyil. Çünki yumurtanın ətrafında elektrik sahəsi var. Yumurtanın ətrafı (-) elektrik yüklüdür və ilk sperma yumurtaya girən kimi bu sahə (+) olur. Beləliklə, ətrafdakı spermalarla eyni elektrik yükünü daşıyan yumurta bu dəfə onları itələməyə başlayır. Yəni bir-birindən ayrı və müstəqil əmələ gələn iki spesifik komponentin elektrik yükləri də bir-birinə uyğundur. Sonda spermadakı kişinin DNT-si ilə yumurtadakı qadının DNT-si birləşir. Artıq ananın bətnində yad, yeni hüceyrə var. Bu möcüzəvi mayalanmadan sonra ananın bətnində 9 aylıq qeyri-adi proses başlayır. Bu macəranın hər anında körpə Allahın sonsuz mərhəməti ilə qorunaraq inkişafını ən gözəl şəkildə tamamlayır.

Kişidən gələn sperma ilə qadındakı yumurta birləşdikdə yeni doğulacaq körpənin ilk spesifik komponenti də əmələ gəlir. Biologiyada “ziqot” adlanan bu tək hüceyrə vaxt itirmədən bölünərək çoxalacaq və getdikcə “ət parçası”na çevriləcəkdir. Lakin ziqot bu inkişafını boşluqda həyata keçirmir. Sahib olduğu uzantılar sayəsində torpağa yerləşən köklər kimi döl divarına yapışır. Bu əlaqə vasitəsilə də inkişafı üçün lazım olan maddələri ananın bədənindən alır. Döl yatağına tamamilə yapışan ziqot inkişaf etməyə başlayır. Ana bətni isə ziqotu əhatə edən və “amnion mayesi” adlanan maye ilə doludur. Körpənin içində böyüdüyü amnion mayesinin diqqət çəkən ən vacib xüsusiyyəti xaricdən gələn zərbələrə qarşı körpənin təhlükəsizliyini təmin etməsidir. Körpə sonsuz şəfqət sahibi olan Rəbbimizin qoruması sayəsində 9 ay ərzində təhlükəsiz formada qala bilir. Allah Quranda bu həqiqəti “Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi?”(Mürsəlat surəsi, 20-21)şəklində bildirmişdir.

Əvvəlcə jelatinə bənzəyən rüşeymdə böyük dəyişikliklər müşahidə edilir. Başlanğıcdakı o yumşaq quruluşun içində bədənin dik durmasını təmin edən sərt sümüklər əmələ gəlməyə başlayır. Belə ki, əvvəlcə eyni quruluşa sahib olan hüceyrələr dəyişərək bəzisi işığa qarşı həssas olan göz hüceyrələrinə, bəzisi istini, soyuğu və ya ağrını hiss edən sinir hüceyrələrinə və ya səs titrəyişlərini hiss edən hüceyrələrə çevrilir. Bütün bu izah edilən proseslərdən sonra körpə anasının qarnında inkişafını tamamlayaraq dünyaya gəlir. Bu zaman ana bətnindəki ilk vəziyyətindən 100 milyon dəfə böyük, 6 milyard dəfə isə ağır olur. Şübhəsiz ki, heç kim başqa bir insanı və ya hər hansı maddəni yarada bilməz.

Qeyd edilən mükəmməl sistemlərin hər birini bütün mərhələləri və incəlikləri ilə Allah yaradır. Rəbbimiz ayədə belə buyurur:
Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 14)
Hüceyrənin “bölünmə” prosesi çox möcüzəvi şəkildə baş verir. Bölünərək çoxalmaq üçün ilk hüceyrə özünün surətini yaratmalı, bunlar da öz növbəsində bölünüb oxşar surətlər hazırlamalı, beləliklə zaman keçdikcə eyni hüceyrədən milyonlarla surət əmələ gəlməlidir. Lakin bütün bu proses göründüyündən daha qarmaqarışıqdır. Çünki bölünmə prosesinin bir mərhələsində surəti çıxarılan hüceyrələrin bəziləri digərlərindən fərqlənməyə və tamamilə fərqli quruluş əldə etməyə başlayırlar. Ortaq bir ana hüceyrədən gələn hüceyrələr bölünmə prosesində dəyişərək ayrı-ayrı toxumaları və orqan sistemlərini əmələ gətirirlər. Onlar bölünərək çoxalır və qüsursuz insan burnu, əli, göz qapağı, ya da böyrəyi əmələ gətirirlər. Lazımi qədər çoxalır, tam zamanında da dayanırlar. Sinir hüceyrələri olacaq hüceyrələr, elektrik siqnallarını ötürə biləcək şəkildə uzunsov quruluş əldə edirlər. Oynaq hüceyrələri isə təzyiqə dözümlü olan kürə formasını seçirlər. Sümük hüceyrələri də digərləri kim embriyon mərhələsində əmələ gəlir. Adi görünüşə sahib olan bəzi hüceyrələrdə, heç bir səbəb olmadan kalsium yığılmağa başlayır və bunun sayəsində çox sərt toxuma əmələ gəlir. Bu sərt toxuma çox güclüdür, kilolarla ağırlığı ömür boyu daşıyacaq formada yaradılmışdır. Qırıldığı zaman özünü yenidən bərpa edə bilir. Eyni dözümlülükdəki bir maddə ilə müqayisədə çox yüngüldür. İçindəki məsamələr həm yüngül, həm də elastik və möhkəm olmasını təmin edir. Əgər sümüyün içində bu məsamələrin elastiklik payı olmasa idi, sümük ən kiçik zərbədə qırılardı. Qüsursuz yaradılışı sayəsində sümük həm dözümlü, həm çox elastik, həm də yüngüldür. Hüceyrələrin nizamsız şəkildə çoxalmamaları, məsələn, insan burnunu fil xortumu qədər uzun etməmələri, onlar üzərindəki nəzarətin açıq dəlilidir. Şüursuz hüceyrələrin davamlı bölünməsi nəticəsində həm daxili orqanları, həm də xarici görünüşü ilə qüsursuz insan əmələ gəlməsi hərşeyə hakim və qadir olan Allahın insanlara lütfü və mərhəməti ilə baş verir.

İnsan bədənindəki təqribən 100 trilyon hüceyrənin hər birini əhatə edən hüceyrə membranı qərar vermə, xatırlama və dəyərləndirmə kimi xüsusiyyətlər nümayiş etdirir. Qonşu hüceyrələrlə əlaqəni və hüceyrənin giriş-çıxışına çox həssas şəkildə nəzarəti təmin edir. Sahib olduğu bu üstün qərar vermə qabiliyyəti, yaddaş və nümayiş etdirdiyi ağıla görə hüceyrə membranı hüceyrənin beyni olaraq qəbul edilir. Ancaq burada şüurlu hərəkətlərindən bəhs etdiyimiz hüceyrə mümbranı o qədər incədir ki, onu yalnız elektron mikroskopu ilə görmək mümkündür. Membran iki tərəfli divara bənzəyir. Bu divar hüceyrəyə girişi və çıxışı təmin edən qapılar və membranın xarici mühiti hiss etməsini təmin edən qəbuledicilərlə təchiz edilmişdir. Bunlar hüceyrə divarının üzərində yerləşir və hüceyrəyə giriş və çıxışlara həssas şəkildə nəzarət edirlər. hüceyrə membranın birinci vəzifəsi hüceyrə orqanoidlərini əhatə edərək bir yerdə saxlamaqdır. Eyni zamanda bu orqanoidlərdəki proseslərin davam etməsi üçün lazımi maddələri xarici mühitdən qəbul edir. Bunu edərkən hüceyrə membranı çox qənaətli davranır, hüceyrənin ehtiyacdan artığını qətiyyən içəri qəbul etmir. Bundan əlavə hüceyrənin içindəki zərərli tullantıları müəyyən edir və vaxt itirmədən bunları çölə atır. Hüceyrə membranının vəzifəsi çox əhəmiyyyətlidir. Ən kiçik səhvi belə qəbul etmir. Çünki hər hansı xəta və ya axsaqlıq hüceyrənin ölümü deməkdir. Yağ və zülal molekullarından əmələ gələn hüceyrə membranına bu möcüzəvi işləri gördürən və insan həyatının davam etməsi üçün bu qeyri-adi sistemi hazırlayan Allahdır.

Ana bətnindəki inkişaf zamanı milyardlarla hüceyrənin hər biri lazımi yerə yerləşməlidir. Buna görə də hüceyrələr embrionda yarandıqları yerdən aid olduqları yerə doğru heyranedici səyahət edirlər. Buna “hüceyrə köçü” deyilir. Bu səyahət əsnasında gedilən yerin doğruluğu ilə yanaşı, vaxt da çox əhəmiyyətlidir. Ana bətnindəki bu inkişaf əsnasında millimetrin yüzdə biri qədər edilən yer səhvi və ya saniyənin yüzdə biri qədər edilən vaxt xətası müxtəlif şikəstliyə səbəb ola bilər. Məsələn, insanın ayaqları başından, qulaqları da sinəsindən çıxa bilər. Lakin bu sistem Rəbbimizin qüsursuz yaratması sayəsində o qədər mükəmməl işləyir ki, heç bir səhvə yol verilmir. Hüceyrələr də embrion daxilində gedəcəkləri yerə qədər uzun səyahət həyata keçirir və bu səyahət zamanı da xüsusi yoldan istifadə edirlər. Gedəcəkləri yerə çatdıqda aid olduqları yeri tanıyıb burada dayanırlar. Yəni milyardlarla hüceyrə, yolları və gedəcəkləri yeri əvvəlcədən bilir, eyni zamanda yola çıxmağa və aid olduqları yerə çatdıqda da dayanmağa qərar verirlər. Bütün bunların nəticəsində də, məsələn, heç vaxt mədə hüceyrələri ilə qaraciyər hüceyrələri bir-birilərinə qarışmır. Mükəmməl işləyən daxili orqanlar, qollar, ayaqlar, yəni insan bədənindəki orqanlar qarışıb ət yığınına çevrilmirlər. Başlanğındakı kiçik ət parçası beləcə yavaş-yavaş insana çevrilir. Allah bir ayədə belə buyurur:
... Bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək... (Həcc surəsi, 5)
Bütün bu proseslər zamanı ən kiçik bir qarışıqlıq və ya nizamsızlıq baş vermir. Bu prosesdə köç edən hüceyrələrin və çatdıqları yerdə birləşəcəkləri hüceyrələrin bir-birilərini tanımasından söhbət gedir. Məsələn, sinir sistemi inkişaf edərkən milyardlarla neyronun (sinir hüceyrəsi) bir-biriləri ilə əlaqə qurması üçün öz cütlüklərini axtardıqları müşahidə edilmişdir. Sinir hüceyrələri öz cütlərini tapır və lazımi orqanın son formasını və quruluşunu meydana gətirmək üçün möhtəşəm mühəndislik dizaynı ilə birləşirlər. Məsələn, beyin hüceyrələri aralarındakı lazımi məlumat ötürücülüyünü təmin edən təqribən 120 trilyon elektrik əlaqəsi qururlar. Bu qeyri-adi elektron təchizatda bircə əlaqə səhvi və ya qısa qapanmanın nələrə səbəb olacağını təxmin etmək çox da çətin deyil.

Trilyonlarla hüceyrənin bir-birilərinə uyğun şəkildə hərəkət etdiklərini və qüsursuz hesablama və planla öz cütlərini tapdıqlarını qeyd etdik. Halbuki heç bir şəkildə düşünmə, plan qurma, yolunu tapma kimi bacarıqları olmayan hüceyrənin belə bir qarışıqlığın içindən təkbaşına çıxması və yolunu tapıb doğru yerə çatması mümkün deyil. Aydındır ki, bütün hüceyrələrə yolunu göstərən, lazımi yerə çatdıran, hər şeyi nəzarəti və hakimiyyəti altında saxlayan bir güc olmalıdır. Bu, aləmlərin Rəbbi olan Allahın sonsuz gücüdür. Mərhəməti ilə hüceyrələri yoxdan yaradır, sonra isə hər birinə lazımi yerə getmələrini ilham edir. Buna görə də hüceyrənin yolunu səhv salması, azması, yalnış yerə getməsi və ya öz cütünü səhv salmasından söhbət gedə bilməz. İnsan Allahın sonsuz mərhəməti sayəsində qüsursuz şəkildə var olmuşdur və həyatı boyunca da Allahın qoruması ilə həyatını davam etdirir.

Spermadan körpəyə çevrilən yeni insanın qidalanması da möcüzəvidir. Körpə üçün xüsusi olaraq hazırlanan və nə ananın, nə də başqasının hazırlamadığı ana südü mümkün olan ən gözəl qidadır. Ana südü tərkibindəki maddələr sayəsində yeni doğulan körpə üçün həm mükəmməl qida mənbəyi, həm də onun və ananın xəstəliklərə qarşı müqavimətini artıran maddədir. Həkimlər süni hazırlanan uşaq qidalarının yalnızca südün kifayət qədər olmadığı zaman istifadə olunması, körpənin xüsusilə ilk aylarda mütləq ana südü ilə qidalanması mövzusunda həmfikirdirlər. Ana südünün ən qəribə xüsusiyyəti odur ki, körpənin inkişaf dövrlərinə əsasən tərkibi dəyişir. Südün enerji dəyəri və qida balansı körpənin tez və vaxtında doğulmasına görə də fərqli olur. Körpə erkən doğulmuşsa, ana südünün tərkibindəki yağ və zülal miqdarı normal yetişkin körpədəkindən daha çoxdur. Çünki erkən doğulan körpənin yüksək enerjiyə ehtiyacı var. Ona lazım olan müdafiə sistemi işçiləri, yəni antitellər və müdafiə hüceyrələri ana südünün tərkibində körpəyə hazır formada verilir. Sanki muzdlu əsgərlər kimi aid olduqları bədəni müdafiə edir və körpəni düşmənlərindən qoruyur. Bu çox böyük möcüzədir. Necə olur ki, orqanizm körpənin dünyaya nə vaxt gələcəyini bilib, ona əsasən istehsal həyata keçirir. Aydındır ki, bu qərarı orqanizm vermir. Allah 9 ay ərzində etibarlı yerdə qoruduğu körpəni, doğumundan sonra da ən gözəl şəkildə qoruyur və hər cür mühiti rahat şəkildə hazırlayır. Bu, Allahın mərhəmətinin insan üzərindəki təzahürlərindən yalnızca biridir.

Ana südü antibakterialdır. Otaq temperaturunda altı saat saxlanılan südlərdə bakteriyalar inkişaf edərək südü korlayır. Lakin eyni zaman dilimində ana südündə bakteriya yaranmır. Körpəni damar sərtliyindən qoruyur. Qısa müddətdə həzm edilir. Məlumdur ki, müasir laboratoriyalarda qida mütəxəssisləri tərəfindən hazırlanan uşaq qidalarının heç biri ana südü qədər faydalı deyil. Bu uşaq qidalarından daha üstün olan ana südünün laboratoriyada deyil, insan bədənində və ananın xəbəri olmadan kimin tərəfindən istehsal edildiyi sualının cavabı nədir? Aydındır ki, ana südünü o südə ehtiyacı olan körpəni yaradan Allah var etmişdir. Sonsuz mərhəməti ilə qullarının vəlisi olan Rəbbimiz, insana doğulduğu andan etibarən ən gözəl ruzilər bəxş edir.

Yeni doğulan körpənin kəllə sümüyü çox yumşaq olur. Bu sümüklər bir-birilərinin üzərində az da olsa hərəkət edə bilirlər. Bu elastiklik sayəsində körpənin başı doğum əsnasında heç bir zədə almır. Əgər kəllə sümüyü doğuş zamanı sərt olsa, ananın bətnindən çıxarkən çatlaya bilər, hətta sınaraq körpənin beyninə böyük xəsarətlər yetirərdi.

Allah insanı müəyyən nizamla yaratmışdır. İnsan təbiətdəki ən mükəmməl, ən qarışıq və ən qeyri-adi sistemlərə sahib olan canlılardan biridir. İnsan bədəni orta hesabla 60-70 kiloluq ət və sümükdən ibarətdir. Məlumdur ki, ət təbiətdəki ən dözümsüz maddədir. Bir neçə saat açıq qaldıqda korlanır, bir-iki gün ərzində qurdlanır və pis qoxu verməyə başlayır. Bu maddə insan bədəninin böyük hissəsini təşkil edir. Lakin onu qidalandıran qan dövranı və xaricdən qoruyan dəri sayəsində 70-80 il ərzində xarab olmadan və çürümədən qalır. Bu, Allahın insan üzərində qorumasıdır. İnsan Allahın qoruması olmadan həyatını bir an belə olsun davam etdirə bilməz.

Ana bətnindəki dölün simmetrik şəkildə böyüməsi də Allahın mərhəmət və şəfqətinin çox gözəl dəlilidir. Hər bir orqanın özü üçün müəyyən edilmiş ölçüsü var. Bu ölçüyə əksiklik və ya artıqlıq olmadan çatmaq üçün inkişafın müddəti çox yaxşı tənzimlənməlidir. Əl, ayaq, qulaq, göz kimi bütün cüt orqanlar eyni anda formalaşmalı, inkişafları eyni anda dayanmalı və bu zaman da eyni böyüklüyə çatmalıdırlar. Eyni formada əmələ gələn orqanların simmetrik olması da hüceyrələrin bərabər şəkildə və doğru zamanda hərəkət etmələri nəticəsində baş verir. Orqanların eyni vaxtda böyüməsinin nə qədər böyük və həyati möcüzə olduğu, hadisənin əksini düşündükdə daha yaxşı aydın olur. Orqanların fərqli sürətlə və bir-biriləri ilə əlaqəsiz şəkildə böyüdüklərini düşünək. Olacaqları xəyalınıza gətirə bilərsinizmi? Məsələn, beyinin onu əhatə edən kəllə sümüyündən daha sürətli böyüdüyünü düşünün. Həcmi lazımi qədər inkişaf etməyən kəllə sümüyü beynin sıxılaraq əzilməsinə, nəticədə də körpənin qısa zamanda ölümünə səbəb olardı. Yaxud dəri bədənə nisbətən yavaş inkişaf etsə, sürətlə böyüyən skelet və bədən üzvləri dərini əvvəlcə gərib, bir müddət sonra isə yırtaraq böyüməyə davam edərdi. Nəticədə ortaya qəribə görüntünün çıxması ilə yanaşı, körpə də yaşamayacaqdı. Bu mövzu ilə bağlı hüceyrə membranı ilə hüceyrə orqanoidlərinin nizamlı inkişafından, skeletlə daxili orqanlar arasındakı müvafiq böyüməyə qədər bir çox nümunələr verə bilərik. Bunların əmələ gəlməsi və bizim dünyaya düzgün insan formasında göz açmağımızın yeganə səbəbi Allahın sonsuz mərhəməti, şəfqəti və qulları üzərindəki qorumasıdır. Lakin bütün bu həqiqətlərə baxmayaraq, bəzi insanlar onlara həyat verənin beyin, hüceyrələr və ya qan olduğunu düşünürlər. Halbuki şüursuz hüceyrələrin insana can verməsi mümkün deyil. İnsanı yoxdan var edən, can bağışlayan, sağlamlıq verən və yaşadan Allahdır. Allah Muhyidir (can verən). Allah “Yunis” surəsindəki bir ayədə “O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.”(Yunis surəsi, 56)deyə buyurur. Bir varlığa can vermək, onu yoxdan yaratmaq və onun həyatını davam etdirə biləcəyi şəkildə dünya mühitini nizamlamaq yalnızca sonsuz güc sahibi olan Allaha məxsusdur. Allah 9 ay ərzində görən və eşidən bir insanı yoxdan yaradır. Ona can verir. Aydındır ki, bir canlı yaranarkən baş verən bu möcüzəvi prosesləri yumurta ilə sperma edə bilməz. Onları birləşdirən və ana bətnində körpəni doqquz ay ərzində qoruyaraq böyüdən yalnız Allahdır.

Allahın sonsuz mərhəməti ilə yaratdığı qüsursuz insan bədənində hormon sistemi çox əhəmiyyətli yer tutur. Hormon sistemi sinir sistemi ilə birlikdə bədən hüceyrələrinin koordinasiyasını təmin edir. Bu sistemləri araşdırdıqda daha da aydın olur ki, insanın öz bədəni üzərində heç bir hakimiyyəti yoxdur, bütün bədəni onun həqiqi sahibi olan Allahın nəzarətindədir. İnsan bədənindən istifadə edərək yeriyə, danışa və ya əllərini qaldıraraq bir iş görə bilər. Lakin bədənin dərinliklərində minlərlə kimyəvi və fiziki proses insanın bilgisindən və iradəsindən kənarda baş verir. Məsələn, insan öz boyunun uzunluğu və ya orqanlarının böyüklüyü ilə bağlı qərarlar verə bilməz. Bunları Allahın ilhamı ilə yerinə yetirən, hipofiz vəzi tərəfindən ifraz edilən böyümə hormonudur. Böyümə prosesi iki müxtəlif şəkildə baş verir. Bəzi hüceyrələr həcmlərini artırır, bəziləri isə bölünərək çoxalırlar. Böyümə hormonu bütün bədən hüceyrələrinə təsir edir. Hər bir hüceyrə hipofiz vəzindən ona gələn mesajın mənasını bilir. Əgər böyüməlidirsə böyüyür, bölünərək çoxalmalıdırsa, bölünür və çoxalır. Məsələn, yeni doğulmuş körpənin ürəyi yetkin halından 16 dəfə kiçikdir. Buna baxmayaraq, ümumi hüceyrə sayı eynidir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə yenidən təsir edir. Hər bir hüceyrə böyümə hormonunun ona əmr etdiyi qədər inkişaf edir. Beləcə ürək də böyüyərək yetkin insan ürəyinə çevrilir. Bədəndə olan digər hüceyrələr də, məsələn, əzələ və sümük hüceyrələri, inkişaf dövründə bölünərək çoxalırlar. Bu hüceyrələrə nə qədər bölünəcəklərini bildirən yenə də böyümə hormonudur. Bu çox möcüzəvi prosesdir. Çünki hipofiz adlı noxud böyüklüyündəki ət parçası bədəndə olan bütün hüceyrələrə hökm edir və bu hüceyrələrin həcminin genişlənərək və ya bölünərək böyümələrini təmin edir. Bu qüsursuz nizam bir daha bizə Allahın yaratmasındakı mükəmməlliyi göstərir. Kiçik hissədəki hüceyrələr trilyonlarla hüceyrənin nizamla bölünmələrini və böyümələrini təmin edir. Halbuki bu hüceyrələrin insan bədənini kənardan görməsi, bədənin nə qədər böyüməsini və hansı həddə çatdıqda dayanacağını bilməsi mümkün deyil. Bu şüursuz hüceyrələr bədənin qaranlıqlarında nə etdiklərini belə bilmədən böyümə hormonu ifraz edir və dayanmalı olduqlarında da dayanırlar. Allah elə bir sistem yaratmışdır ki, böyümənin və bu hormonun ifraz edilməsinin hər mərhələsi nəzarət altındadır. Bu da insan bədəninin yaradılışındakı elm və qüdrəti bir daha sübut edir. Sonsuz kərəm sahibi olan Rəbbimizi daha dərindən düşünməyimizə və ona səmimi qəlbdən üz tutub şükür etməyimizə səbəb olur.

Böyümə hormonunun bütün bədən hüceyrələrinə təsir etməsi də çox böyük möcüzədir. Əgər bəzi hüceyrələr böyümə hormonuna itaət edib, digərləri isə qarşı çıxsa, böyük qarışıqlıq baş verərdi. Məsələn, ürək hüceyrələri böyümə hormonunun əmr etdiyi kimi böyüdüyü halda, döş qəfəsi hüceyrələri çoxalmağı və böyüməyi rədd etsələr nə baş verərdi? Böyüyən ürək kiçik döş qəfəsi içində sıxılar və nəticə də ölüm olardı. Ya da burun sümüyü böyüyərkən, burun dərisi böyüməni dayandırsa, burun sümüyü dərini yırtaraq çölə çıxardı. Əzələlərin, sümüklərin, dərinin və orqanların bir-birilərinə uyğun şəkildə böyümələri hər bir hüceyrənin tək-tək böyümə hormonuna itaət etməsi sayəsində qüsursuz şəkildə təmin edilir. Böyümə hormonu sümüklərin ucundakı qığırdaq toxumasının inkişafı üçün də əmr verir. Bu qığırdaq yeni doğulan körpənin qəlibi kimidir. O böyümədikcə körpə də böyüyə bilməz. Buradakı hüceyrələr sümükləri uzununa böyüdürlər. Bəs bu hüceyrələr sümüklərin uzununa böyüməli olduğunu haradan bilirlər? Əgər bu sümük yana doğru böyüsə, ayaq uzanmayacaq, hətta ayaq sümüyü burada dərini yırtaraq çölə çıxacaqdı. Lakin hər şey planlanmış və bu plan hər bir hüceyrənin nüvəsinə yerləşdirilmişdir. Beləcə sümüklər uzununa böyüyür. Bu, Allahın insan bədəninin inkişafı əsnasında var etdiyi milyardlarla möcüzəvi prosesdən yalnızca biridir.

Böyümə hormonunda müşahidə edilən digər möcüzə də hormonun ifraz edildiyi dövr və miqdarıdır. Böyümə hormonu tam lazımi miqdarda və əsasən də böyümə dövründə ifraz edilir. Bu çox vacib möcüzədir. Çünki ehtiyacdan az və ya çox hormon ifraz edilərsə, çox təhlükəli nəticələr ortaya çıxardı. Əgər böyümə hormonu az ifraz edilərsə, cırtdanlığa, çox ifraz edilərsə giqantlığa səbəb olar. Məhz buna görə də böyümə hormonunun miqdarını nizamlayan çox xüsusi sistem yaradılmışdır. Bu sistem sayəsində qanda lazım olandan artıq böyümə hormonu olduqda bu hormonun ifrazı yavaşıyır. Bəs hüceyrələr haradan bilirlər ki, qanda nə qədər böyümə hormonu olmalıdır? Necə olur ki, qandakı böyümə hormonunun miqdarını ölçür və vəziyyətə uyğun qərar qəbul edir? Böyümə hormonu yalnız inkişaf dövründə deyil, yetkin dövrlərdə də ifraz edilir. Bu halda yetkin insanlar da böyüməli və uzanmalı, insanlar nəhəng varlıqlara çevrilməli idilər. Lakin belə bir şey baş vermir. İnsan müəyyən böyüklüyə çatdıqdan sonra hüceyrələr bölünməyə və böyüməyə davam etmirlər. Alimlər hüceyrələrin nə üçün bu prosesləri dayandırdıqlarını hələ də bilmirlər. Bununla bağlı məlum olan yeganə həqiqət budur ki, hüceyrələr çox xüsusi sistem sayəsində vaxt çatdıqda böyüməməyə və bölünməməyə proqramlanmışlar. Buna görə də insan bu qüsursuz proqramlanmanı edən gücü düşünməlidir. Bu güc dilədiyini ən kiçik incəlikləri ilə nizamlayan uca Allahdır.

Əllərinizin, gözlərinizin və burnunuzun düzgün formalaşmasını hüceyrələriniz təmin edir. Siz hələ ana bətnində ikən işə başlayan hüceyrələriniz estetika mütəxəssisindən daha yaxşı işləyərək sizi formalaşdırırlar. Onlar hər hansı artıqlıq və ya əksiklik olmadan hər bir orqanınızı qüsursuz şəkildə formalaşdırırlar. Məsələn, neçə barmağınızın olacağını, uzunluqlarını və formalarını tam lazımi kimi hesablayırlar. Bu çox heyranedici və təsirli prosesdir. Hüceyrələriniz orqanlarınızı əmələ gətirərkən bədəninizin hər millimetrində müvəffəqiyyət əldə edirlər. Məsələn, yalnızca gözün 40 müxtəlif hissəsi var. Gözün öz funksiyalarını yerinə yetirə bilməsi üçün bütün hissələrdə simmetrik böyümə, aralarındakı əlaqə mühkəm və hər biri öz yerində olmalıdır. Əks halda göz görə bilməz. Embrion 4 həftəlik olduqda başının hər iki tərəfində oyuq əmələ gəlir. 6-cı həftədə bu oyuğu əmələ gətirən hüceyrələr möhtəşəm plan əsasında hərəkət etməyə başlayırlar. Bəzi hüceyrələr buynuz qişanı, bəziləri göz bəbəyini, bəziləri də mərcəyi əmələ gətirirlər. Hər bir hüceyrə inşa etdiyi hissənin son həddinə çatdıqda dayanır. Hər biri ayrı hissəni əmələ gətirir, sonra mükəmməl formada birləşirlər. Göz bəbəyi yerinə başqa təbəqə əmələ gəlmir, hər şey yerli yerindədir. Bu proseslər aylarla davam edir və ortaya çox estetik və funksional gözlər çıxır. Embrionu əmələ gətirən hüceyrələrin hər birinin bədənin əsas planından da xəbəri var. Sanki razılaşmışlar kimi, bir-birilərindən fərqli xüsusiyyətlərə sahib quruluşlar əmələ gətirirlər. Hüceyrələrə kodlanmış bu möhtəşəm planı Allah yaradır. Hüceyrələrə nə edəcəklərini ilham edərək bu planın qüsursuzca işləməsini təmin edən də Allahdır. Allah Quranda insanın surətini ana bətnində ikən verdiyini bildirərək qullarına mərhəmətini xatırladır. Bu ayələrdən bəziləri belədir:
Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 6)
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır... (Həşr surəsi, 24)
Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.
(Qiyamət surəsi, 37-38)