İslamın asanlıq dini olması Allahın rəhmətidir

İman gətirənlər bütün həyatlarını Rəhman və Rəhim olan Rəbbimizin ayələrdə buyurduğu şəkildə keçirirlər. Evdə, işdə, küçədə, harda olsalar, həmişə Allahın bəyəndiyi əxlaqı göstərir, bəyənmədiyi davranışlardan, əməllərdən uzaqlaşırlar. Ancaq Rəbbimizdən bir lütf olaraq İslam dini insanlara çox asan, çox gözəl və çox rahat həyat təqdim edir. Ayələri oxuduqda İslamın hökmlərinin çox asan olduğunu görürük. Bu müjdə bizlərə “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilib.

Bütün dövrlərdə göndərilən dinlərdə hökmlər asan olub. Tarix boyu dinin əslini dəyişdirmək istəyən və dinin yaşanılmasına mane olmaq üçün müxtəlif yollara müraciət edən insanlar dinə bir çox xurafat qatmağa çalışıblar. Öz uydurduqları xurafatlara görə qəsdən, ya da bilmədən insanların din əxlaqından uzaqlaşmasına səbəb olublar. Bunların ən təhlükəlilərindən biri isə din əxlaqını yaşamağın çətin olduğuna dair yanlış inancdır. Halbuki Allahın Quranda bildirdikləri və Peyğəmbərimizin (səv) sünnəti bizə dinin yaşanılmasının səmimi insanlar üçün çox asan olduğunu öyrədir.

Allah insanı kainatdakı hər şey kimi yoxdan yaradıb. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah dini də insanın yaradılışına uyğun yaradıb. Allah ayədə insanın dinlə fitrətinə (yaradılışına) ən uyğun olana çağırdığını belə xəbər verir:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir. (Rum surəsi, 30)
Quran hər yaşdan və hər mədəniyyətdən insanın anlayacağı açıq-aşkar öyüddür. Bu əsassız fikirlərin ən böyük səbəblərindən biri bilgisizlikdir. Dövrümüzdə insanların bir qismi Quran ayələrində bildirilən gerçəklərdən, axirət həyatının varlığından, cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı öyüdlərindən xəbərsiz yaşayırlar. Halbuki Quran insanların oxuması, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənməsi üçün endirilib. Belə ki, Quranda “Və Quranı oxumaqla da (əmr olundum)…” (Nəml surəsi, 92) şəklində buyurulur. Quranı oxumaq və hər zaman ona tabe olmaq müsəlmanın ən əhəmiyyətli vəzifəsidir. Quran açıq-aşkardır və hər oxuyan dərk edə bilər. Ancaq sadəcə Allahın hidayət etdiyi insanlar Quran əxlaqını bütün həyatlarına tətbiq edirlər. Allah könüldən Özünə yönələn səmimi qullarına hidayət nəsib edəcəyini bildirib. İnsanların Quran ayələrini anlamayacağı yalanını uyduranlar isə bir çox insanın onu oxuyub Allaha yönəlməsinə, İslam əxlaqına uyğun yaşamasına əngəl olurlar. Halbuki Allah ayələrinin çox açıq və anlaşıqlı olduğunu Quranın bir çox ayəsində bildirir:
Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)
Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. (Nisa surəsi, 174)
Allahın insanlar üçün seçib bəyəndiyi İslam dini açıq-aşkar olmaqla yanaşı, Quran ayələrindəki hökmlər də çox asandır. Allah ayələrdə Quran haqqında belə buyurur:
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). (Taha surəsi, 2-3)
Quran əxlaqı insan fitrətinə uyğun olan tək həyat tərzidir. İnsanı yoxdan yaradan Allah onun nələrə ehtiyac duyacağını, hansı ibadətləri tətbiq etməyə gücünün çatacağını, necə sağlam, rahat və xoşbəxt olacağını ən yaxşı biləndir. Bu səbəbdən Allah bir ayədə heç kimə gücü çatdığından artıq məsuliyyət yükləməyəcəyini bildirir:
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et! (Bəqərə surəsi, 286)
Allah sonsuz mərhəməti və şəfqəti ilə insanların rahat olacağı, hüzurlu və gözəl yaşayacağı həyatı Quranda ətraflı izah edib. Məsələn, insan fitrətən sevgidən, hörmətdən, şəfqət və mərhəmətdən zövq alan varlıqdır. Özünə həmişə belə davranılmasını istəyir. Zülmdən, əxlaqsızlıqlardan, pisliklərdən qaçır və bunlarla üzləşmək istəmir, ruhunda belə hisslər keçirməsini də Allah yaradır. Allah insanları bu fitrətdə yaradıb. Dolayısilə İslam əxlaqına uyğun həyat tərzi insanın hər cəhətdən zövq alacağı həyatdır. Quranda bildirilən din əxlaqının insan üçün hər baxımdan çox asan olduğu bəzi ayələrdə belə bildirilir:
İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq. (Kəhf surəsi, 88)
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq... (Qamər surəsi, 17)
... O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı... (Həcc surəsi, 78)
Həmçinin Peyğəmbərimizin (səv) sünnətinin xüsusiyyətlərindən biri də çox asan olmasıdır. Quranı özünə rəhbər tutan Rəsulullah (səv) qövmünə “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin” deyə nəsihət edib.

Dini əslində olduğu kimi asan göstərmək, insanların qəlbini Qurana və İslam əxlaqına isindirmək, onlara Quranı və Peyğəmbərin (səv) sünnətini öyrədib həyatlarının tək yol göstəricisi etmək hər müsəlmanın üzərinə düşən vacib öhdəlikdir. Bu gerçəyi bilməyən bəzi insanlar isə Quran əxlaqının sərhədləri aradan qalxdıqda daha rahat, məsələn, əxlaqi dəyərlərə əhəmiyyət vermədikdə azad yaşayacaqlarını düşünürlər. Ya da din əxlaqının həyatlarını çətinləşdirəcəyini düşünürlər. Halbuki bütün bunlar insanların etdikləri böyük xətalardır və şeytanın təlqinidir. Çünki Allahın bildirdiyi din əxlaqını yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək çox asandır. Əsas çətin olan isə Quran əxlaqı yaşanılmayan cəmiyyətdə yaşamaqdır.

Belə yaşamaq çox pis nəticələnir. Əvvəla din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə daima xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress var. Allahdan qorxmayan insan hər cür əxlaqsızlıq edər, heç bir şeydə sərhəd gözləməz. Bu şəkildə qarışıq həyat sürər. Belə həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərməz, sevgi və hörməti göstəriş olmasa, etməzlər. Maddi və mənəvi dəstəkləri olmaz. Buna görə də Allahın bildirdiyindən başqa həyat tərzi heç vaxt, heç kimə xoşbəxtlik gətirməz.

Məsələn, dövrümüzdə tez-tez qarşılaşdığımız hadisələrdən olan narkotik maddə istifadəsinin və satışının yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın qarşısıalınmaz vəziyyətə gəlməsi din əxlaqından və dolayısilə mənəvi dəyərlərdən uzaqlaşıldığına görədir. Belə yaşamaqla azad olduqlarını düşünürlər, halbuki azadlığın bu olduğunu zənn edərək maddi mənəvi böhran yaşayırlar.

Quran əxlaqı yaşanmadıqda insan üçün narahat və şeytanın istədiyi kimi cəhənnəmə bənzər mühit yaranır.

Düşünün ki, fahişəlikdən, narkotikdən, ya da spirtli içkidən xəstə olmuş, bədəni yaşına nisbətən daha qocalmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, səfil həyat keçirən insanların qazancı nə ola bilər? Həqiqətən də özbaşınalıq, əxlaqsızlıq və sonunun yoxluq olduğu zənn edilən həyat yaşamaq istisnasız hər insanda fiziki və ruhi təxribat yaradar. Çünki Allah Quranda“… Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır”(Rad surəsi, 28)deyə bildirir. İnsanlara rahatlığı verən sadəcə Allahdır, bundan başqa yolla rahatlıq tapmaq mümkün deyil.

Həmçinin belələri Allahın əmrlərindən uzaqlaşdığı üçün çox peşman olacaq, çətinliyin, sıxıntının ən çox yaşanılacağı axirət həyatı ilə qarşılaşacaqlar. Vicdanına uymanlar, ya da iman gətirməyib Quran əxlaqından uzaq yaşamağı gözəl görənlər dünyada da axirətdə də çətinliklə qarşılaşacaqlar. Allah bir ayədə belə deyir:
... Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar... (Talaq surəsi, 1)
Allaha könüldən təslim olan, qorxub çəkinən və dinin hökmlərini əksiksiz yerinə gətirən insanlar isə həm dünyada, həm də axirətdə qazanclıdır. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdani rahatlığını yaşayırlar. Allah Onun razılığını axtaran şəxsləri və sərhədlərini qoruyanları bir ayəsində belə müjdələyir:
Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)
Dini anlamayan insanlar Quranda bildirilən hökmlər barədə həddi aşmağa meyillidir. Allahın haram etmədiyini haram kimi göstərməyi bu insanlar üstünlük zənn edirlər. Allah iman gətirənləri bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata varanların doğru yoldan uzaqlaşdıqlarını Quranda bildirmişdir:
De: Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın. (Maidə surəsi, 77)
Allah bir ayədə hz. İsadan sonra İsəviliyi əslindən uzaqlaşdıran xristianların vəziyyətini belə bildirir:
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Yuxarıdakı ayədə də bildirildiyi kimi, bu insanlar öz qoyduqları bu qaydalara da lazımınca riayət etmirlər. Halbuki insane Allahın əmrlərini yerinə yetirməli və qadağan etdiklərindən də çəkinməlidir. Allah hər şeyi insanlar üçün asanlaşdırdığı halda dini çətin göstərməyə çalışanlar axirətdə bunun hesabını necə verəcəklərindən qorxmalıdırlar. Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbərimizin (səv) həyatı və etdikləri bizə ən gözəl nümunədir.

Bir hədisində Peyğəmbərimiz möminlərə Allahın qoyduğu hədləri aşmamağı xatırladıb və din əxlaqını yaşamağın asan olduğunu bildirib:

“Din asandır. Heç kim dinə qarşı şədid ola bilməz. Çünki dinə məğlub olar. (Yəni dinin asanlığı ilə ayaqlaşmalıdır. Möhkəm tutum deyən aciz qalar) Özünüzü doğruldun, (hüduda) yaxın olun”.

İnsanlar dini Peyğəmbərimizin (səv) yuxarıdakı hədisində bildirdiyi şəkildə qiymətləndirməlidirlər. Yəni Allahın mərhəmətli davranıb asanlaşdırdığı hökmlərin insanlar tərəfindən çətinləşdirilməsi yanlışdır. Allah asanlıq yaradıb. Bu üstün kərəm sahibi olan Rəbbimizin qullarına olan sonsuz sevgisinin, şəfqətinin, lütfünün dəlilidir.