Rəhman və Rəhim olan Allah heç kimə daşıyacağından artıq yük yükləməz

Yer üzündəki hər insanın ağlı, zəkası, şəraiti və fiziki gücü bir-birindən fərqlidir. Bütün kainatı yoxdan yaradan Rəbbimiz insanlara bir-birindən fərqli qabiliyyətlər verib. Bu səbəbdən də iradə, dözümlülük baxımından insanlar fərqlənir. Allah dünya həyatındakı imtahanı da hər insana uyğun olaraq fərqli yaradıb. Hər kəs fərqli şəkildə, müxtəlif hadisələrlə sınanır. Ancaq bu barədə düşünülməli olan çox vacib bir nüans var: “insanın qarşılaşdığı hadisələr o anda nə qədər çətin görünsə də, əslində hər biri o insanın səbir edəcəyi şiddətdədir”. Çünki bütün insanları yoxdan yaradan Rəbbimiz hər insanın nəyə nə qədər səbir edəcəyini ən yaxşı biləndir. Sonsuz mərhəmətli Rəbbimiz insana gücündən artığını yükləməz. Bu Allahın vədidir, Rəhman və Rəhim isimlərinin təzahürüdür. Ayələrdə belə buyurulur.

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 62)
İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.
(Əraf surəsi, 42)
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir... (Bəqərə surəsi, 286)
Bəzi insanlar dünyada yoxsul yaşayır və yoxluq içində nə qədər səbirli olduğu sınanır. Bəziləri isə zəngin və bolluq içində yaşayır və belə yaşayışda nə qədər şükürlü, nə qədər gözəl əxlaqlı olduğu ilə sınanır, dünya həyatına hərisliklə bağlanıb-bağlanmadığı ilə imtahan olunur. Ancaq nəticədə zəngin də, kasıb da özü və axirəti üçün ən xeyirli nədirsə, onu yaşayır.

Kasıb nə qədər yoxluq içində yaşasa da, qaldıra biləcək gücdədir, zəngin də nə qədər bolluq içində olsa da, bu onun nankor, lovğa olması üçün əsas deyil. Nəticədə hər ikisi də onlara verilənlərlə imtahan edilirlər. Ya Allaha olan bağlılıqları, hesab gününün qorxusu onların Quran əxlaqını yaşamalarına səbəb olacaq, ya da nankorluq edib Allahın razılığını qazanmaqdan məhrum olacaqlar.

Allahdan qorxan insan qarşılaşdığı hər hadisədə daima Ona yönələr, Ondan yardım diləyər, sadəcə Rəbbimizin razılığını axtarar. Heç vaxt çətinlik qarşısında acizlik göstərməz, yaşadığı hadisə nə qədər şiddətli olsa da, Quran əxlaqından uzaqlaşmaz. Allaha olan güvəni, təslimiyyəti sayəsində bütün çətinlikləri Rəbbimizin rəhməti kimi qiymətləndirər. Allah sonsuz şəfqətinin və mərhəmətinin göstəricisi kimi Özünə ixlasla yönələn bu səmimi möminlərə ən çətin görünən hadisələri də asanlaşdırır.

“İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq” (Kəhf surəsi, 88) ayəsində də bu gerçək bizlərə bildirilib. Allah başqa ayədə belə buyurur:
Kim (haqqını) verir və (Allahdan) qorxursa və ən gözəl olanı təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. (Leyl surəsi, 5-7)
Allaha sığınıb güvənməyənlərə isə asan olan hadisələr də çətin gəlir. Allah bu nankorluqlarına qarşılıq olaraq onlara dünya həyatında davamlı çətinlik verir:
Kim də xəsislik edərək (Rəbbinə) ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir. (Leyl surəsi, 8-12)
Hər insan dünya həyatında xəstəlik, qəza, maddi və mənəvi sıxıntılarla sınanır. Bəzi insanlar belə hadisələr baş verdikdə çıxış yollarının qalmadığını, hər şeyin bitdiyini, keçə bilmədikləri çətinliklə üzləşdiklərini düşünməklə yanılırlar. Hər hadisədə xeyir olduğunu unudaraq üsyankar davranırlar. Ancaq bunlar əslində sadəcə şeytanın verdiyi boş vəsvəsələrdir. Səmimi mömin bilməlidir ki, qarşılaşdığı hadisə nə olursa-olsun, mütləq gözəl əxlaq göstərəcəyi və səbirli olacağı vəziyyətlə üzləşib. Ümidsizliyə qapılmaq isə şeytandan gələn vəsvəsədir. Belə ki, Allah qullarına Öz rəhmətindən ümid kəsməməyi belə əmr edir:
Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyinə də onu) azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır. (Qullarıma mənim bu sözümü) de: Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir! Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. (Zumər surəsi, 52-54)
Allahın yuxarıdakı ayələrdə bildirdiyi əmrinə tabe olan və müsbət düşünən insan ayələrdə bildirildiyi kimi, xeyirlə qarşılaşır, ümidini üzən isə yalnız və köməksiz qalır. Allah Öz rəhmətindən ümid kəsənlərin inkarçı oluğunu ayələrədə belə bildirir:
Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır. (Ənkəbut surəsi, 23)
… Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər. (Yusuf surəsi, 87)
Quran əxlaqından xəbərsiz insanların əsas xüsusiyyətlərindən biri də onlara yaxşılıq edildikdə, yaxud da rahat yaşadıqda bunu özlərindən bilmələri və lovğalanmaları, başlarına pis iş gəldikdə dərhal günahkar çıxaracaq birini axtarmalarıdır. Halbuki Allahın ədaləti sonsuzdur və hər pislik insanın özündən qaynaqlanır. Rəhman və Rəhim olan Allah qulları üçün xeyir diləyir, ancaq insanlar nəfslərinə uyaraq inkar yolunu hidayət yolundan üstün tuturlar. Ayədə belə buyurulur:
Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir…” (Nisa surəsi, 79)
Quranda inkarçıların azğın düşüncələrinə nümunələr verilib. Məsələn, Firon və ətrafındakıların başlarına bəla gəldikdə bunun səbəbi kimi hz. Musa və yanındakıları görür, ancaq əslində əsl uğursuz və pisliyin özləri olduğu “Əraf” surəsində belə xəbər verilir:
Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu (bunu) bilmir. (Əraf surəsi, 131)
Ayədə gördüyümüz kimi, din əxlaqından uzaq yaşayan insanlar hər vəziyyətdə günahkar çıxaracaq birini axtarırlar. Öz etdikləri mənfurluğu gözardı edir və yaxşı insanları günahlandırmağa çalışırlar. Halbuki Allah əsl pisliyin özləri olduğunu bildirir. Əgər bu insanlar yaxşını pis, xeyiri şər kimi qəbul edirsə, başlarına gələn hansısa çətinliyi fəlakət kimi düşünüb mənfi reaksiyalar verirsə, bunun tək günahkarları da elə özləridir. Çünki sonsuz rəhmli olan Rəbbimiz insana qaldıra bilməyəcəyi, gücünün çatdığından artıq və fitrətinə zidd məsuliyyət qətiyyən yükləməz.