Yaxşı işlər görənlərə gözəl qarşılıq və üstün mükafat var

Rəhməti qulları üzərində hüdudsuz olan Rəbbimiz bütün insanlara qarşı lütfkar və bağışlayandır. Allah bütün həyatlarını Özünün razı olacağı şəkildə keçirən, qorxub çəkinən, ayələri qüsursuz tətbiq edən və din əxlaqının yayılması üçün gecə-gündüz səy göstərən saleh qullarına həm dünyada, həm də axirətdə çox gözəl həyatla müjdə verir. Mömin hələ dünyada ikən cənnətdəkilərə bənzər nemətlərlə mükafatlandırılır. Quran ayələrində saleh əməllər edən təqva sahibləri çox fərqli gözəlliklərlə müjdələnir. Bunlardan biri dünya həyatında gözəl həyatdır:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Müttəqilərə: Allah nə nazil etmişdir?– deyildikdə, onlar: Xeyir (nazil etmişdir)!– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)
Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. (Nəhl surəsi, 120-122)
Ayələrdə bildirilən müjdənin başda peyğəmbərlər olmaqla, saleh möminlər üçün olduğunu Quran ayələrində görürük. Məsələn, Allahın Peyğəmbərimizi (səv) zəngin etdiyi “Kasıb olduğun zaman səni varlandırmadımı?” (Duha surəsi, 8) ayəsində bildirir. Həmçinin hz. Davuda, hz. Süleymana, hz.Zülqərneyn, hz. İbrahim və ailəsinə bu dünyada böyük mülk və imkan verdiyindən də ayələrdə bəhs edilir.

Həm mükafat və şövq qaynağı, həm də Rəbbimizin lütf və böyüklüyünün göstəricisi olaraq saleh qullarına dünyada nemət və gözəllik verməsi Allahın müjdəsidir. Necə ki, inkarçıların əbədi əzabı hələ bu dünyadan başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də özlərinə dünyadakı həyatlarında göstərilməyə başlanır.

Allahın saleh müsəlmanlar üzərindəki başqa bir neməti isə onların etdikləri pislikləri yaxşılıqlara çevirməsidir. Daha əvvəl də vurğuladığımız kimi insan asanlıqla səhv edə bilən varlıqdır. Yanıla bilər, bilmədən günaha girə bilər, yanlış edə bilər, ağzından pis söz çıxa bilər. Ancaq əhəmiyyətli olan bu səhvlərdən sonra tövbə etməsi və davranışlarını düzəltməsidir. Rəbbimiz belə saleh qullarına Quran ayələrində bu müjdəni verir:
Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verilmiş doğru vəddir. (Əhqaf surəsi, 16)
Ayədə bildirilən bu müjdə Rəbbimizin qulları üzərindəki sonsuz lütfünün təzahürüdür. Rəhman və Rəhim olan Allahın ayələrdə xəbər verdiyi başqa bir mükafat isə pisliklərin yaxşılıqlara çevrilməsidir. Ayələrdə belə bildirilir:
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar. (Furqan surəsi, 70-71)
İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Muhəmmədə nazil edilənə inananların isə (Allah) günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır. (Muhamməd surəsi, 2)
Mömin özünü yaradan Allaha iman gətirər, Onun əmr və qadağalarına tabe olar, Rəbbimizin insanlar üçün seçib bəyəndiyi din əxlaqını hər an yaşayar və ən əhəmiyyətlisi ölümündən sonrası üçün böyük ümid bəsləyər. İman gətirənlər dünyadakı həyatları boyunca hər cür ruhi çətinlik və kədərdən uzaqdırlar. Möminlər qədərə və hər şeyi edənin Allah olduğuna qəti olaraq inanırlar ve beləcə başlarına gələnlərə “... Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz...” (Tövbə surəsi, 51)ayəsinin hökmünə uyğun olaraq təvəkküllə yanaşarlar. Allahın rizasına tabe olar və Allahın Quranda bildirdiyi kimi,“…Allah bizə yetər. O nə gözəl Qoruyandır!...” (Ali İmran surəsi, 173) deyərlər.

Ancaq dünya sınaq yeri olduğundan, əlbəttə, möminin qarşısına müxtəlif çətinliklər çıxa bilər. İman gətirən biri müəyyən dövrlərdə aclıq, xəstəlik, yuxusuzluq, qəza, maddi itki kimi müxtəlif çətinliklərlə qarşılaşa bilər. Daha bir çox çətinlik və sınaqdan də keçirilə bilər. Mömin çətinliklərin imanının sınanması üçün xüsusi olaraq yaradıldığını anladığı, gözəl səbir və təvəkkül göstərdiyi təqdirdə bunların axirəti üçün savab qaynağı, yetkinləşməsi üçün böyük fürsət olduğunu bilir. Bu səbəbdən də bu çətinliklər qarşısında təvəkkül edər, dinclik, xoşbəxtlik və sevincindən heç bir şey itirməz. Bu çətinliklər onun ruhunda və qərarlılığında heç vaxt mənfi təsir yaratmaz. Hətta səbrinin və təvəkkülünün qarşılığını Allah qatında alacağını bildiyindən şövqü və həyəcanı daha da artar. İnkarçılar üçün bu tamamilə fərqlidir, bunun tam əksidir. Allahın ayələrini inkar edən biri dünya həyatında çəkdiyi müxtəlif fiziki ağrılarla yanaşı, ruhən də əzab çəkər. Qorxu, kədər, ümidsizlik, narahatlıq, pessimizm kimi mənfi duyğular onların cəhənnəmdə çəkəcəkləri əzabın bu dünyadakı kiçik başlanğıcıdır. Allah Haqq yoldan azan bu insanları bir ayədə belə təsvir edir:
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)
Allah Özündən içi titrəyərək qorxan, səhvlərinə və günahlarına görə bağışlanma diləyib tövbə edən saleh möminləri isə dünya həyatında da ən gözəl şəkildə mükafatlandıracağını müjdə verir. “Hud” surəsinin 3-cü ayəsində belə bildirilir:
Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki), mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)
Saleh işlər görənlər Allahın razılığına, rəhmətinə və cənnətinə qovuşmaq niyyəti ilə saleh əməllər edirlər. Tək istədikləri Allahın razı olacağı qul olmaqdır. Heç bir insanın razılığını, məmnuniyyətini axtarmazlar. Mövqe, etibar qazanmaq, dünyada üstünlük əldə etməyin mənasız olduğunun şuurundadırlar. Etdiklərini Allah qorxusu və Allah sevgisi ilə edər, Allahın insanın tək dostu və tək vəlisi olduğunu ağıllarından heç çıxarmazlar. Rəbbimiz Quran ayələrində saleh qullarını üstün, böyük və sonsuz nemətlərlə mükafatlandıracağını, onların mükafatlarını əskiksiz ödəyəcəyini, onlara mükafatlarını iki dəfə verəcəyini bildirir:
Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən (Allah) (yolunda) xərcləyirlər.
(Qəsəs surəsi, 53-54)
İman gətirib yaxşı əməl işlədənləri tükənməz nemətlər gözləyir.
(Fussilət surəsi, 8)
Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük mükafat hazırlamışdır.
(Əhzab surəsi, 29)
Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, (Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükrün əvəzini verəndir.
(Fatir surəsi, 29-30)
Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.
(Əhzab surəsi, 31)
Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)
Yuxarıdakı ayələrdən də Allah Öz razılığı üçün çalışan, saleh əməllər edən, din əxlaqının yayılması üçün səy göstərən qullarının bu səmimi cəhdlərinin qarşılığını verəcəyini vəd edib. Möminlərin ən böyük öhdəliyi heç şübhəsiz Allahın razılığıdır. Dünya həyatlarındakı tək məqsədləri Allahın məmnuniyyəti, rəhməti və cənnəti olan iman sahiblərinə həmçinin Allahdan bağışlanma və üstün mükafat da vəd edilib:
İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir. (Casiyə surəsi, 30)
Möminlər şərtlər nə olursa-olsun, daim Allaha güvənən, həmişə Ona yönəlib dönən, davamlı Onu razı salmağı düşünən və Quran əxlaqını davamlı yaşayan insanlar olduqlarından Allahın heç bitməyən rəhməti, fəzli və sevgisi həmişə onların üzərindədir. Allah onları heç bir zaman tək və köməksiz buraxmayacağını vəd edib. Allah Öz yolunda səmimi səy göstərən, heç bir şübhəyə qapılmadan mallarını və canlarını Allahın razılığını qazanmaq üçün sevə-sevə xərcləyən bu sadiq qullarını etdiklərinə gözəl qarşılıq olaraq içində sonsuza qədər qalacaqları, nemətlərlə dolu cənnətlərlə müjdələmişdir:
Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 64)
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. (Tövbə surəsi, 21)
Ayələrdən də göründüyü kimi, Allah möminləri Cənnətlə müjdələmiş, bütün saleh əməllərinin qəbul ediləcəyini və əldə edəcəkləri gözəlliklərin və xoşbəxtliyin çox yaxın olduğunu bildirmişdir. Allahın sonsuz rəhmət və sevgisinin hər zaman üzərində olduğunu bilmək, Allahın Cənnəti ilə mükafatlanmağı ümid etmək möminin qəlbinə fərahlıq və dinclik verir. Allah Quranda möminlərin həm də mələklər vasitəsi ilə müjdələnəcəyini bildirmişdir:
Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! (Fussilət surəsi, 30)
Allahın möminlərə verdiyi bu müjdə bir çox peyğəmbərlər üzərində də təzahür etmişdir. Məsələn, Allah hz. Süleymanın ayədə bildirilən “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.”(Sad surəsi, 35)duasını qəbul etmiş və ona dünyada böyük səltənət bəxş etmişdir. Quranın müxtəlif ayələrində bir çox peyğəmbərlərə də böyük mülk və imkan verildiyi bildirilmişdir. Allah Özündən bir mükafat və lütf olaraq Cənnətdə bəxş etdiyi nemət və gözəlliklə yanaşı, möminlərə dünyada da nemət verərək, onların Allaha olan yaxınlığını, Cənnətə qovuşma istəklərini və şövqlərini artırır. Allah bu dünyada möminlərin hər zaman xoşbəxt və arxayın yaşayacaqlarını, onları varislər edərək Quran əxlaqını hakim edəcəyini belə bildirmişdir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Bu, Allahın möminlərə verdiyi vəddir. Möminlər isə Allahın bənzərsiz lütfünün əvəzində Ona şükür etməli və hər zaman Onu zikr etməlidirlər. Allahın ayələrinə tabe olan, onlara verilən nəsihətlərə qulaq asan və axirətə hazırlaşan insanlar hər cür nöqsan və əksiklikdən təmizlənərək, Allahın izni ilə əbədi, gözəl həyat yaşayacaqlar. Bütün həyatı boyunca ona verilən nəsihətlərə əməl edən, xəbərdar edildikləri məsələlərdə təvazökarlıqla tabe olan və qorxub-çəkinərək hərəkət edən möminlər hesab günü də Allahın hüzuruna təmizlənib çıxacaqlar.

İnananlar üçün Allahın mərhəmətli və rəhmli sifətlərinin təzahürləri əbədi davam edəcək, bunun üçün də hər mömin sonsuza qədər Rəbbimizə həmd edəcəkdir. Allah ayələrdə iman gətirənlərə bu müjdəni belə bildirmişdir:
Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ! O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 17-18)
Allah digər ayələrdə də Ondan qorxub-çəkinən qullarının həmin gün Cənnətin qapısında necə gözəl qarşılanacağını belə müjdələyir:
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Zumər surəsi, 73-74)
Şübhəsiz ki, bir insana dünyada verilən ən böyük müjdə axirətdə Allahın əbədi razı olduğu qul olaraq həyat sürəcəyi, etdiyi gözəl əməllərin əvəzini görəcəyi və Cənnətin qapısında mələklər tərəfindən gözəl sözlərlə qarşılanacağıdır. Gözəl sözə tabe olan insanlara dünyada verilən müjdələr bunlardır. Möminlər dünyada vəd edildiyi kimi, ölüm anında da inkarçılardan fərqli olaraq, mələklər tərəfindən ən gözəl sözlərlə və müjdələrlə qarşılanacaq, canları gözəlliklə alınacaq və Cənnət həyatları başlayacaqdır:
O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 32)
Bütün bunlar Allahın dünyada təslim olmuş qullarına vəd etdikləridir. Şübhəsiz ki, Cənnətdə yaşanacaq sonsuz həyat gözəl davranan və gözəl sözə tabe olan insanlara Allahın bəxş etdiyi ən böyük mükafatlardandır. Allahın razılığı isə iman gətirənlər üçün hər şeydən daha üstündür.